Xəbərlər

  • 3 807

"DÇ-2018": İspaniya millisi İran yığmasını çətinliklə məğlub edib

image

İyunun 20-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VII gününün sonuncu görüşündə “B” qrupunda yer alan İran və İspaniya milliləri qarşılaşıblar. SİA xəbər verir ki, “Kazan Arena”da keçirilən oyunda İspaniya yığması minimal hesabla qalib gəlib. Oyunda yeganə qol matçın 54-ci dəqiqəsində vurulub. İspaniyalıların hücumu zamanı Dieqo Kosta adını tabloya yazdırıb - 1:0. Bu, Dieqo Kostanın mundialda üçüncü qolu olub.

Qoldan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan iranlılar bir neçə təhlükəli vəziyyət yaradıblar. Qarşılaşmanın 62-ci dəqiqəsində İran millisi standart vəziyyətdən qol vursa da, hakim VAR sistemindən istifadə edərək həmin epizodda oyundan kənar vəziyyətin olduğuna qərar verib və qolu hesaba almayıb. Komandaların cəhdlərinə baxmayaraq, oyunda əlavə qol olmayıb və İspaniya millisi dünya çempionatında ilk qələbəsini qazanıb.
“B” qrupunda ilk turda İspaniya - Portuqaliya görüşü heç-heçə (3:3) başa çatmış, İran isə Mərakeşi minimal hesabla məğlub etmişdi. İkinci turda Portuqaliya Mərakeşi, İspaniya isə İranı eyni hesabla (1:0) məğlubiyyətə uğratdıqlarından hər ikisinin 4 xalı olan Pireney təmsilçilərinin top fərqləri (4:3) də eynidir. Buna görə də bu qrupun lideri üçüncü turdan sonra müəyyənləşəcək.
İran millisi İspaniyaya məğlub olsa da, qrupdan çıxmaq şansını hələ də saxlayır. Bunun üçün iranlılar Portuqaliya yığmasına qalib gəlməlidirlər. İki görüşdə məğlub olan Mərakeş yığmasının növbəti mərhələyə yüksəlmək şansı qalmayıb.
İyunun 25-də keçiriləcək sonuncu turda “B” qrupunda İspaniya-Mərakeş, Portuqaliya-İran görüşləri oynanılacaq.

sia.az

Digər xəbərlər