Xəbərlər

  • 2 885

Lənkəranda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb

image

Ölkəmizdə tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği Azərbaycan dövlətinin əsas siyasi prioritetlərindəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir iyulun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfransda səsləndirilib.
İki gün davam edəcək regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Lənkəran şəhər təşkilatının fəalları, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Konfransda dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinə, milli mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələr aparılıb.
Toplantıda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəran rayonunda da dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, hazırda Lənkəran rayonunda fəaliyyət göstərən 83 məscidin 46-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınan dini icma fəaliyyət göstərir. Rayonda bütün vətəndaşların özlərinin adət-ənənələrini və dini ayinlərinin icrası üçün lazımi şərait yaradılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması istiqamətində görülən işlərdən danışaraq, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Ulu Öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu bu nümunəvi siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.
Dövlət Komitəsinin sədri hazırda Yaxın və Orta Şərqdə baş verən müharibələr, qanlı toqquşmaların fonunda ölkəmizdə azərbaycançılıq məfkurəsinin, milli mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətimizin təbliği və daha da möhkəmləndirilməsinin, bu mühitin qorunub saxlanılmasının həyata keçirilən din siyasətinin mühüm istiqamətlərini təşkil etdiyini vurğulayıb. Mübariz Qurbanlı cəmiyyətimizdə gənc nəsli milli mənəvi dəyərlərə uyğun, milli ruhda yetişdirməyin olduqca əhəmiyyətli amil olmasına da toxunub. Bu sahədə dövrün tələblərinə uyğun islahatların aparılması, savadlı milli kadrların hazırlanması və milli mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsinin dövlət-din münasibətlərinin tənzimlənməsi işində müsbət nəticələr verəcəyini qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Qəni Axundzadə dinə dövlət qayğısından danışaraq ölkəmizin cənub bölgəsində dini durumun sabit olduğunu bildirib.
Sonda iştirakçılara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çap olunan kitablar paylanılıb. Regional konfrans işini iyulun 6-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.

Digər xəbərlər