Müxalifət

  • 13 779

Gülağa Aslanlı öz açıqlaması ilə müsavatçıları çətin vəziyyətə saldı

image

Yaxud Müsavat funksionerinin hansı sözü cəbhəçilərin qıcıqlanmasına səbəb ola bilər?

Bu günlərdə Müsavat partiyasının qərargahında "Seçki qanunvericiliyinin təkmilləşdirilməsi" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın keçirilməsi barədə adıçəkilən partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı mətbuata açıqlama versə də, həmin tədbirə maraq göstərənlər, demək olar ki, olmayıb. Maraqlısı da budur ki, dəyirmi masanın keçirilməsinə rəğmən, "REAL" hərəkatına, D 18 təşkilatına, eləcə də, "NİDA"-ya məlumat verilsə də, bu təşkilatlar tədbirdə iştirak etməmək üçün müxtəlif bəhanələr gətiriblər.

"Gələcəkdə danışarıq", yaxud "qalsın sonraya" prinsipini "malalayan" Gülağa Aslanlı

Daha dəqiq desək, "gələcəkdə danışarıq", ya da "qalsın sonraya" prinsipi vasitəsilə Müsavatın təkliflərinə göz yumulub. Çox yəqin ki, G.Aslanlı da digər müxalifət qurumlarının onların təşəbbüslərinə etinasız yanaşmalarını, necə deyərlər, "malalamaq" qərarına gəlib. "Zamanı gələndə, bu mövzuda müzakirələrin başlanması haqda ilkin razılaşma əldə edilib. Ancaq indiki məqamda, bu məsələnin xüsusi müzakirəsi aparılmayıb"-deyə bildirən Aslanlı dolayı yolla bir sıra müxalifət təşkilatları ilə münasibətlərinin normal olmadığını təsdiqləyib. Ən azından, fakt budur ki, hərgah digər müxalifət qurumları müsavatçıların təkliflərinə razı olsaydılar, G.Aslanlı daha geniş açıqlama ilə çıxış edər, hətta dərhal Müsavat partiyasının müxalifəti bir araya gətirərək, birləşdirici rol oynaması barədə siyasi leksiyalar deyərdi. Ancaq bu gün də, daha öncələr olduğu kimi, düşərgədaxili həzm etməmə amili buna imkan verməyib, dəyirmi masa sönük və faydasız şəkildə başa çatıb.

Müsavatçıların cəbhəçilərlə salamlaşmaları hər şeyin normal məcraya qayıtması anlamını daşıya bilərmi?

Xüsusilə, AXCP ilə münasibətlərində köklü ziddiyyətlərin olduğunu gizlətməyən Müsavat yetkilisi dşümənçiliyin aradan qaldırılması üçün müəyyən addımların atıldığını desə də, onun ifadələri heç də səmimi görünməməklə yanaşı, əksinə, istehza doğurub. SİTAT: "Tədbirlərdə AXCP nümayəndələrini görəndə, salamlaşırıq...".
Çox maraqlıdır, dünənə qədər bir-birlərini ən ağır həqarətlərlə, söyüş və küfrlərlə aşağılayanlar, indi qarşılaşdıqları zaman hansı üzlə görüşə və salamlaşa bilərlər? Əgər bunu edirlərsə, ya onlarda mənlik hissi tükənib, ya da istənilən təhqiri götürmək, qəbul etmək qabiliyyətləri inkişaf edib. Bu baxımdan, heç cür hesab etmək mümkün deyil ki, müsavatçıların cəbhəçilərlə salamlaşmaları hər şeyin normal məcraya qayıtması anlamını daşıya bilməz!

Müsavatçılar qaş düzəltdikləri yerdə, vurub göz çıxartdılar

Başqa tərəfdən, maraqlısı həm də bundadır ki, cəbhəçilərlə adicə salamlaşmanı belə "siyasi uğur" kimi qələmə verən müsavatçıların funksioneri G.Aslanlı o biri tərəfdən yenə də təmsil olunduğu partiyanın AXCP-dən fərqli olaraq həm "barışçı", həm də "üstün" olduğunu göstərməyə cəhd edib: "Münasibətlərin yaxşılaşdırılması istiqamətində hansı addımlar atmaq lazımdırsa, Müsavat partiyası tərəfindən atılır". Göründüyü kimi, o, bu addımların AXCP tərəfindən atılmadığını dolayı yolla vurğulayıb. Halbuki G.Aslanlı cəbhəçilərin qıcıqlanmalarına səbəb olacaq ifadə işlədib və çox yəqin ki, yaxın günlərdə Əli Kərimlinin adamları Müsavat partiyasının "barışçı" deyil, məhz intriqaçı siyasi təşkilat olduğunu iddia edəcəklər.
Hər halda, hansısa mövzuda dəyirmi masa keçirməklə guya gündəmdə olduqlarını sərgiləməyə çalışan müsavatçılar G.Aslanlının timsalında özlərini yenidən çətin vəziyyətə salmış oldular. Necə deyərlər, qaş düzəltdikləri yerdə, vurub göz çıxartdılar.
Rövşən RƏSULOV

Digər xəbərlər