Siyasət

  • 2 253

Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsi hesab edilir

image

Əli Həsənov: "Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı sahələrində böyük uğurlar qazanılıb"

Həyatın bütün sahələrində hüquqi bazanın möhkəm təməllər üzərində qurulması, ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin və davamlı iqtisadi inkişafın başlıca təminatlarındandır. Müstəqil Azərbaycanın ötən müddətdə demokratikləşmə, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində yüksək nailiyyətlər qazanması da, bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış hüquqi islahatların respublikanın sosial-iqtisadi inkişaf tempi ilə uzlaşdırılması nəticəsində mümkün olub.
Ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi bu sahədə uğurlu nəticələrin əldə olunmasına imkan yaradır. Demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi-dünyəvi dövlət qurmaq, ədalətli sosial və iqtisadi siyasət sayəsində hər bir vətəndaşın layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə əsaslanaraq, bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq Azərbaycan Konstitusiyasının təsbit etdiyi ali məqsədlərdir.
Müasir dövrdə insan hüquq və azadlıqları sahəsində baş verən köklü dəyişikliklər həm milli, həm də beynəlxalq qanunvericilik normaları əsasında tənzimlənir. Hər hansı dövlətin hüquq sistemini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək mümkün deyil. Bu mənada, 1998-ci il fevralın 22-də Ümummilli Lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalayıb, bu sənəddə insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilib. 1998-ci il 18 iyun tarixində isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunub. Prezident İlham Əliyevin 17 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun tarixinin İnsan Hüquqları Günü elan olunması da, məhz bu əlamətdar hadisədən qaynaqlanır. Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı Sərəncamla "Azərbaycan Respublikasında insan hüquqları sahəsində Milli Fəaliyyət Proqramı"nı təsdiq edib. Proqramda dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası müxtəlif istiqamətlər üzrə müəyyən olunmuş, həmçinin, həyata keçiriləcək tədbirlərin icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi göstərilib. Sənəddə respublikada insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmini istiqamətində konkret vəzifələrin icrası nəzərdə tutulub.
Azərbaycan Prezidenti İlham Əliyevin son 14 ildə yürütdüyü hüquqi islahatların əsasında da, məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Ötən müddətdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülüb. Bu gün ölkə vətəndaşlarının mütləq əksəriyyəti ürəkdən inanır ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkədə insan hüquq və azadlıqlarının təmini prosesi daha da təkmilləşəcək, Azərbaycan bu sahədə daha böyük uğurlara imza atacaq. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun sözlərilə desək, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı sahələrində böyük uğurlar qazanılıb: "Ölkədə birləşmək, söz, fikir və mətbuat azadlıqları, habelə, digər azadlıqlar təmin olunur, insan hüquqları sahəsində beynəlxalq standartlar gözlənilir. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. İndi Azərbaycanda 3 mindən çox QHT, yüzlərlə KİV, 55 siyasi partiya, müxtəlif dinlərə mənsub icmalar azad fəaliyyət göstərirlər. İnternetdən istifadə edənlərin xüsusi çəkisi 80 faizdən çoxdur. Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsi hesab olunaraq, Davamlı İnkişaf Məqsədlərinin, insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyi sahəsində qabaqcıl beynəlxalq prioritetlər nəzərə alınaraq, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planları qəbul olunur və icra edilir. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla konstitusiyaya edilən dəyişikliklər vətəndaşların hüquqlarının daha da genişlənməsi və etibarlı qorunması üçün əlavə təminatların yaradılmasına xidmət edib".

"Səs" Analitik Qrupu

Digər xəbərlər