Siyasət

  • 9 046

Azərbaycan-Koreya münasibətlərinin 25 illiyi qeyd olunacaq

image

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva Azərbaycanda səfərdə olan Koreya Milli Assambleyasının deputatı Li Ju Yanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Sevinc Fətəliyeva xalqlarımız arasındakı dostluq münasibətlərinin 25 illik tarixindən söz açıb. O, Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının iştirakçısı olan qonaqlara Azərbaycanın inkişafı, ölkəmizdə Koreya şirkətlərinin fəaliyyəti, parlamentlərarası əlaqələrin perspektivləri barədə ətraflı məlumat verib. Konfransın əhəmiyyətindən danışan Sevinc Fətəliyeva bildirib ki, bu tədbir ölkəmizlə daha yaxından tanışlığa imkan yaradır. Millət vəkili son illər Azərbaycanın beynəlxalq təhlükəsizlik, tolerantlıq, terrorçuluqla mübarizə mövzularına həsr olunmuş nüfuzlu tədbirlərə ev sahibliyi etdiyini, bu tədbirlər vasitəsilə ölkəmizin öz layiqli təcrübəsini dünyaya yaydığını vurğulayıb. Deputat multikulturalizm ənənələrinin ölkəmizdə dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini diqqətə çatdırdı.
Sonra Sevinc Fətəliyeva Koreya Milli Assambleyasının üzvlərinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Qeyd edilib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünlük həyatı yaşayır. Bu problemin öz ədalətli həllini tapmaması bütün regionun təhlükəsizliyini təhdid edir.
Koreya Milli Assambleyasının üzvü Li Ju Yanq ölkəmizə ilk dəfə səfər etdiklərini, Bakının bənzərsiz memarlıq üslubunun, şəhərin gecə mənzərəsinin onlarda dərin təəssürat yaratdığını qeyd etdi, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirib. O, 2023-cü ildə Skaut konfransının Koreyada keçirilməsi üçün Azərbaycan hökumətinin göstərdiyi dəstəyə görə minnətdarlığını dilə gətirib. Qonaq Azərbaycan-Koreya münasibətlərinin 25 illik yubileyi münasibəti ilə bu il ölkəmizdə “Koreya Mədəniyyəti günləri”nin təşkil ediləcəyini, bu çərçivədə müxtəlif tədbirlərin keçiriləcəyini məmnunluqla vurğulayıb.
Görüşdə iştirak edən millət vəkili Rasim Musabəyov parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı fikirlərini bildirib.
Söhbət qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi ilə davam etdirilib.

sia.az

Digər xəbərlər