YAP-ın 25 illik yubileyi ilə əlaqədar Ağstafada “Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda elmi praktik konfrans keçirilib

Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar YAP Ağstafa rayon təşkilatının qərargahında “Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda elmi praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov açaraq qeyd etdi ki, dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmiş Heydər Əliyev xalqımızın bütün tarixi ərzində yetirdiyi ən böyük siyasi və dövlət xadimlərindən biri, mənsub olduğu xalqı yeni minilliyə, XXI yüzilliyə, qloballaşma əsrinə hazırlayıb çatdıran Ümummilli Liderdir. Müstəqillik illərində əldə etdiyimiz nailiyyətlər hər bir azərbaycanlını sevindirir. Bu uğurlar bütün şüurlu həyatını xalqına, vətəninə həsr etmiş, milli tariximizə qurucu və xilaskar rəhbər kimi daxil olmuş Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun səyləri və gərgin zəhməti ilə Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmaz olmuşdur.
Ağstafa rayon təhsil şöbəsinin müdiri Kamran Abbasov vaxtilə Heydər Əliyevə qarşı edilmiş ədalətsizlikdən, təzyiqlərdən, onun fəaliyyətinin Naxçıvan dövründən, Yeni Azərbaycan Partiyasının yaradılmasındakı rolundan, müstəqillik yollarında ilk addımlarını atan respublikamızın son dərəcə çətin günlərində xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə ictimai-siyasi sabitlik yaratmasından, ölkəmizin dünya birliyində layiqli yerini tutmasından ətraflı söhbət açdı.
Ağstafa şəhər 1 saylı tam orta məktəbin əməkdar müəllimi İndra Səmədova, Yaradullu kənd orta məktəbin müəllimi Məmməd Məmmədov, Şura üzvü, Gənclər Birliyinin sədri Elvin İmaməliyev, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, RİH-məsul işçisi Şahhüseyn Qurbanov və digər natiqlər Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və digər sahələrdə mühüm işlər görən İlham Əliyevin fəaliyyətinə də toxundular və Onun Ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı olduğunu vurğuladılar.

yap.org.az