Bəxtiyar Sadıqov: Azərbaycan tərəfi öz prinsipial mövqeyindən geri çəkilən deyil

"Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə, özgə torpağında olan qoşunların çıxarılması barədə söz deyilmirsə, deməli, həmin görüşün konkret nəticəsi yoxdur".

Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünə münasibət bildirərkən deyib.
B.Sadıqov qeyd edib ki, yenə ATƏT-in həmsədr dövlətləri özlərinə məxsus ifadələr işlətməklə bu görüşə qiymət verəcək, yeni görüşlərin vacibliyi barədə fikirlər səsləndiriləcək və növbəti görüşdə bu məsələnin bir daha müzakirə ediləcəyi bildiriləcək:
"Bunlar hamısı bizim indiyə qədər eşitdiyimiz ümumi fikirlərdir. Bunlar ATƏT-in dırnaqarası fəaliyyətinin göz qabağında olan elementləridir. Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə, özgə torpağında olan qoşunların çıxarılması barədə söz deyilmirsə, BMT-nin məlum 4 qətnaməsinin icrası ilə bağlı konkret addımlar atılmırsa, yaxın müddətdə hansısa tədbirlərin görüləcəyi barədə açıqlamalar verilmirsə, tərəflər öz üzərilərinə öhdəliklər götürmürsə və ATƏT bu öhdəliklərin yerinə yetirilməsinə necə nəzarət ediləcəyini söyləmirsə, deməli, həmin görüşün konkret nəticəsi yoxdur".
Deputatın sözlərinə görə, Ermənistan status-kvonu qoruyub saxlamaq üçün danışıqlar prosesində guya iştirak edir: "Aprel hadisələri olmasaydı, Ermənistan prezidenti heç görüşə gəlməyəcəkdi. Demək, qorxusundan gəldi. Azərbaycan tərəfi isə öz prinsipial mövqeyindən geri çəkilən deyil".

yap.org.az