YAP Gənclər Birliyinin təşkilatçılığı ilə partiyanın 25 illiyi münasibətilə Milli Debat Proqramı çərçivəsində turnirlər keçiriləcək

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri dekabrda Milli Debat Proqramı çərçivəsində debat biliklərinə yiyələnəcək, bacarıqlarını inkişaf etdirib, turnirlərdə iştirak edəcəklər.

YAP-ın 25 illiyinə həsr olunmuş tədbirlər sırasında yer alan debat turnirləri Gənclər Birliyi və DVC-nin təşkilatçılığı ilə keçiriləcək.
Əsas məqsədi gənclərin inkişafı və asudə vaxtlarının səmərəli təşkili olan hər iki təşkilatın birgə fəaliyyəti nəticəsində YAP-ın 25 illik tədbirində böyük debat turnirinin keçirilməsi planlaşdırılıb. Debat yarışlarına marağı olan, habelə bu sahədə bilik və bacarıqlarını artırmaq istəyən YAP Gənclər Birliyinin Bakı və Sumqayıt şəhərləri üzrə müxtəlif nümayəndəliklərinə üzv olan gənclərə Milli Debat Proqramı tərəfindən debat təlimləri keçiriləcək. Təlimlərdən sonra formalaşdırılacaq komandalar üzv olduğu nümayəndəliyi təmsil edərək debat turnirlərinə qoşulacaqlar.
YAP-ın 25 illiyinə həsr olunmuş forumun mövzu üzrə təlimləri dekabrın ilk günlərini, turnirlər isə ümumilikdə dekabr ayını əhatə edəcək.
Milli Debat Proqramı debat metodologiyası vasitəsilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn proqramdır.

yap.org.az