Elman Məmmədov: “Ermənistan qanunsuz əməllərini davam etdirir”

“Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi yolverilməzdir. Bu şəxs bütün beynəlxalq anlaşmalara, konvensiyalara, BMT-nin nizamnaməsinə, ATƏT-in həmsədrlərinə, xüsusən də Azərbaycana bu yaramaz, qanunsuz, cinayətkar hərəkətləri ilə meydan oxuyur. Yəni o bir növ heç kimlə hesablaşmadığını söyləyir. Sarksiyan necə ki, hərbi canidir, cinayətkardır, terrorçudur o cür də davranış göstərir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, bu insan cinayətkar, kriminal aləmin qayda-qanunu ilə həm dövləti idarə edir, həm də o cür davranışlarını davam etdirir: "İndi buna necə normal yanaşmaq, qiymət vermək olar? İşğalçı Ermənistan dövlətinin prezidenti Azərbaycanın işğal altında olan torpaqlarına rəsmi Bakının icazəsi olmadan qanunsuz yolla səfər edir, orada hərbi təlimləri müşayət edir və hətta o təlimlərə rəhbərlik edir, göstərişlər verir, tanklar Ermənistan bayrağı altında Azərbaycan əraziləri ilə hərəkət edir və s. Yəni bundan artıq nə ola bilər? Bu proses 25 ildən artıqdır davam edir. Sarkisyan və onun komandası heç bir beynəlxalq qurumun başda BMT olmaqla qətnamələrini icra etmirlər.Ermənistan onlara havadarlıq edən ATƏT-in Minsk Qrupunun üç dövlətinin himayədarlığı nəticəsində işğalı davam etdirir. Buna qarşı Azərbaycan nə etməlidir? Burada iki yol var. Bunlardan biri danışıqlar yoludur, digər yol isə hərbi güc tətbiq etməklə işğalçını torpaqlarımızdan çıxarmaq yoludur. Birinci yol artıq uzun illərdir davam edir və heç bir nəticə də vermir. Ona görə də bunun qarşısını almaq, bu terrorçuları, cinayətkarları yerində oturtmaq üçün bugün Azərbaycanın bütün imkanları var və ölkəmiz bu imkanlarından, gücündən istifadə edərək hərbi əməliyyatlara başlamalıdır”.

sia.az