Səməd Seyidov: Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır

Azərbaycan Avropa İttifaqı ilə bərabər əsaslarla, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.

Bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.
Səməd Seyidov deyib ki, “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda Tbilisidə keçirilən beynəlxalq konfransda Avropa İttifaqı və digər Avropa institutları ilə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. “Biz rəsmi Bakının Avropa İttifaqı ilə münasibətləri barədə fikirlərini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırdıq. Bildirdik ki, bu gün Azərbaycan Avropa ölkələri ilə çox yaxşı əməkdaşlıq edir, Avropanın on ölkəsi ilə strateji tərəfdaşlığa dair saziş imzalayıb. Bu, bizim əməkdaşlığımızın bariz nümunəsidir”, - deyə o əlavə edib.
Parlamentin komitə sədri vurğulayıb ki, bu gün heç kim Avropa institutları ilə Avropanı eyni tutmamalıdır. Hər bir qurumun öz prinsipləri və məqsədləri var. Azərbaycan Avropa İttifaqına inteqrasiya deyil, bu qurumla bərabər əsaslarla əməkdaşlıqda maraqlıdır.

yap.org.az