“Al-Cumhuriyyə” qəzeti 20 Yanvar faciəsindən yazır

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın Livandakı səfirliyinin dəstəyi ilə bu ölkənin “Al-Cumhuriyyə” qəzetində və ölkənin əsas xəbər saytlarından biri olan “Cedar news” xəbər portalında məqalələr dərc edilib.AZƏRTAC xəbər verir ki, məqalələrdə 1990-cı il yanvarın 20-də sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücum edərək, çoxlu sayda dinc əhalini qətlə yetirdiyi bildirilib, dinc sakinlərə qarşı törədilən vəhşiliklərin xalqın azadlıq əzmini qıra bilmədiyi qeyd olunub.Yazılarda o vaxt sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilmiş və məqsədi Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmaq olan hərbi əməliyyat nəticəsində 130-dan çox insanın qətlə yetirildiyi, 700-dən çox insanın isə yaralandığı vurğulanıb. Azərbaycan xalqının müstəqillik uğrunda canlarını fəda etmiş igid övladlarını unutmadığı və hər il 20 Yanvar faciəsi şəhidlərinin məzarlarını ziyarət etdiyi qeyd olunub.Məqalələrdə ölkə rəhbərliyinin həyata keçirdiyi müdrik siyasət və islahatlar nəticəsində müasir Azərbaycanın sürətlə inkişaf edərək, regionda lider dövlətə və beynəlxalq miqyasda sabit və etibarlı tərəfdaşa çevrilməsindən bəhs olunub.Eyni zamanda, Azərbaycan Respublikasının Livandakı səfirliyi tərəfindən Livan XİN və digər nazirliklərə, ictimai qurumlara, mətbuat vasitələrinə və ölkədə akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərə 20 Yanvar faciəsinin 28-ci ildönümünə dair press-reliz və bəyanat təqdim edilib.

sia.az