Siyasət

  • 2 903

Bu gün müstəqil Azərbaycan çoxəsrlik tarixində ən yüksək inkişaf mərhələsindədir

image

Prezident İlham Əliyev: “Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir”
Azərbaycanda müstəqillik dövrünün sayca 8-ci Prezident seçkisi başlayıb. Məhz iki aydan sonra Azərbaycanda prezident seçkiləri keçiriləcək və son Konstitusiya İslahatlarına əsasən, yeni seçiləcək prezident 7 il dövlətə və xalqa ləyaqətli xidmət missiyasını yerinə yetirəcək.
Xatırladaq ki, fevralın 5-də 1 milyon 500 min üzvü və 16901 ilk təşkilatı ətrafında birləşdirən Həmkarlar İttifaqları Konfederasiyası, fevralın 8-də isə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı, 700 mindən çox insanı ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası təşkilatın Sədri İlham Əliyevi prezidentliyə namizəd kimi irəli sürdü. Əlbəttə, bu sosial sifariş Azərbaycan xalqının mövqeyinin ifadəsi idi. Bu, Cənab İlham Əliyevin alternativsiz Lider olduğunun təsdiqi idi. Çünki Cənab İlham Əliyevin alternativsiz lider olması bir sıra əhəmiyyətli məqamlara söykənir. Ölkəmizdə uzun illərdir mövcud olan ictimai-siyasi sabitlik, dövlətin nüfuzu, iqtisadi qüdrətinin yüksəlməsi, dünya siyasi arenasında söz sahibinə, Cənubi Qafqazın isə lider dövlətinə çevrilməsi, məhz Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil siyasətinin və gərgin əməyinin nəticəsidir.
Artıq ölkəmiz prezident seçkilərinə hazırlaşır və bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da seçki mühitini ölkənin son illər ərzindəki inkişafı və bu yüksəlişin formalaşdırdığı ab-hava müəyyənləşdirir. Son 14 ildə Cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyası ölkədə köklü yeniliklərə, müasir inkişaf tendensiyalarına təkan oldu, dövlətin mövcudluq və müstəqilliyin davamlılıq şərtlərini təmin edən amilləri gücləndirdi. Ölkədə başlanan yeni inkişaf dövrü, dərin və sürətli islahatlar mərhələsi mühüm uğurları şərtləndirdi. Dövlət başçısının rəhbərliyi ilə 2003-cü ildən ötən müddət müasir tariximizə ölkənin iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş nöqtəsi kimi daxil olub. Bu illər ərzində uğurla həyata keçirilən islahatlar nəticəsində, Azərbaycan dünyaya özünün nadir iqtisadi inkişaf modelini təqdim edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı tam, bitkin və sistemli xarakter daşıyaraq, əsl mənada, intibah kimi hər bir ölkə vətəndaşının müasir həyatına və tariximizə daxil olub. Son 14 il ərzində Prezident İlham Əliyev elə bir beynəlxaq toplantı, konfrans olmayıb ki, orada Azərbaycan həqiqətlərini dünyaya çatdırmasın. BMT, NATO kimi nüfuzlu təşkilatların tribunasından işğalçı Ermənistanın məkrli siyasətini ifşa edən Cənab İlham Əliyev tutarlı arqument və faktlarla bu ölkənin rəhbərini dəfələrlə çıxılmaz vəziyyətə salıb. Davos Dünya İqtisadi Forumuna dəvət edilən Cənab İlham Əliyev son 14 il ərzində, həyata keçirilən yeni inkişaf konsepsiyası, iqtisadi islahatlar nəticəsində, Azərbaycanın əldə etdiyi uğurlardan danışaraq, ölkəmizin etibarlı tərəfdaşlarının sayını artırıb.
Son 14 il ərzində ölkənin siması köklü surətdə yenilənib və modernləşmə Azərbaycanın müasir tarixinin fərqləndirici xüsusiyyətinə çevrilib. Bakı dünyanın ən gözəl şəhərlərindən biri kimi şöhrət qazanıb və bölgələrdə həyatın keyfiyyəti köklü surətdə dəyişdirilib. Respublikamızın iştirakçısı və təşəbbüskarı olduğu layihələr tarixi uğurlar qazandırıb. Azərbaycandakı əlverişli investisiya mühiti də xarici şirkətlərin diqqətini cəlb edib. İndi ölkəmiz dünyada etibarlı investor kimi tanınır. İqtisadiyyatına, ilk növbədə, neft-qaz sənayesinə xarici sərmayə cəlb etməyə çalışan Azərbaycan, artıq özü digər ölkələrə sərmayə yatırır. İqtisadiyyata son 14 ildə 231 milyard dollar sərmayə qoyulub. 2003-cü ildəki 1,8 milyard dollarlıq valyuta ehtiyatları 15 ildə 24 dəfə artaraq, 44 milyarda yüksəlib. 2003-cü ildə 6 milyard manat olan dövlət büdcəsi indi 20 milyard manatdır. Bununla yanaşı, son 14 il ərzində, əzəmətli infrastruktur layihələrinin miqyası inşa olunan 12 min 300 kilometr müasir yollarda, 443 körpü və yol qovşağında, qazlaşdırmanın 93 faizə çatdırılmasında, əhalinin içməli su ilə təminatının 67 faizə yüksəlməsində ifadə olunur.
Cənubi Qafqazın və ətrafın coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürən Azərbaycan regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, “Azəri-Çıraq-Günəşli” yatağı ilə bağlı müqavilənin uzadılması, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində işlərin davam etdirilməsi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının, iri enerji layihələrinin, qlobal əhəmiyyətli iqtisadi zonaların yaradılması, “ASAN Xidmət” kimi Azərbaycan brendinin dünyaya təqdim edilməsi, məhz Cənab Prezidentin iradəsi sayəsində həyata keçirilib. Bu gün qarşıda duran əsas vəzifələrdən biri isə “Cənub Qaz Dəhlizi”nin vaxtında təhvil verilməsidir. Artıq bütün maliyyə resursları təmin edilib və Azərbaycan öz liderlik missiyasını uğurla icra edir. Bu tarixi layihəni - 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini Azərbaycan uğurla həyata keçirir. Bu, tarixi layihə ölkəmizin uğurlu və dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır.
Növbəti illərdə önəmli, tarixi nəqliyyat layihələrini yenə də icra etməklə, Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərinin birinə çevriləcək. Bütün bu uğurları isə Prezident İlham Əliyev belə dəyərləndirib: “Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi. Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır”. Dövlət başçısının söylədiyi kimi, icra edilən köklü iqtisadi islahatlar, bölgələrdəki infrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan verdi, həm də Azərbaycanın nəhəng transmilli infrastruktur layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdi.
Yeni Azərbaycan Partiyasının VI Qurultayında Cənab İlham Əliyev bu fəaliyyətini belə dəyərləndirib: “2003-cü ildə prezident seçkiləri ərəfəsində, bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir”. Həqiqətən də, 2003-cü ildən bu günə qədər keçən dövrə nəzər saldıqda, aydın şəkildə görərik ki, bu illər Azərbaycanda sürətli inkişaf dövrü keçmiş və ölkəmiz dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra olunmuş, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır. O xalq, o cəmiyyət xoşbəxtdir ki, onun idarəçiliyi dincliyə və əmin-amanlığa söykənir. Bununla yanaşı, onun dincliyi, əmin-amanlığı, bir sözlə, bütün taleyi onu idarə edən müdriklərin çiynindədir. Təcrübə göstərir ki, xalq hər zaman bu ağır yükü daşımağa qadir olan belə yüksək ləyaqətli tarixi şəxsiyyətlərini, liderlərini dəstəkləyir, onların ardınca gedir, onlara inanır və arxalanır.
Qurultayda xalqa müraciət edən Cənab İlham Əliyev bir daha bildirdi ki, əgər prezident seçkilərində Azərbaycan xalqı Ona yenidən yüksək etimad göstərərsə, ləyaqətli xidmət missiyasını uğurla davam etdirəcək. Bu mənada, Azərbaycan xalqı aprelin 11-də seçkilərə gedib, Cənab İlham Əliyevə səs verməklə, növbəti 7 il ərzində Azərbaycanın inkişafına, tərəqqisinə, sabitliyinə və əmin-amanlığına təminat verəcəklər.

“Səs” Analitik Qrupu

Digər xəbərlər