Ramin Məmmədov: “Azərbaycan özünəməxsus seçki mühitinə sahibdir”

“Aprelin 11-də Azərbaycanda növbəti prezident seçkilərinin şahidi olacayıq. Artıq namizədlərin təbliğat-təşviqat kampaniyasına sayılı günlər qalıb”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Ramin Məmmədov deyib.Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti ölkəmizdə gedən proseslərə hər zaman birmənalı şəkildə obyektiv, qərəzsiz və düzgün münasibət göstərib: “Təbii, mən inanıram ki, bu seçkilərdə də istisna hal olmayacaq. Azərbaycan cəmiyyəti, vətəndaşları öz gələcəkləri üçün və öz gələcəkləri naminə təbii ki, 11 aprel seçkiləri günü seçki məntəqlərinə gedib doğru, düzgün və inamlı gələcəyə səs verəcəklər”.Azərbaycanda olan seçki mühitinə gəldikdə isə sədr müavini bildirib ki, ölkəmizdə aparılan siyasət, mövcud stabil həyat (həm təhlükəsiz, həm də iqtisadi problemlərin həlli nöqteyi-nəzərdən) kifayət qədər qənaətbəxşdir: “Azərbaycan vətəndaşı rahatdır, ölkə vətəndaşı özünə, öz dövlətinə güvənir. Nəticə etibarilə seçki mühiti dedikdə kifayət qədər yüksək, firəvan və rahat bir şəraitin şahidi oluruq. Model məsələsinə gəldikdə isə qeyd etmək istərdim ki, hər ölkənin özünəməxsus seçki prosedurları və təbliğat aparmaq qaydaları var. Təbii ki, Azərbaycan da özünəməxsus seçki mühitinə sahibdir”.

sia.az