Musa Quliyev: “Xalqımız Ulu Öndərin xatirəsini daim uca tutur”

“Ümummilli Lider Heydər Əliyev tarixin o şəxsiyyətlərindəndir ki, onu heç kəslə müqayisə etmək olmaz. Bu bir zirvədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev Ulu Öndərin bu ilin mayın 10-da qeyd olunacaq 95 illiyi ilə bağlı fikirlərini bildirərkən deyib.Deputatın sözlərinə görə, müasir Azərbaycanın qurulması, yaradılması, mövcud olması və bundan sonrakı uzun illər inkişafı Ulu Öndərlə bağlıdır: “Ümummilli Lider Heydər Əliyev iki dönəmdə həm SSRİ dönəmində - planlaşdırılmış iqtisadiyyat zamanında, həm də müstəqillik dönəmində - bazar iqtisadiyyatı zamanında Azərbaycanı inkişaf etdirmiş və dünyaya tanıtmış böyük dövlət, siyasi xadimdir, eləcə də Azərbaycan xalqının fəxarət, qürur mənbəyidir. Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərini saymaqla bitməz. Yəni bugünkü Azərbaycanın var olması, dünyada tanınması və müstəqil dövlət olması, xalqımızın mövcudluğu Ümummilli Liderlə bağlıdır. Əgər 1993-cü ildə Ulu Öndər Azərbaycana rəhbərliyə qayıtmasa idi, bugünkü Azərbaycan yox idi və Azərbaycan xalqı da parçalanmış və müxtəlif imperiyaların əsarəti altına düşmüş bir xalq olacaqdı. Bu mənada xalqımız Ulu Öndərin xidmətlərini yüksək qiymətləndirir və onun dəyərini verir.Ümummilli Liderin siyasi irsi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Ulu Öndərin bütün arzuları həyata keçir. Azərbaycan qüdrətli, çiçəklənən bir dövlətə çevrilib və dünyanın aparıcı dövlətləri sırasındadır. Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqlarından biridir. Bu mənada biz bütün ömrümüz boyu Ümummilli Liderə borcluyuq. Bizdən sonra gələn nəsillər də Ulu Öndərin xatirəsini həmişə anacaqlar və əziz tutacaqlar. Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində daim yaşayacaq çox nadir şəxsiyyətlərdən biridir”.

sia.az