Siyasət

  • 5 025

Azərbaycan dünya birliyi üçün mühüm və etibarlı tərəfdaşdır

image

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkəyə səfər edib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 26-da Prezident İlham Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Görüşdə “Şahdəniz” layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparıldı. “Şəfəq-Asiman” strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edildi.
Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Londonda Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycan ilə dostluq qrupunun sədri Bob Bləkmən, Lordlar Palatasının üzvü, Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans və İcmalar Palatasının üzvü, Şimali İrlandiya üzrə dövlət nazirinin müavini Devid Morris ilə birgə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Britaniya parlamentinin üzvləri dövlətimizin başçısını prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdilər. Lord Devid Evans və Devid Morris ölkəmizdə səsvermə prosesini müşahidə etdiklərini və seçkilərin yüksək səviyyədə təşkil olunduğunu dedilər.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı seçkilər zamanı səsvermənin azad, şəffaf və demokratik keçirilməsi üçün hər cür şəraitin yaradıldığını dedi. Görüşdə Azərbaycanda davamlı inkişafın təmin edildiyi qeyd olundu. Britaniya parlamentinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla dostluq qrupları ilə əməkdaşlıq məsələləri müzakirə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Alan Dunkan dövlətimizin başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. Qeyd etdi ki, Prezident İlham Əliyevin yenidən Prezident seçilməsi Azərbaycanın sürətli inkişafının davamlı olmasını təmin edəcək.
Söhbət zamanı ikitərəfli və regional əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Londonda Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbir xəbər verir ki, görüşdə Baronessa Rona Feyrhed Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik etdi. O, Bakıya səfərini məmnunluqla xatırladı. Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı, xüsusilə investisiya, biznes əlaqələri, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub.
x x x
Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri aprelin 26-da başa çatıb.

Digər xəbərlər