MM-in komitə sədri: Ölkəmizdə uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığı, sağlam düşüncə tərzi, təhsili prioritet məsələlərdəndir

«Ölkəmizdə uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığı, sağlam düşüncə tərzi, təhsili prioritet məsələlərdəndir». Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, uşaq hüquqlarının qorunması ilə bağlı qanunvericilik aktları mütəmadi olaraq təkmilləşir və zamanın tələbinə uyğun yeni qanunlar hazırlanır. Onun sözlərinə görə, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin hazırlanmasında komitə üzvləri yaxından iştirak ediblər.
«5 fəsil 19 maddədən ibarət olan qanun layihəsi uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq onların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunda uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər, uşaqlar üçün zərərli informasiyanın növləri ilə bağlı məqamlar əks olunub. Sənəddə yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsullarının ekspertizasına dair ümumi tələblər, ekspertizanın aparılması qaydaları, ekspert rəyinin verilməsi ilə bağlı məsələlər öz həllini tapıb»-deyə, komitə sədri vurğulayıb.

yap.org.az