Siyasət

  • 6 966

Naxçıvan müasirləşir və inkişaf edir

image

İlham Əliyev: “Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır”
Bu gün özünün ictimai-siyasi və sosial-iqtisadi həyatında uğurlar əldə edən Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırır. Əldə olunan nailiyyətlər müstəqil dövlətimizin sürətli inkişafına təkan verən uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Müasir Azərbaycan dövlətinin Qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.
Azərbaycanın hər yerində olduğu kimi, bu gün Naxçıvan Muxtar Respublikası da yeni inkişaf dövrünü yaşayır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı qeyd etdiyi kimi, Naxçıvan şəhəri, bütün şəhərlər abadlaşır, gözəlləşir, çox böyük quruculuq və yaşıllaşdırma işləri aparılır: “Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır”.
Azərbaycan Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikasına qayğı və diqqət hər zaman olub və bu gün də var. Prezidentin Naxçıvana sayca 14-cü dəfə olan bu səfəri və respublikada 135-dən çox obyektin açılışında iştirakı elə bu diqqətin nümunəsidir. Son illərdə Naxçıvanda sənayedə, tikintidə, iqtisadiyyatda və sosial həyatın bütün sahələrində böyük uğurlar qazanılıb. Qəbul edilən dövlət proqramları vaxtında icra olunub və nəzərdə tutulmuş tədbirlərin, infrastruktur layihələrinin reallaşdırılması təmin edilib və sosial-iqtisadi həyatın bütün istiqamətləri üzrə müsbət dinamika əldə olunub. Belə ki, Naxçıvanda bütün qəsəbə və kəndlər müasirləşib, yenidən qurulub və asfalt yollar salınıb. Son illər muxtar respublikanın kəndlərində dövlət dəstəyi və güzəştli şərtlərlə verilən kreditlər hesabına yüzlərlə kiçik istehsal və emal müəssisəsi yaradılıb. Bu gün Naxçıvanda sənayenin və aqrar sahənin inkişafı yeni sahibkarlar təbəqəsi yaradıb.

NAXÇIVANIN UĞURLU İNKİŞAFI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Təbii sərvətlərlə zəngin olan Azərbaycan, mövcud sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının yaradılması və daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Buna görə də, neft gəlirləri Azərbaycanda həm də təhsilin və elmin inkişafına yönəldilib. Ümumilikdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsilin və elmin inkişafına istiqamətlənən çox mühüm layihələr icra olunub. Təsadüfi deyil ki, son illərdə ölkə ərazisində 3 mindən çox məktəb tikilib və bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub. Bütün bunlar, Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasından da yan ötməyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı yeni təhsil müəssisələrinin istifadəyə verilməsi bunun əyani göstəricisidir. Belə ki, Naxçıvan şəhər Qaraxanbəyli inzibati-ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbinin, eləcə də, Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının istifadəyə verilməsi fikrimizi əsaslandırır. Qeyd edək ki, Naxçıvan Müəllimlər İnstitutu 2003-cü ildə fəaliyyətə başlayıb və bu təhsil ocağı ötən dövrdə öz fəaliyyətini genişləndirib və ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib. İnstitutun yeni binası müasir standartlara cavab verir. Cənab İlham Əliyev bildirib ki, bu binanın tikilməsi onu göstərir ki, Naxçıvan uğurla və sürətlə inkişaf edir.
Naxçıvanın uğurlu inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bilirən Cənab Prezident Ulu Öndərin sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərdiyini və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görüldüyünü bildirib. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Naxçıvan Muxtar Respublikası da sabitliyə və tərəqqiyə qovuşmuş, davamlı inkişaf və əmin-amanlıq yoluna çıxmışdır. 1993-2003-cü illər ərzində muxtar respublikada sənaye məhsulunun həcmi 3 dəfə, kənd təsərrüfatında ümumi məhsul istehsalı 4 dəfə artmışdı. Vurğulayaq ki, Ulu Öndərin Azərbaycan Prezidenti kimi siyasi hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasında 96 təhsil müəssisəsi, 38 səhiyyə, 94 mədəniyyət obyekti, 73 inzibati bina tikilmiş və ya yenidən qurulmuşdur. Bu dövrdə əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkmiş əhali üçün 47 fərdi ev tikilmiş, 66 körpü, 74 nasos stansiyası və 386 digər infrastruktur obyektləri istifadəyə verilmişdir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası bu gün də inkişaf edir: “Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən, Naxçıvan Muxtar Respublikasında. Bir daha demək istəyirəm ki, burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət və çox böyük məhəbbət tələb edir”.

“NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ARTIQ ON İLDƏN ÇOXDUR Kİ, QAZLAŞDIRMA 100 FAİZ TƏMİN EDİLİBDİR”

Naxçıvanda böyük infrastruktur layihələri icra edilib qazlaşdırılma ilə bağlı məsələlər tam şəkildə öz həllini tapıb. Hazırda muxtar respublikada qazla təmin olunmayan heç bir kənd və oba qalmayıb. Naxçıvanın ən ucqar kəndlərində belə sakinlər mavi yanacaqdan istifadə edirlər. “Qazlaşdırma 100 faiz təmin edilibdir”, - deyən dövlət başçısı Azərbaycanın ümumi qazlaşdırılmasının təqribən 93-94 faiz səviyyəsində təmin edildiyini və bu ilin sonuna qədər 95 faizə çatacağını vurğulayıb: “Ancaq Naxçıvan Muxtar Respublikasında, artıq on ildən çoxdur ki, qazlaşdırma 100 faiz təmin edilibdir”.
Cənab Prezident Naxçıvanda elektrik enerjisi ilə bağlı məsələlərin də öz həllini tapdığını bildirib: “Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu Öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi... Bu gün elektrik enerjisi ilə bağlı bütün problemlər həll olunub. Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə olan Ordubad Su-Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək. Bu, dünya miqyasında bəlkə də yeganə belə bir hal olacaqdır”.

“YAXIN GƏLƏCƏKDƏ NAXÇIVANIN BÜTÜN ŞƏHƏRLƏRİNİN İÇMƏLİ SU-KANALİZASİYA LAYİHƏLƏRİ TAM BAŞA ÇATACAQ”

Müasir dövrümüzdə Naxçıvanda içməli su layihələri də uğurla icra olunmaqdadır. Belə ki, Naxçıvan, Şahbuz və Culfa şəhərlərinin içməli su layihələri artıq sona yetib. Muxtar respublikanın digər şəhərlərində də bu layihələr davam etdirilir. Prezident İlham Əliyev səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib. Xatırladaq ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildən başlanılıb və layihəyə əsasən, Şərur şəhərinə, Mahmudkənd kəndinə və Zeyvə kəndinin bir hissəsinə su şəbəkəsi, Şərur şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Cənab Prezident bunu çox vacib sosial layihə kimi dəyərləndirib: “Naxçıvanın hər bir şəhərində içməli su-kanalizasiya layihələri icra edilir. Artıq Şərur Naxçıvan, Culfa və Şahbuz şəhərlərindən sonra dördüncü şəhərdir ki, bu məsələ öz həllini tam tapıbdır. Siz yaxşı bilirsiniz ki, əvvəlki dövrlərdə içməli su məsələsi həmişə çox ciddi problem kimi insanları narahat edirdi. Ancaq bu gün Şərur şəhərinə tam təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun tərzdə içməli su verilibdir. Digər şəhərlərdə layihələr icra edilir və icra ediləcək. Yaxın gələcəkdə Naxçıvanın bütün şəhərlərinin içməli su-kanalizasiya layihələri tam başa çatacaq. Bu, ölkəmizin gücünü, qüdrətini və bizim sosial siyasətimizi göstərir. Həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərinin, qayğılarının, bütün sosial məsələlərin həlli üçün bizdə çox güclü iradə, imkanlar var və görülən işlər bizim siyasətimizi əks etdirir”.

GÖZƏL TƏBİƏTİ, İQLİMİ, HAVASI, MƏNZƏRƏSİ, BİNALARI VƏ ƏN ÖNƏMLİSİ, GÖZƏL İNSANLARI OLAN GÖZƏL MƏKANIN ADI NAXÇIVANDIR

Qədim tarixə malik olan Naxçıvanı sivilizasiyanın beşiyi adlandırırlar. Yaşı əsrlərlə ölçülən qədim türbə və tikililər, daş kitabələr özündə sivilizasiyanın ilkin mərhələlərinin əks etdirir. Qədim qalalar Naxçıvanın min illərin o üzündə qalmış tarixindən xəbər verir. Həm yazılı mənbələr, həm də burada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri, bu gün də qorunub-saxlanılan neçə-neçə abidə, bir daha sübut edir ki, bu diyarda şəhər mədəniyyətinin tarixi 5 min ilə yaxındır.
Son illər muxtar respublikada Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı mindən artıq kitab nəşr edilib, bir-birindən əhəmiyyətli beynəlxalq simpoziumlar və elmi konfranslar keçirilib, 1200-dən çox yerli, ölkə və dünya əhəmiyyətli tarixi abidə öyrənilərək pasportlaşdırılıb. Azərbaycan memarlığında özünəməxsus yeri olan bu abidələr tarixdə Naxçıvan memarlıq məktəbinin nümunələri kimi yaşayır. Bu gün Naxçıvanda dünya memarlıq məktəbinin şah əsəri olan bu qiymətli tarixi tikililər qorunaraq və əsaslı surətdə bərpa olunaraq, gələcək nəsillərə ötürülür. Naxçıvan memarlığının nadir inciləri hər zaman diqqətdə saxlanılır. Azərbaycan xalqının qədim tarixini və mədəniyyətini özündə yaşadan Naxçıvan əbəs yerə 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” seçilməyib. Bu əlamətdar hadisə ilə bağlı Naxçıvanda tədbirlər keçiriləcəkdir. Bura gələn hər kəs qədim və müasir Naxçıvanla tanış olacaqlar. “...bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var”, - deyən Cənab İlham Əliyev bildirib ki, gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkanın adı Naxçıvandır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər