Siyasət

  • 4 699

Müxalifət total böhran içindədir ETİRAF

image

ADP sədri təmsil olunduğu düşərgəni ittiham etdi

Sonuncu seçkilərdən sonra ənənəvi müxalifət düşərgəsində total şəkildə böhran baş qaldırıb ki, bununla yanaşı həmin böhran partiyadaxili qarşıdurmalar və istefalarla müşahidə edilməkdədir. Ümumiyyətlə, bütün seçkilərdən sonra reallıq onu göstərir ki, düşərgə “liderləri” bir müddət “demokratik düşüncələrini” partiyadaşlarına izhar edəndən sonra çəkilib kənarda duraraq, məğlubiyyətlərinin acısını yaşamağa başlayırlar.
Sərdar Cəlaloğlu: “Hətta ayrı-ayrı partiyaların özünün daxilində belə, demokratik dəyərləri artıq müşahidə eləmək mümkün deyil”
Maraqlısı da budur ki, belə bir vəziyyəti elə düşərgədə təmsil olunan digər partiya sədrləri də etiraf etməkdədirlər. Misal üçün, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu öz açıqlamalarının birində deyib ki, müxalifət partiyaları düşdükləri böhranın qarşısını almaq üçün heç bir addım ata bilməzlər. Hazırkı süstlük bir total böhrandır”-deyə qeyd edən müxalifətçi partiya sədri də digər müxalif “liderlər” kimi onlara dəstək verməyən xalqı ittiham etsə də, digər tərəfdən, əsas günahın özlərində olduğunu da etiraf edib. Misal üçün, “Azərbaycanda siyasi, ictimai sektorda böhranın səbəblərindən biri subyektiv amildir, vətəndaşların özünün şüur səviyyəsidir, passivliyidir”- deyən ADP sədri istəsələr belə, xalqı öz tərəflərinə cəlb edə bilmədiklərini deyib və bildirib ki, müxalifət demokratiyadan uzaqdır. Bunun nəticəsində düşərgədəkilər ayrı-ayrılıqda bir-birlərini digərindən üstün, güclü sayır: “Demokratiyadan uzaqlaşmaq isə ona gətirib çıxarır ki, hər kəs özünü daha güclü sayır, daha ağıllı sayır, bir-birinə dözümlülük, uzlaşmalar, birləşmək meylləri sıradan çıxır. Hətta ayrı-ayrı partiyaların özünün daxilində belə, bu demokratik dəyərləri artıq müşahidə eləmək mümkün deyil”.
Partiya sədri: “Azərbaycan müxalifəti üçün dar bir baxış var-hakimiyyətə gəlmək”
Söz yox ki, ənənəvi düşərgədə bir-birlərini həzm etməmə və s. oxşar hallar nəticə etibarı ilə ümumi maraqları da zərbə altında qoyur. Bu faktor isə müxalifətin daha da geriləməsinə, zəifləməsinə kifayət qədər zəmin yaratmaqdadır. ADP sədrinə görə də siyasi partiyalarda birlik, təmərküzləşmə, ümumi maraqlara görə bir addım geriyə atmaq meylləri yoxdur: “Məsələn, bu il prezident seçkilərində namizəd kimi mən demək olar ki, bütün müxalifət partiyalarının qapısını döydüm. Lakin heç biri mənə dəstək vermədi. Belə bir vəziyyətdə biz hansı aktivlikdən, demokratik dəyərlərdən, bir araya gəlməkdən danışa bilərik. Azərbaycan müxalifəti üçün dar bir baxış var-hakimiyyətə gəlmək. Yerdə qalan heç bir məsələ barədə Azərbaycan müxalifəti nə düşünür, nə də maraqlanır. Bu da müxalifətin dar bir çevrədən çıxmasına imkan vermir”.
Real etiraf: “Düşdüyümüz böhrandan çıxa bilmərik”
Beləliklə, S.Cəlaloğlunun etirafından da görünür ki, düşərgə daxilində demokratik meyllər sıfır dərəcəsindədir və həmin amil ənənəvi müxalifəti məhvə doğru sürükləyir: “...Böhrandan çıxa bilməmənin səbəblərindən biri müxalifətin özünün demokratik böhran keçirməsi ilə bağlıdır. Artıq partiya liderlərinin əksəriyyəti ritorikalarında belə, demokratiya sözündən istifadə eləmirlər, demokratik dəyərlərdən danışan yoxdur və əməli işində də demokratik prinsip və dəyərləri rəhbər götürən heç kim yoxdur. Azərbaycan müxalifəti siyasi ayırma siyasəti aparır, amma siyasi birləşməni həyata keçirmir. Böhranımızın ən ciddi səbəblərindən biri budur. Biz neçə ki, birləşmə qabiliyyətinə malik deyilik, düşdüyümüz böhrandan çıxa bilmərik”.Göründüyü kimi, ADP sədrinin sözlərində həqiqət var və bu həqiqəti dərk edə bilməməyən digər müxalifət “liderləri” günahı xalqda, hakimiyyətdə deyil, özlərində axtarmalıdırlar. Axtara bilmirlərsə, demək ki, siyasi ölümün caynağından çıxa bilməyəcəklər.

sia.az

Digər xəbərlər