Siyasət

  • 4 178

Bəhruz Quliyev: “Konvensiyanın imzalanması eyni zamanda qızıl ortanı tapdı” RƏY

image

“İmzalanmış Konvensiya eyni zamanda beş ölkənin iqtisadi və siyasi maraqlarının üst-üstə düşməsi kimi də qiymətləndirilə bilər”. Bu fikirləri AZƏRTAC-a siyasi ekspert Bəhruz Quliyev avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını şərh edərkən deyib.Onun sözlərinə görə, hələ 1992-ci ildən başlanan uzun və çətin yolun sonda - 2018-ci ilin 12 avqustunda uğurla nəticələnməsi əsasında Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin qətiyyətli siyasəti dayanır: “Əgər burada beş ölkənin siyasi-iqtisadi maraqlarının təmin olunması amili dayanıbsa, deyərdim ki, Azərbaycanın maraqları digər dövlətlər tərəfindən xüsusilə nəzərə alınıb. Əlbəttə, burada əsas məqam Xəzər hövzəsində təhlükəsizlik və sabitlik qarantının təminatıdır, ancaq başqa tərəfdən, ortada digər faktorlar da mövcuddur ki, onlardan biri kimi, Azərbaycanın öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini göstərə bilərik. Əbəs deyil ki, bu dəhlizlərin istifadəsi Xəzər beşliyinə aid olan ölkələrin bir-biri ilə daha sıx iqtisadi əməkdaşlıqlarına münbit şərait yaradır. Ən sadə bir fakta nəzər salaq. Əgər statistik rəqəmlərə müraciət edərsək, görərik ki, təkcə ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınıb. Bu isə yükdaşıma həcminin ötən illə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir.Yaxud, dövlət başçımızın da öz çıxışında xatırlatdığı kimi, qonşu İran və Rusiya arasında Şimal-Cənub dəhlizi üzrə yükdaşımaları 100 dəfədən çox artıb. Əlbəttə, bütün bunlar bilavasitə Azərbaycanın Xəzər regionundakı xüsusi yerinin və təşəbbüsü ilə reallaşdırdığı layihələrin məntiqi nəticəsidir. Bu baxımdan da hesab edirəm ki, Azərbaycanın V Zirvə toplantısındakı yeri ali olaraq qiymətləndirilir, ölkə rəhbərləri növbəti təşəbbüslər üçün müzakirələrə hazır olduqlarını bəyan edirlər”.“Azərbaycan digər dövlətlər tərəfindən hər zaman öz qonşuluq və əməkdaşlıq siyasətinə sadiq olan ölkə olaraq tanınır”- deyə qeyd edən Bəhruz Quliyevə görə, Konvensiyanın imzalanması yeni perspektivlər açır, eləcə də ölkəmizin qarşılıqlı, bərabərhüquqlu maraqları nəzərə alınır, xüsusilə, ərazi bütövlüyünə hörmətə yanaşılır: “Bütün bunlar ölkələrin suverenliyinə əsaslanan münasibətlərin bariz nümunəsi olaraq da dəyərləndirilməlidir”.

Ekspert hesab edir ki, digər Xəzəryanı ölkələrlə yanaşı, Azərbaycan bu hövzədə ekoloji vəziyyətin yaxşılaşmasına önəmli töhfələrini verir, xüsusilə neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısının alınması istiqamətində proyektlər təqdim edir: “O cümlədən, nəzərə alarsaq ki, Xəzər hövzəsində karbohidrogen yataqları birgə işlənəcək və həmin işlər hələ bundan sonra uzun illəri əhatə edəcək, bu zaman ölkəmizin sözügedən istiqamətdəki yeri və rolu daha çox görünməyə başlayır. Ona görə də deyərdim ki, V Zirvə toplantısında imzalanmış Konvensiya qızıl ortanı tapdı. Bu qızıl ortada müsbət mənada görünməyən tərəflər də var ki, bütün bunlar həm Azərbaycanın, həm də digər Xəzəryanı ölkələrin eyni zamanda, siyasi maraqlarını tamamilə təmin edir. Söz yox ki, həmin təminatlar ölkələrin beynəlxalq aləmdəki yerini daha da möhkəmləndirəcək, habelə siyasi-iqtisadi nüfuzlarının artmasına böyük təkan verəcək. Ümumiyyətlə, imzalanmış tarixi Konvensiya qeyd edilən fikirlərlə yanaşı, həmçinin, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün çox geniş, münbit perspektivlər açır, inkişafa, tərəqqiyə doğru olan yollarını daha da genişləndirir. O cümlədən, imzalanmış Konvensiya Xəzəryanı ölkələr arasında yeni və daha perspektivli əməkdaşlıq mərhələsinin başlanğıcı olaraq da qiymətləndirilməlidir”.

sia.az

Digər xəbərlər