Siyasət

  • 3 780

Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib

image

İlham Əliyev: “Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik”

Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva paradda iştirak ediblər.

Azərbaycan Respublikasının paytaxtı Bakı öz tarixinin ən əlamətdar günlərindən birini yaşayıb. Düz 100 il əvvəl - 1918-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin zəfərini bayram edirdi. Həmin gün yenidən təkrarlanıb. Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yetərincə əks etdirir və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu göstərir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verib. Sonra sözləri görkəmli Azərbaycan şairi Əhməd Cavada, musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus “Çırpınırdın Qara dəniz” mahnısı səsləndirilib. Daha sonra ölməz sənətkar Müslüm Maqomayevin ifasında məşhur “Azərbaycan” mahnısının sədaları “Azadlıq” meydanına yayılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış edib.

Prezident İlham Əliyev öz çıxışında diqqətə çatdırıb ki, Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaq: “Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan Azadlıq meydanından bütün türk bacı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram.

Biz bu gün əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəhidlərimizin məzarlarını ziyarət etdik. Onların məzarları yan-yanadır. Onlara Allahdan rəhmət dilədik, onların xatirəsi bizim qəlbimizdədir və onların göstərdikləri qəhrəmanlıq bu gün Türkiyə və Azərbaycan birliyini daha da möhkəmləndirir.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Əfsuslar olsun ki, iki ildən sonra Cümhuriyyət süqut etdi, Azərbaycan öz dövlət müstəqilliyini itirdi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etmişdir və bizi ilk tanıyan Türkiyə olmuşdur. Bu da bir qardaşlıq nümunəsi idi.

Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir. Təkcə bu il Prezident Rəcəb Tayyib Ərdoğanla mənim altı görüşüm olmuşdur - ikisi Azərbaycanda, ikisi Türkiyədə, ikisi isə beynəlxalq tədbirlər çərçivəsində. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir və hər görüşün böyük əhəmiyyəti var. Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Biz birgə enerji-nəqliyyat layihələrini uğurla icra edirik. O layihələr ki, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP layihəsinin bu il istifadəyə verilməsi tarixi layihələrdir. Birgə siyasi iradə ortaya qoyulmuşdur. Birgə maliyyə resursları təşkil edilmişdir və bu nəhəng transmilli layihələr uğurla icra edilmişdir. Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq. Keçən ilin oktyabrında əziz qardaşımın iştirakı ilə Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı mərasimi keçirilmişdir. Bu dəmir yolu yeni nəqliyyat damarıdır. Bu dəmir yolu ilə daşınan yüklərin həcmi getdikcə artır və artacaq. Bizim ölkələrimizin əhəmiyyəti, önəmi artır. Bütün bu böyük layihələri ancaq biz birlikdə edə bilərdik və etdik. Nəzərə alsaq ki, bu layihələr böyük maliyyə resursları, böyük siyasi iradə tələb edir, ancaq birgə səylərimizlə biz buna nail ola bilmişik. Bu gün Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bu layihələrin bəhrəsini görür. Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir. Bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər.

Türkiyə son illər ərzində çox böyük və şərəfli yol keçmişdir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilibdir. Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır. Türkiyə böyük iqtisadi gücə sahib bir ölkədir. Təsadüfi deyil ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulur. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. Türkiyənin dünya miqyasında çox güclü ordusu var. O dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir. Bütün bu uğurlar yalnız güclü liderin yorulmaz fəaliyyəti və xalqın Rəcəb Tayyib Ərdoğana olan dəstəyi nəticəsində mümkün olmuşdur. Bu gün mən Azadlıq meydanından bütün bu uğurlar münasibətilə Türkiyə Cümhuriyyətinin Prezidentini və bütün türk xalqını ürəkdən təbrik etmək istərdim.

Gələn ay Azərbaycan dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd edəcək. Tarix üçün bu, çox qısa bir vaxtdır. Müstəqilliyimizin ilk iki ili çox ağır, faciəvi keçmişdir, torpaqlarımız işğal altına düşmüşdür, Azərbaycan böyük iqtisadi çətinliklərlə, iqtisadi-siyasi böhranla üzləşmişdir. Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Nəzərə alsaq ki, birinci iki ilimiz çox ağır keçmişdir, sonrakı dövrdə Azərbaycan böyük uğurlara imza atdı. Bu gün Azərbaycan bölgədə önəmli ölkəyə çevrilib, dünyadakı rolumuz artır, bizim beynəlxalq mövqelərimiz möhkəmlənir, dünya ictimaiyyəti bizim siyasətimizi dəstəkləyir. Bunun ən bariz nümunəsi odur ki, bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçmişdir. Bu, dünyanın Azərbaycana olan dəstəyinin təzahürüdür. İqtisadi sahədə aparılan islahatlar Azərbaycana böyük imkanlar gətirdi, biz böyük nailiyyətlərə çata bildik. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır. Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulmuşdur. Sosial məsələlərin həlli işində böyük uğurlar əldə edilmişdir. Bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Azərbaycan dost ölkələrlə, ilk növbədə, Türkiyə ilə birlikdə böyük layihələr icra etdi. Yəni, bütün bunlar tam əminliklə deməyə əsas verir ki, Azərbaycanın gələcəyi də parlaq olacaq.”

Dövlət başçısı diqqətə çatdırıb ki, ölkəmiz ordu quruculuğu sahəsində də böyük uğurlar əldə edib. Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır: “Bizim hərbi potensialımız artır. Bizim güclü ordumuza böyük ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Mənfur qonşular 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərmişdir. Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır.

Əziz dostlar, bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir.

Yüz il bundan əvvəl Nuru paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildi. Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır. Nuru paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır.”

x x x

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Prezident Rəcəb Tayyib Ərdoğan öz çıxışında bildirib ki, Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir:

“Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir. Böyük şair, mərhum Bəxtiyar Vahabzadə bu birliyimizi belə gözəl ifadə edib:

Azərbaycan-Türkiyə.

Birdir bizim hər halımız,

Sevincimiz-məlalımız.

Bayraqlarda hilalımız,

Azərbaycan-Türkiyə.

Ana yurdda yuva qurdum,

Ata yurda könül verdim.

Ana yurdum, ata yurdum,

Azərbaycan-Türkiyə.

Bəli, Türkiyə və Azərbaycanın birliyi bu misralarda təcəssüm edən qardaşlığın ən gözəl nümunəsidir.

Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik.

Dəyərli qardaşlarım, burada bir həqiqəti dərhal vurğulamaq istəyirəm. 1918-ci il sentyabrın 15-də hazırda yaşadığımız ərazilərdə baş verən müharibə, əsla, adi bir hadisə deyil. Bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də rəmzidir. Tarixi bilmədən, bir əsr əvvəl Nuru paşanın və əsgərlərinin minlərlə kilometr uzaqdan Bakıya və Gəncəyə gəlmələrinin səbəblərini dərk etmədən Azadlıq meydanındakı bu həmrəylik mənzərəsinin mənasını anlaya bilmərik. Bundan bir əsr əvvəl qardaşlarımızın işğal altında çəkdiyi zülm elə bir həddə çatmışdı ki, Nuru paşa Gəncəyə gələndə azərbaycanlı uşaqlar hamısı bir ağızdan məmnunluqlarını belə ifadə etmişdilər:

Qatar gəlib yan verir,

Gəncəliyə şan verir.

Gəncənin cavanları,

“Bakı!” deyə can verir.

Azərbaycanın məşhur “Lalələr” mahnısının kədərli hekayəsi də eyni şəkildə çəkilən əzabların və Qafqaz İslam Ordusunun qəlblərdə yaratdığı sevinc hissinin ifadəsidir.

Gəncə bölgəsinə hərəkət edən minlərlə əsgər başlarındakı qırmızı fəsləri və qotazları ilə uzaqdan gəlincik çəmənzarına bənzər bir mənzərə yaradırdılar. Gəlincik Azərbaycan dilində lalə deməkdir. Bəstəkar Telman Hacıyevin lalə ilə bağlı mahnısında şair hisslərini bu cür ifadə edib:

Yazın əvvəlində Gəncə çölündə,

Çıxıblar yenə də dizə lalələr.

Yağışdan islanan yarpaqlarını,

Səriblər dərəyə, düzə lalələr.

Meylim üzündəki qara xaldadir,

Hicranın əlacı ilk vüsaldadır.

Nə vaxtdır aşiqin gözü yoldadır,

Bir qonaq gələsiz bizə lalələr.

Nuru paşanın və Qafqaz İslam Ordusunun Bakıya və Gəncəyə gəlişi azərbaycanlı qardaşlarımız arasında belə böyük həyəcana, belə böyük bir ümidə səbəb olub.

Dəyərli qardaşlarım, bu gün 1918-ci il sentyabrın 15-də qazanılmış böyük qələbəni kiçik, əhəmiyyətsiz göstərməyə çalışan bəzi qüvvələrin olduğunu bilirik. Buna təşəbbüs göstərənlər o dövrdə aldıqları ağır məğlubiyyətin rüsvayçılığını hələ də unuda bilməyənlərdir. Osmanlı dövlətinin imzaladığı Mudros atəşkəs müqaviləsi təəssüf ki, bu dairələrə fürsət verib və Qafqaz İslam Ordusunun bu torpaqlardan çəkilməsinə yol açıb. Bundan daha da ağrılısı odur ki, həmin dövrdə eyni dairələr Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoymaq üçün böyük səy göstəriblər. Təəssüf ki, müstəqilliyinin bərpasından 22 ay sonra bu məsələdə uğur qazanıblar.

Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin təməlini qoyub.

Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikası olması heç də təsadüfi deyil. Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik.

Bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır. Müstəqilliyini bərpa etdikdən bəri Türkiyədə təhsil almış azərbaycanlıların sayı 125 mindən çoxdur. Hazırda 15 mindən çox azərbaycanlı tələbə Türkiyə universitetlərində təhsil alır. Əsgərlərimiz birgə təlimlər keçir, Əfqanıstan kimi dünyanın müxtəlif bölgələrində birlikdə fəaliyyət göstərirlər. Şübhəsiz ki, bu uğurlarda ümummilli lider Heydər Əliyevin nümayiş etdirdiyi dəyanətli liderliklə yanaşı, əziz qardaşım İlham Əliyevin səylərinin çox böyük bir payı vardır.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı -Tbilisi-Qars dəmir yolu, TANAP kimi birgə həyata keçirdiyimiz layihələr bütün regiona töhfəsini verir. Türkiyə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. İnşallah, Azərbaycan da çox yaxın zamanlarda Türkiyədə eyni mövqeyə malik olacaq. Digər tərəfdən, bütün bu nailiyyətlərlə bərabər, gördüyümüz işlərlə heç vaxt kifayətlənməmişik və kifayətlənməyəcəyik. Gələcəkdə bizi daha böyük vəzifələr gözləyir. Biz aramızdakı əlaqələri daha da sağlamlaşdıraraq, gələcək nəsillərə güclü bir miras qoymalıyıq. Biz minlərlə şəhidimizin qanı ilə yoğrulan bu dostluğu daimi edəcək layihələri həyata keçirərək “Bir millət, iki dövlət” şüarımıza uyğun şəkildə hər sahədə əməkdaşlığımızı dərinləşdirməliyik.

Hörmətli Prezident, dəyərli dostlarım, Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir. Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik.”

x x x

Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi başlanıb.

Yüzlərlə hərbi texnikanın, uçuş vasitələrinin, zirehli texnikaların, raket və artilleriya silahlarının, hava hücumundan müdafiə sistemlərinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının, digər silah və texnikanın nümayiş olunduğu bu parad bir daha göstərdi ki, son illərdə ordumuz əhəmiyyətli dərəcədə güclənib. Güclü iqtisadiyyata söykənən güclü ordu formulu Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayələrindən birinə çevrilib. Ölkəmizin iqtisadi inkişaf tempi Silahlı Qüvvələrin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri olub.

Digər xəbərlər