Qriqori Trofimçuk: Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır

Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və bütün istiqamətlər üzrə möhkəmlənir. Bunu Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana qarşıdakı səfərini şərh edərkən xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə rusiyalı ekspert Qriqori Trofimçuk söyləyib.

Ekspert qeyd edib ki, yüksək səviyyəli görüşdə regionlararası əməkdaşlıq məsələsinin diqqət mərkəzində olacağı gözlənilir. “Artıq son görüşlərdə əldə olunmuş strateji, ilk növbədə, hərbi-texniki sahədə razılaşmalardan sonra mövcud inteqrasiya proseslərinin əsasında yenilərinin yaradılması ilə məşğul olmaq lazımdır. Bu məqsədlə Rusiya və Azərbaycan prezidentləri tərəfindən biznes nümayəndələrindən ibarət böyük qrup yaradılıb”, - deyə Q.Trofimçuk əlavə edib.
“Bu cür genişmiqyaslı danışıqlar Qarabağ probleminin müzakirəsi olmadan mümkün deyil. Zənnimcə, bunun üçün maraqlı məqam yaranır. Artıq bütün Cənubi Qafqazda, xüsusilə Ermənistanda cərəyan edən hadisələri nəzərə almaqla yeni şərait yetişib. Növbəti mərhələyə keçmək zəruridir. Bunun üçün, bütün ekspertlərin qeyd etdikləri kimi, danışıqlar formatı da daxil olmaqla bütün məsələlərdə ziddiyyətli görünən “yeni” Yerevanla danışıqlara Bakının necə gedəcəyini anlamaq lazımdır. Bu məsələ indi hər iki paytaxt - Bakı və Yerevan üçün problemdir. Nikol Paşinyanın arxasında kimin olduğu tam aydın deyil. Biz onun ABŞ-da görüşlərinin necə keçdiyini görürük. Bir sözlə demək olar ki, bəzi müşahidəçilərin yazdığı kimi, Rusiya rəhbərliyinin Azərbaycana səfəri sadəcə cavab xarakteri daşımır. O, formal səfər də deyil. İndi, sadəcə biri-birini ziyarət etmək vaxtı və şəraiti deyil. Bu kontekstdə bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyi fonunda Rusiya-Azərbaycan münasibətləri təkcə strateji deyil, həm də fundamental xarakter alır. Üstəlik, unutmaq olmaz ki, xüsusən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz, hətta bütün Qafqaz arasında zəncirin əsas halqasıdır”, - deyə ekspert vurğulayıb.
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək görüşünə toxunan Q.Trofimçuk qeyd edib ki, bu görüş Qarabağ probleminin nizama salınması üzrə danışıqlar formatının gələcəkdə necə davam edəcəyini anlamağa kömək edəcək. “Bu məsələ indiyədək tam aydın deyil və yəqin ki, nazirlərin görüşü vəziyyətə aydınlıq gətirəcək”, -deyə ekspert sözlərinə yekun vurub.

sia.az