Siyasət

  • 4 939

Azərbaycan dövləti regionların inkişafına böyük önəm verir

image

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran, Astara və Lerik rayonlarına səfər ediblər

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərə gəliblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ulu Öndərin yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlətimizin başçısına və xanımına Heydər Əliyev xatirə parkında görülən abadlıq işləri barədə məlumat verdi. Bildirildi ki, xatirə parkında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, son illər bölgələrdə müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir. Lənkəranın Haftoni qəsəbəsində inşası yenicə başa çatan Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Bu kompleksin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təxminən 11 hektar sahəsi olan kompleksdə otel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərəcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə görülən işlərlə tanış oldular.

Layihə rəhbəri Nəriman Topçubaşov məlumat verdi ki, Lənkəran İstisu Sanatoriyası ilk dəfə 1958-ci ildə istifadəyə verilib. 1974-cü ildə ərazidə dördmərtəbəli sanatoriya binası inşa edilib. Bildirildi ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına 2016-cı ilin noyabrında başlanılıb. Mərkəzin 182 nömrəlik otel binası ən yüksək standartlar səviyyəsində inşa olunub. Kompleksə daxil olan digər xidmət sahələrinin inşası davam etdirilir. Otel binasının interyerinin tərtibatında orijinal mebel və aksesuarlardan istifadə olunub. Otelin doqquzmərtəbəli binasında istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısı və xanımı oteldəki nömrələrdə yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Prezident İlham Əliyev istisu vannaları ilə tanış oldu. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşdülər. Dövlətimizin başçısı görüşdə çıxış etdi. Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkli çəkdirildi.

Oktyabrın 15-də Lənkəran Olimpiya İdman Kompleksinin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım Lənkəran Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdilər.

Gənclər və idman naziri Azad Rəhimov kompleksdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma ətraflı məlumat verdi. Bildirildi ki, kompleksin tikintisinə 2013-cü ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Lənkəran Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 15 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə idmançıların ixtiyarına verilən sayca 44-cü Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi altı hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərləri çərçivəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, yolun uzunluğu 22 kilometrdir. Hirkan-Daştatük-Biləsər avtomobil yolu uzun müddət təmir olunmadığı və burada yola asfalt qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə xüsusən payız-qış mövsümündə nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Rayonun 7 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin Sərəncamına əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,1 milyon manat vəsait ayrılıb. Görülən işlər nəticəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulub.

Prezident İlham Əliyevə Astara rayonunun Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Bildirildi ki, 9 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 11 kilometrdir. Dövlətimizin başçısının Sərəncamı ilə bu yolun tikintisinə 3,4 milyon manat vəsait ayrılıb. Avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.

Dövlətimizin başçısı Astara rayonunun Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının tikintisi ilə də maraqlandı. Məlumat verildi ki, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə ümumilikdə 11,5 milyon manat vəsait ayrılıb. Yolların tikintisi yüksək səviyyədə həyata keçirilib. Həmin yolların ümumi uzunluğu 27,4 kilometrdir. Bu yollar da iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub, sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Bu, həmçinin yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzlərinə rahat getmələrinə və tarixi mədəniyyət abidələri ilə tanış olmalarına şərait yaradacaq. Dövlətimizin başçısına və xanımına Astaraçay üzərində tikiləcək körpü və körpüyə qədər olan yolun planı barədə də məlumat verildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hirkan-Daştatük-Biləsər avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdilər. Sonda xatirə şəkli çəkdirildi.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevə abidənin ucaldıldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda həyata keçirilən layihələr barədə məlumat verdi.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib. AZƏRTAC xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” layihəsi haqqında məlumat verdi.

Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2015-ci ildə “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanılıb. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində gələcəkdə rayonda 73 min nəfərin yaşadığı 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə, bu layihədən 102 min sakin faydalanacaq.

Diqqətə çatdırıldı ki, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə layihə çərçivəsində Astara müştəri xidmətləri sahəsi üçün müasir tipli inzibati bina tikilib. Ümumi sahəsi 220 kvadratmetr olan binada işçi otaqları, IT otağı, iclas zalı zəruri avadanlıqla təchiz edilib. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb. Dövlətimizin başçısı Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin rəmzi açılışını bildirən düyməni basdı. Sonra Prezident İlham Əliyev Astara rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub. Məlumat verildi ki, park-bulvar kompleksində rayon sakinlərinin və qonaqların istirahətinin yüksək səviyyədə təşkili, onların asudə vaxtlarının yaddaqalan və mənalı keçməsi üçün geniş imkanlar yaradılıb. Xəzərin sahilindəki bu kompleks həm də Astara şəhərinin simasının daha da gözəlləşdirilməsi, onun inkişaf tempinin nümayiş olunması baxımından da çox əhəmiyyətlidir. Dövlətimiz tərəfindən vətəndaşların istirahətlərini mənalı təşkil etmək və onların asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımlar atılır. Bu istiqamətdə son illərdə çox mühüm işlər görülüb. Bu kompleksdəki şərait də bunu sübut edir. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini aydın şəkildə nümayiş etdirir. Dövlətimizin başçısı elektromobillə kompleksin ərazisini gəzdi.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoydu. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Prezident İlham Əliyevə son dövrlərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verdi.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunun Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycanda yüksək sürətli və dayanıqlı sosial-iqtisadi inkişafa nail olunub. Sosial-iqtisadi islahatların vacib tərkib hissələrindən biri də yol infrastrukturunun müasirləşdirilməsi, bu sahədə dünyanın mütərəqqi təcrübəsinin tətbiq edilməsidir. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq, ölkəmizin əsas magistral yolları qısa müddətə və müasir səviyyədə yenidən qurulub. Bundan sonra diqqət kənd və qəsəbələri birləşdirən yolların yenilənməsinə yönəlib. Prezident İlham Əliyevin diqqəti sayəsində indi ölkəmizdə kənd yollarının müasirləşdirilməsi, əvvəllər yol olmayan kənd və qəsəbələrə yüksək səviyyədə yolların çəkilməsi geniş vüsət alıb. Bu cür layihələrin miqyası və coğrafiyası ildən-ilə daha da genişlənir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Piran-Hamarat-Vijaker avtomobil yolunda aparılan yenidənqurma işləri ilə bağlı məlumat verdi. Bu avtomobil yolunun tikintisinə Prezident İlham Əliyevin bu il avqustun 18-də imzaladığı Sərəncama əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,3 milyon manat ayrılıb. Yol 9100 nəfərin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 26 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Layihənin icrası çərçivəsində suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Bir sözlə, yol müasir səviyyədə, texnoloji ardıcıllığa uyğun və bütün tələblərə cavab verməklə yenidən qurulub.

Dövlətimizin başçısına Lerik rayonunun Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Otuz min nəfərin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncamla Lerik Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat, 2014-cü ildə imzalanan Sərəncamla isə əlavə olaraq 7 milyon manat ayrılıb. 2016-cı ildə imzalanan digər Sərəncama əsasən isə yolun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,6 milyon manat vəsait ayrılıb və yolun tikintisi başa çatdırılıb. Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonra “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə haqqında məlumat verdi. Bildirildi ki, bu layihə çərçivəsində Lerik şəhərində içməli su şəbəkəsinin və sutəmizləyici qurğunun, çirkab suların şəhər ərazisindən kənarlaşdırılması üçün kanalizasiya şəbəkəsinin və çirkab sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2011-ci ildən başlanılıb. Lerik şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Zuvandçay çayı üzərində sugötürücü qurğu inşa edilib. Sugötürücü qurğudan suyun öz axımı ilə şəhər ərazisindəki sutəmizləyici qurğuya ötürülməsi üçün 17,49 kilometrlik magistral xətt çəkilib. Yay aylarında Zuvandçay çayında suyun azalması nəzərə alınaraq, əlavə olaraq Nisliçay çayı üzərində sugötürücü qurğu inşa edilib. Nisliçay çayından götürülən sular nasos stansiyası vasitəsilə uzunluğu 90 poqonmetr olan təzyiqli boru ilə Zuvandçay çayından Lerik şəhərindəki təmizləyici qurğuya çəkilən magistral su xəttinə ötürüləcək. Sugötürücü qurğulardan qəbul edilərək magistral su xətti ilə saniyədə ötürülən 20,2 litr suyun təmizlənməsi üçün şəhər ərazisində gündəlik gücü 2,6 min kubmetr olan içməli sutəmizləyici qurğu kompleksi inşa edilib. Lerik şəhəri ərazisində içməli suyun yığılması və paylanması məqsədilə tutumu 1500 kubmetr olan 4 su anbarı tikilib. Şəhərin yüksəklikdə yerləşən hissəsindəki evlərə içməli suyun nəqli üçün tutumu 500 kubmetr olan anbarda məhsuldarlığı saniyədə 1,54 litr olan iki nasos quraşdırılıb. Su anbarlarından Lerik şəhər əhalisinə içməli suyun verilməsi üçün uzunluğu 55 min 55 poqonmetr olan içməli su şəbəkəsi tikilib, 1821 ev su sayğacı ilə təmin edilərək bu şəbəkələrə qoşulub. Prezident İlham Əliyev Lerik şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib. AZƏRTAC xəbər verir ki, “Azərenerji” QSC-nin sədri Baba Rzayev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ölkənin cənub bölgəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə “2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na əsasən Lerikin elektrik təchizatı sistemində yenidənqurma işlərinin aparılması çərçivəsində rayonda gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi həyata keçirilib. Elektrik stansiyası Lerik şəhər mərkəzindən bir kilometr cənubda, Cəngəmiran kəndində 3,6 hektar ərazidə yerləşir. Burada hər birinin gücü 3,3 MVt olan beş mühərrik-generator, həmçinin 35 kV və 10 kV-luq yarımstansiyalar quraşdırılıb. Bundan başqa, gücü 25 MVA olan 35/10 kV-luq blok transformatoru, hər birinin gücü 10 MVA olan 35/10 kV-luq iki güc transformatoru və hər birinin gücü 630 kVA olan 10/0,4 kV-luq iki ədəd xüsusi sərfiyyat transformatoru da layihənin komponentləri sırasındadır. Burada gücü 500 kVA olan dizel generatoru, rele mühafizəsi və avtomatika sistemləri, həcmi 20 kubmetr olan qəza yağ tutumu sistemi quraşdırılıb. Eyni zamanda, həcmi 250 kubmetr olan yanğınsöndürmə sisteminin yerüstü ehtiyat su çəni qoyulub, diametri 200 millimetr olan 6 kilometrlik qaz xətti, uzunluğu 25 kilometr ikidövrəli 35 KV gərginlikli elektrik verilişi, uzunluğu 16 kilometr olan 10 KV gərginlikli 8 elektrik verilişi xətləri çəkilib. Dövlətimizin başçısı elektrik stansiyasını işə saldı.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş bağçalardan biri də Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasıdır. Bu cür gözəl və hərtərəfli şəraiti olan körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bir daha sübut edir ki, dövlətimizlə bərabər, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da gələcəyimiz olan uşaqlarla bağlı bütün məsələlərə xüsusi həssaslıqla yanaşır, onların sağlam və xoşbəxt böyüməsi üçün əlindən gələni əsirgəmir. Müasir görkəmi ilə seçilən belə müəssisələr həm də yerləşdiyi ərazinin gözəlliyini daha da artırır.

Bildirildi ki, bu uşaq müəssisəsinin inşasına 2015-ci ilin mayında başlanılıb. İnşaat işləri 2018-ci ilin mayında yekunlaşıb. İkimərtəbəli binada qrup, yataq, yemək otaqları və xidməti otaqlar var. Burada, eyni zamanda, musiqi və gimnastika, həmçinin kompüter otağı da balacaların ixtiyarına verilib. Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq, onların istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Otaqların hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Körpələr evi-uşaq bağçasının ərazisində balacaların əylənməsi üçün meydança yaradılıb. Müəssisədə 22 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdilər. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Dövlətimizin başçısı Lənkəranda xalça emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması üçün 2018-ci ilin dövlət büdcəsindən vəsaitin ayrılması barədə Sərəncam da imzalayıb. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. “Azərxalça” ASC-nin artıq istifadəyə tam hazır olan Lənkəran filialı da bu sırada mühüm yerlərdən birini tutur.

Bildirildi ki, “Azərxalça” ASC-nin Lənkəran filialının binasının ümumi sahəsi 1249 kvadratmetrdir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 199-cu kilometrliyində yerləşən filialın binasının tikintisinə bu ilin martında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin bölgənin müxtəlif kəndlərindən toplanan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Sonra dövlətimizin başçısı və birinci xanım müəssisənin kollektivi ilə görüşüb söhbət etdilər. Xalçaçılar Sevda Cəbrayılova, İradə Əliyeva, Nargilə Qənbərova və başqaları ölkəmizdə qədim xalçaçılıq sənətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər. Sonda xatirə şəkli çəkdirildi.

Digər xəbərlər