Ülvi Quliyev: Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər

“Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər”. Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev deyib.

Ü.Quliyev bildirib ki, gənclərimiz dövlətimizin dəstəyi ilə mühüm yerli və beynəlxalq tədbirlərdə uğurla çıxış edir, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ edirlər. Onun sözlərinə görə, bu tədbirlər Azərbaycan gənclərinin dünyagörüşünün, fəallığının artmasında, onların beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayıb.
“Müstəqilliyin bərpasından indiyə kimi Azərbaycanda gənclər sahəsində mühüm uğurlar əldə olunub. Bu uğurların əsas səbəbi dövlət gənclər siyasətinin təməlinin sağlam zəmində formalaşdırılması olub. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətimizin başçısının bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə gənclərin inkişafı ilə bağlı mühüm dövlət proqramları və strategiyaları qəbul olunub, Gənclər mərkəzləri, Gənclər evləri, Olimpiya İdman kompleksləri istifadəyə verilib. Bu sahədə uğurlu fəaliyyətin əsasında möhkəm qanunvericilik bazası da mühüm rol oynayır. Bu baxımdan 2002-ci ildə parlamentdə qəbul olunmuş “Gənclər siyasəti haqqında” qanun böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin sürətli inkişafı nəticəsində yaranan zərurətlə əlaqədar bu qanuna zaman-zaman yeni əlavə və dəyişikliklərin edilib”-deyə, komitə sədri vurğulayıb.

yap.org.az