Siyasət

  • 4 224

Azərbaycan-Belarus əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

image

Prezident İlham Əliyev Belarus Respublikasına rəsmi səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 19-da Minskdə rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib. Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olunub. Sonra Prezident İlham Əliyev Belarus Respublikası müstəqilliyini bərpa etdikdən sonra Prezident Aleksandr Lukaşenkonun rəhbərliyi dövründə paytaxt Minskdə, həmçinin digər şəhərlərdə əsaslı şəkildə bərpa olunan tarixi memarlıq abidələrinin, o cümlədən kilsə, qəsr və digər abidələrin fotolarına baxıb.

Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, , təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb:

“Əziz İlham Heydər oğlu, Belarus Sizi gözləyirdi. Rəsmi səfər barədə məlumat çox idi. Bildiyiniz kimi, bunun üçün müxtəlif səbəblər vardı. Bəzən feyk xəbərlər də olurdu. Hərçənd, bu da bir nəticədir. Hətta həqiqətə uyğun olmayan müəyyən mənfi informasiya da bəzən müsbət nəticə verir. Buna görə də Sizin səfərinizə səmimi maraq vardı. Biz bunu çoxdan gözləyirdik. Azərbaycan haqqında çox danışırdılar. Dediyim kimi, bunun səbəbləri çox idi. Səbəblər əsasən xoşniyyətli idi. Beloruslar Azərbaycanı bizə çox dost olan, bizim yaxşı münasibət bəslədiyimiz qardaş respublika kimi qəbul edirlər. Bu, həm Prezidentlər arasında, həm hökumətlərarası komissiyada, həm də ticari-iqtisadi sahədə münasibətlərə aiddir. Bunu demək kifayətdir ki, təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb.

Bir daha təsdiqləmək və Sizi əmin etmək istəyirəm ki, bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq. Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq. Kiminsə bunu istəyib-istəməməsindən asılı olmayaraq, bizim köklərimiz sovet dövrünə və bəlkə daha uzağa gedib çıxır - 10-15 nəsil bundan əvvəlki həmvətənlərimiz Sizin həmvətənlərinizlə yaxşı münasibətdə olublar. Siz tarixçi kimi bunu yaxşı bilirsiniz. Buna görə də Sizi Belarus torpağında salamlayırıq. Bizə tez-tez gəlin. Hava bugünkü kimi olmayanda gəlin. Hərçənd, bunun da bir ləzzəti var - xüsusən Bakının quru küləyindən sonra. Düşünürəm ki, qışqabağı Minskdə olmaq və ona tamaşa etmək Sizin üçün faydalı olacaq. Onun öz gözəlliyi var. Ən azı onu görmək lazımdır. Buna görə şadam ki, Siz bizə təşrif gətirmisiniz. Danışmağa mövzu var. Bizim bütün sahələrdə - həm ticari-iqtisadi, həm diplomatik, həm siyasi münasibətlərimiz yaxşıdır, hərbi sahədə yaxşı münasibətlərimiz var. Lakin mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır. Buna görə əminəm ki, Sizin Belarusa bugünkü səfəriniz perspektivdə bizim münasibətlərimizin möhkəmlənməsi yolunda yeni addım olacaq.”

X X X

Azərbaycan Prezidenti İlham Əliyev:

“Sağ olun, əziz Aleksandr Qriqoryeviç. İlk növbədə dəvət üçün Sizə təşəkkür edirəm. Yenidən qardaş Belarus torpağında olmağıma çox şadam. Bildiyiniz kimi, bu, Sizin ölkənizə mənim ilk səfərim deyil. Mən Belarusda tez-tez oluram, Siz də Azərbaycana tez-tez rəsmi səfərlər edirsiniz. Bu, bizim yaxşı münasibətlərimizin, məhz ölkələrimiz arasında çox yaxın dostluq əlaqələrinin göstəricisidir.

Bu əlaqələrin çox mühüm tarixi aspekti var. Xalqlarımız onilliklər boyu bir-biri ilə fəal ünsiyyətdə olub, əməkdaşlıq ediblər, müstəqillik dövründə isə bu əməkdaşlıq, əlbəttə ki, tamamilə yeni səviyyəyə çatıb.

Bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərimizlə bağlı müəyyən hadisələri yada salanda bizim cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır. Vacib olan odur ki, bizim dostluq əlaqələrimiz ölkələrimizin cəmiyyətləri tərəfindən də çox müsbət qəbul edilir. Bilirəm ki, Belarusda da Azərbaycana çox xoş münasibət bəsləyirlər, Azərbaycanda isə Belarusu həqiqətən qardaş ölkə və nəinki keçmiş SSRİ məkanında, həm də dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər. Bunun səbəbləri çoxdur, o cümlədən Sizinlə şəxsi münasibətlərimiz. İnsanlar bütün bunları - bizim məsələləri necə həll etməyimizi, qarşıya qoyulmuş hədəfə doğru necə getməyimizi görür və qiymətləndirirlər. Son illər bizim münasibətlərimizin fəallaşması, Sizinlə razılaşdırdığımız məsələlərin həlli dövrüdür. Münasibətlərimiz məhz onunla fərqlənir ki, biz razılığa gəldiyimiz bütün məsələləri yerinə yetiririk. Biz bütün beynəlxalq qurumlarda bir-birimizi dəstəkləyirik, əməkdaşlıq edirik, Sizin qeyd etdiyiniz kimi, ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir. Sənaye kooperasiyası çox fəal inkişaf edir. Hərbi-texniki, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın da yaxşı tarixi var. Yəni, biz bütün istiqamətlərdə müsbət, yaxşı əhval-ruhiyyə, konkret nəticələr görürük və əlbəttə, əminəm ki, mənim budəfəki səfərim həm görülmüş işləri müzakirə və təhlil etmək, onlara müəyyən yekun vurmaq, həm də gələcək əməkdaşlıq, yaxınlaşma yollarını müəyyən etmək üçün bir imkandır. Əminəm ki, bu gün biz bu istiqamətdə mühüm qərarlar qəbul edəcəyik.”

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatını Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko imzaladılar.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında sosial-əmək sahəsində əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumu”nu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Belarusun əmək və sosial müdafiə naziri İrina Kosteviç imzaladılar. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Belarusun rabitə və informasiya naziri Konstantin Şulqan imzaladılar.

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 17 oktyabr 2006-cı il tarixində Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2019-2021-ci illər üzrə Kompleks Tədbirlər Planı”nı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri Vladimir Vaşenko imzaladılar. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko imzaladılar.

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Belarusun kənd təsərrüfatı nazirinin müavini Vladimir Qrakun imzaladılar. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Belarus Respublikası Məhkəmə Ekspertizası Dövlət Komitəsi arasında məhkəmə-ekspertiza fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və Belarusun Məhkəmə Ekspertizası Dövlət Komitəsinin sədri Andrey Şved imzaladılar.

“Azərbaycan Respublikasının Baş Prokurorluğu və Belarus Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın baş prokuroru Zakir Qaralov və Belarusun baş prokuroru Aleksandr Konyuk imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun daxili işlər naziri İqor Şuneviç imzaladılar. Sənədlərin imzalanmasından sonra ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş birgə poçt markasının buraxılışı mərasimi oldu. Azərbaycanın və Belarusun dövlət başçıları markaları xüsusi ştamplarla möhürlədilər. Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko üzərində marka olan zərfi imzaladılar. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri noyabrın 19-da başa çatıb.

Digər xəbərlər