"Sarkisyan Paşinyanı ictimai formada açıq siyasi debata çağırıb” ÖZƏL-ŞƏRH

“Ermənistanın Respublikaçılar partiyasının sədri Serj Sarkisyanın birinci müavini, sabiq müdafiə naziri Vigen Sarkisyan ölkənin baş naziri səlahiyyətlərini icra edən, parlament seçkilərinə qatılan “Mənim addımım” blokunun rəhbəri Nikol Paşinyanı ictimai formada açıq siyasi debata çağırıb”. Bunu SİA-ya politoloq Ehtiram Aşırlı deyib.Onun sözlərinə görə, Vigen Sarkisyan özünün “facebook” səhifəsində yazıb: “Bildirib ki, 9 dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün təşviqat kampaniyasında Paşinyanın əvvəlki hökumətə qarşı təhqirləri və əsassız tənqidlərini, həmçinin, Ermənistan cəmiyyətini “ağlara” və “qaralara” ayırmasını və bununla da, seçki prosesini ləyəqətsiz şəkildə alçatmasını nəzərə alaraq, yalnız Respublikaçılar və “Mənim addımım” blokunun birinci şəxsləri səviyyəsində İctimai televiziyada ayrıca teledebatın keçirilməsi vacibdir.Lakin Paşinyanın mətbuat katibi Vaan Kostanyan jurnalistlərə açıqlmasında bəyan edib ki, “Mənim addımım” bloku hələ ki televiziyalarda qanunla nəzərdə tutulmuş ödənişli təşviqat vaxtından istifadə etməyəcək. Lakin jurnalistlər Paşinyan blokunun İctimai televiziyadakı ödənişsiz təşviqat vaxtından istifadə etmədiyini irad tutublar. Kostanyan isə sadəcə deyib ki, lazımi zamanda onlara ayrılan vaxtdan istifadə edəcəklər.Erməni mediasında Paşinyanın “Mənim addımım” blokunun bu mövqeyi “qorxaq addım” kimi dəyərləndirilib.Kostanyanın keçirdiyi mətbuat konfransında jurnalistlər onu da irad tutublar ki, “Mənim addımım” blokunun təşviqat video-roliklərinin sakit və sülh-sosial mahiyyətilə Paşinyanın təşviqat kampaniyası çərçivəsində etdiyi çıxışlar arasında heç bir məntiqi bağlılıq və uzlaşma yoxdur. Onların fikrincə, Paşinyan Ermənistanın gələcəyi ilə bağlı müfəssəl seçki platforması təqdim etmək əvəzinə, çıxışlarında əvvəlki hakimiyyətə münasibətdə döyüş ritorikası ilə silahlanıb.Bu cür əsaslı iradlar qarşısında aciz qalan Kostanyan isə Paşinyanın guya mövcud siyasi vəziyyəti müxtəlif rakurslardan əhalinin diqqətinə çatdırmağa və ölkənin gələcəyi barədə uzunmüddətli mesajlar verməyə çalışdığını deyərək suallardan yayınıb”.

sia.az