Pərvin Kərimzadə: Azərbaycan təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir

“Milli təhsilimizin inkişaf dinamikasını nümayiş etdirən Azərbaycan müəllimlərinin XV qurultayı işini uğurla yekunlaşdıraraq, tarixə qovuşdu. Son beş ildə təhsil sistemində qazanılan uğurlar, əldə edilən nəticələr, qarşıda dayanan vəzifələr qurultayın əsas mövzusu oldu. Bu illər ərzində Azərbaycanda həyata keçirilən layihələr, islahatlar nəticəsində məktəbəqədər təhsil müəssisələrində, orta məktəblərdə, peşə, orta ixtisas və ali təhsil müəssisələrində qazanılan uğurlar, nailiyyətlər qurultayda ətraflı müzakirə edildi”. Bu fikirləri yap.org.az Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın 140 ölkə arasında 69-cu yerdə qərarlaşması, təhsil indikatorları üzrə ciddi irəliləyişlərə nail olunması, Azərbaycanın göstəricilərinin dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən yüksək olması Azərbaycan təhsil sahəsinin digər sahələrlə paralel tərəqqisi yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir. Onun sözlərinə görə, təhsil sahəsində həyata keçirilən böyük islahatlar artıq öz bəhrəsini verir. Qloballaşan dünyamızda Azərbaycan təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir. Bu gün təhsil sistemimizin davamlı islahatlarla nizamlı inkişafı ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Ölkə başçısı dəfələrlə çıxışlarında qeyd edib ki, ölkənin uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır. Ölkəni tərəqqiyə doğru aparan kadrların, mütəxəssislərin hazırlanması, təhsilin, elmin inkişafıdır.
“Azərbaycanda ali təhsilin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ölkə başçisi tərəfindən təsdiq edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Azərbaycan təhsilinin inkişafına yeni istiqamətlərini müəyyənləşdirdi. Proqramın birinci istiqaməti çərçivəsində ali təhsil sistemi məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirəcək, yeni akademik mühitin yaradacaq. İkinci istiqamət isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsinə xidmət edəcək, bu məqsədlə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi həyata keçiriləcək. Gələcəkdə proqramın növbəti illərdə uğurlu icrası ali təhsilin keyfiyyətinin artırılmasına və yüksək ixtisaslı kadrların yetişdirilməsinə əhəmiyyətli töhfə verəcək”-deyə, komitə üzvü qeyd edib.

yap.org.az