“Ermənistanda qarşıdurmalar qaçılmazdır" ÖZƏL-MÖVQE

“Ermənistanda seçkiqabağı siyasi etirazlar qızışır. Əsas diqqətçəkən məqam baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən yaradılmış separatçı rejim arasındakı qarşıdurmadır”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.Onun sözlərinə görə, böhran vəziyyətində olan Ermənistanda qarşıdurmaların olması təbiidir: “Çünki birinci hakimiyyət uğrunda mübarizə gedir. Həm də “Qarabağ klanı” ilə Ermənistanın özündə olan klan arasında daim münaqişə olub. İndi isə Qərb ölkələri bu işdə fəallaşıb. Rusiya da Qərbin burada fəallaşmasından narahatdır. Ona görə də indiki dövrdə burada əsasən Qərblə-Rusiya arasında mübarizə gedir. Təbii ki, bu mübarizənin də gərginləşməsi Azərbaycanın xeyrinədir. Çünki nə qədər düşmən tərəf öz sürüşkən mövqeyini ortaya qoysa, nə qədər böyük dövlətlər onun sürüşkənliyini görsələr onu müdafiə etməkdən əl çəkərlər və Azərbaycan da bundan qazanar. Bu ərazi bütövlüyümüzün də bərpasına kömək edə bilər.Paşinyanın Qarabağdakı separatçı Saakyan rejimi ilə zidd düşməsi təəccüblü deyil. Çünki Saakyan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın adamıdır. Bununla yanaşı Paşinyan "Qarabağ klan”ının mövqeyini zəiflətməyə çalışır. Lakin Paşinyan ilk zamanlar Azərbaycana qarşı sərt bəyanatlar səsləndirməklə "Qarabağ klanı”nın dəstəyini almaq niyyətində idi. Lakin sonrakı proseslərdə Paşinyanın "Qarabağ klanı”na bağladığı ümidlər özünü doğrultmadı”.

sia.az