Siyasət

  • 3 121

Yeni Azərbaycan Partiyasında gənclərlə görüş keçirilib

image

Əli Əhmədov: “Bugünkü gənclər gələcək siyasətçilərdir, idarəedicilərdir”

Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında YAP-ın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun gənclərlə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP sədr müavini Əli Əhmədov qeyd edib ki, fevral ayının 1-də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 2 Fevral Gənclər Günü münasibətilə gənclərlə toplantı keçirdi, onlara öz tövsiyələrini verdi, eləcə də, gənclərin dövlətin diqqət mərkəzində olması ilə bağlı mesajlarını çatdırdı: “Azərbaycan Prezidenti gənclərlə dialoqa böyük önəm verir. Bütövlükdə, əhali ilə dialoqun qurulması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir.

Bir halda ki, siyasətin əsas qayəsini insanlara qayğı təşkil edir, onlarla dialoq mühüm əhəmiyyət kəsb edir. İnsanların arzu və istəklərini bilmədən, onlara düzgün xidmət göstərmək çətin olar. Cənab Prezident çox tez-tez Azərbaycanın müxtəlif bölgələrinə səfər edir və vətəndaşlarla görüşür, onlarla dialoq qurur ki, istək və arzularını öyrənsin və bunu həyata keçirilən siyasətdə nəzərə alsın. Bu mənada, gənclərlə olan görüş də xüsusi önəm təşkil edir”.

“YAP-ın 700 mindən çox üzvünün əksəriyyəti gənclərdir”, deyə vurğulayan Əli Əhmədov, həmçinin, bildirib ki, hər il partiyaya 25-30 min arasında yeni üzvlər qəbul olunur və bu üzvlər arasında gənclər üstünlük təşkil edir: “Bu, o deməkdir ki, gənclər Ulu Öndər Heydər Əliyev irsini öyrənməyə önəm verir, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bunu YAP-a üzv olmaqla nümayiş etdirirlər”.

Onun sözlərinə görə, seçki kampaniyalarının uğurla baş tutmasına da gənclər böyük töhfələrini verirlər: “Bütün bunların hamısı, ondan xəbər verir ki, gənclər YAP-ın fəaliyyətinə dəstək verirlər. Bizim də gənclərdən gözləntilərimiz odur ki, yaxşı oxusunlar, biliklərə yiyələnsinlər, yaxşı mütəxəssislər olsunlar. Ən əsası, gənclərimiz vətənpərvər olmalıdır. Harada olmalarından asılı olmayaraq, vətənpərvərlik prinsipi əsasında davranmalıdırlar. Gənclər, eyni zamanda, ictimai-siyasi həyatda da fəal olmalıdırlar, çünki bugünkü gənclər gələcək siyasətçilərdir, idarəedicilərdir”.

YAP-ın İcra katibi vurğulayıb ki, partiya öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər: “2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizəd qismində iştirak etsin və özlərini sınasınlar. Bununla da, ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər”.

“Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Onlar bundan qıcıqlanırlar, bizim inkişafımızdan məyus olurlar. Müxtəlif formada inkişafın qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar” deyə bildirən Əli Əhmədov, həmçinin, bildirib ki, zaman-zaman bəzi xarici təşkilatlar Azərbaycanın tutduğu inkişaf yolundan qıcıqlanırlar və bunu normal qəbul etmək olar: “Belə ki, inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud ayrı-ayrı beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başadüşüləndir. Başa düşülməyən isə, Azərbaycanın daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqlarını təhrif edən Azərbaycan vətəndaşlarını çaşdırmağa çalışanlardır”.

“Mən Azərbaycan müxalifətinin kiçik bir hissəsini, Azərbaycan cəmiyyətinin çox cüzi hissəsini təşkil edən radikal müxalifətə demək istəyirəm ki, Azərbaycanda söz azadlığı təmin edilir və bu azadlıqdan istifadə etmək istəyənlər özlərinə xas olan bu hüquqdan istədikləri şəkildə istifadə edə bilir. Ancaq bu hüquqlardan sui-istifadə edərək, Azərbaycanda qarşıdurma yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyyətinə düşən qüvvələr də var” deyə qeyd edən Əli Əhmədov hesab edir ki, radikal müxalifət Azərbaycanı gözü götürməyən bis sıra qüvvələrlə qarşıdurma yaratmaq üçün lazımdır və radikalların daxillərində də sabitliyi pozmağa cəhd edənlər mövcuddur. “Radikal müxalifət mitinq keçirməyi qarşıdurma yaratmaq üçün istifadə edir” deyə bildirən YAP-ın Sədr müavini-İcra katibi, həmçinin, vurğulayıb ki, onlar söz və fikir azadlığından Azərbaycan insanını və Azərbaycan xalqını təhqir etmək üçün istifadə edirlər: “Onlar öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər. Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvələrlə sinxron fəaliyyət göstərirlər. Bəzi hallarda bir yerdə də fəaliyyət göstərirlər və onların tapşırıqlarını yerinə yetirirlər”.

Əli Əhmədovun sözlərinə görə, məhz bu mənada, Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclərin üzərlərinə bir sıra vəzifələr düşür. “Bu həqiqətləri öz həmyaşıdlarına və dostlarına izah etməyə borcludurlar. Bu partiya üzvü olaraq onların daşıdığı vəzifədir” deyə o, vurğuylayıb.

YAP Sədr müavini onu da bildirib ki, Yeni Azərbaycan Partiyası gənclər partiyasıdır: “Partiyanın sıralarında çoxsaylı gənclər təmsil olunur. Onların sayı gündən-günə artır. Gənclər YAP-ın ideyalarının həyata keçirilməsində xüsusi fəallıq nümayiş etdirirlər. Onlar dövlət əhəmiyyətli tədbirlərin reallaşdırılmasında yaxından iştirak edirlər”.

Əli Əhmədov çıxışının sonunda partiyada təmsil olunan bütün gənclərə fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edən gənclər də, öz növbələrində, YAP-ın fəaliyyətində yorulmadan, əzmlə mübarizə aparacaqlarını, partiyanın Sədri, Prezident İlham Əliyevin ətrafında daha sıx və mütəşəkkilliklə birləşib, ölkəmizin inkişafına davamlı töhfə verəcəklərini qeyd ediblər.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər