Siyasət

  • 3 916

"Beynəlxalq "ədalətin" dünyada yaratdığı xaotik vəziyyət" ŞƏRH-ÖZƏL

image

“Dünyada gedən proseslərə əsasən deyə bilərik ki, üçüncü dünya müharibəsi baş verməsə də, hər halda lokal müharibələr davam edəcək və bu getdikcə daha da şiddətlənəcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.O bildirib ki, soyuq müharibə dövründə mövcud olan ikiqütblü dünya nizamı pozulub və yeni dünya düzəni formalaşmaqdadır: “Bu isə böyük güc mərkəzləri arasında qlobal miqyaslı qarşıdurmaya səbəb olub. Çünki, bəzi böyük dövlətlər, məsələn, Rusiya və Çin yeni ABŞ-ın yeni dünya nizamı formalaşdırmaq cəhdlərinə müqavimət göstərirlər və Soyuq müharibə dövründəki hegemon mövqelərini qoruyub-saxlamağa çalışırlar. Məsələn, onlar BMT-də islahatların əleyhinə çıxış edirlər, çünki Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüquqları var, ABŞ isə BMT-nin ləğvinin tərəfdarı kimi davranır. Hər halda, bir sıra beynəlxalq aksiyaların, məsələn Körfəz savaşının BMT sanksiyası olmadan başlaması bunu deməyə əsas verir. Yaxud, ABŞ-ın YUNESKO-dan çıxması gələcəkdə BMT sisteminin çökməsinə səbəb ola bilər”."Yeni dünya nizamı regional münaqişələrlə müşahidə olunacaq"Politoloq söyləyib ki, yeni dünya nizamının formalaşması bir çox regionlarda baş verəcək, regional münaqişələrlə müşahidə olunacaq: “Hər halda bu gün Yaxın Şərq, Cənubi Qafqaz, Latın Amerikası, Cənubi Asiya, Asiya Sakit okean hövzəsi böyük güc mərkəzləri arasında geosiyasi savaş poliqonuna çevrilib. Soyuq müharibə iki böyük güc mərkəzi arasında baş verən qarşıdurma idi, SSRİ və ABŞ birbaşa vuruşmasalar da, 1962-ci ildə Kubada nüvə müharibəsinin astanasında idilər. Lakin həmin dövrdə də indi olduğu kimi adi silahların tətbiqi ilə regional müharibələr baş vermişdi. Məsələn, Koreya, Vyetnam, Əfqanıstan müharibələri, ərəb-israil müharibələri, Folkland savaşı, Kipr toqquşması və s. O zaman da qarşıduran tərəfləri ABŞ və Rusiya dəstəkləyirdi, necə ki, bu gün Suriyada, Venesuelada, Cənubi Qafqazda eyni proseslər baş verir”.

"Yaxın illərdə müharibələr səngiməyəcək"
Yaxın illərdə müharibələrin səngiməyəcəyini deyən N. Məmmədova vurğulayıb ki, əksinə terror, regional müharibələr, geosiyasi nüfuz, planetin resursları və enerji bazarları uğrunda mübarizə artacaq, güc mərkəzləri arasında bir çox qitələrdə qarşıdurma davam edəcək: “Lakin iki və daha artıq güc mərkəzi arasında ittifaq ehtimalı zəif olduğu üçün onların birləşib daha güclü rəqibə qarşı balansı öz xeyirlərinə dəyişməsi ehtimalı zəifdir. Məsələn, Çin, Rusiya, AB öz aralarında birləşsə, müəyyən qədər ABŞ hegemonluğuna müqavimət göstərmək iqtidarında olardı. Lakin bu mərkəzlərin özlərinin arasındakı ziddiyyətlər onlara fövqəldövlətə qarşı birləşməyə imkan vermir. ABŞ-AB, AB-Rusiya, ABŞ-Çin, Çin-Rusiya və s. dərin ziddiyyətlər girdabındadır. Belə bir şəraitdə müharibə və münaqişələr, terror təhlükəsi, separatizm qaçılmazdır”.
"Beynəlxalq ədalətin mövcud olmaması dünyada xaotik vəziyyətə gətirib çıxarıb"
Politoloq qeyd edib ki, ikili standartlar beynəlxalq hüququn effektiv olmamasını şərtləndirən başlıca amildir: “Beynəlxalq ədalətin mövcud olmaması, güclünün üstünlüyü dünyadakı hazırkı xaotik vəziyyətə gətirib çıxarıb. Texnoloji inkişaf artdıqca mənəvi dəyərlər tənəzzülə uğrayıb, rəngli inqilablar, dövlət çevrilişləri, terror, silahlı münaqişələr kimi radikal vasitələr demokratik prinsiplər, diplomatiya, danışıqlar yolu ilə anlaşmazlıqların həllini mənasız vasitəyə çevirib. Bütün problemlərin kökündə müdrikliyin olmaması, dəyərlərin deqradasiyası, sülh ideyasının yetərli qədər təşəkkül tapmaması, eqoist maraqlar dayanır. Bəşəriyyət dördüncü sənaye inqilabına qədəm qoyur, süni intellektin məhsullarının əyani şahidi oluruq, lakin 21-ci əsrdə zərərli ideyalar təəssüf ki, hələ də üstünlük qazanmaqda davam edirlər, insanların təfəkküründə mənəvi dəyərlərlə bağlı isə yaxşılığa doğru heç bir şey dəyişməyib”.

sia.az

Digər xəbərlər