Tahir Süleymanov: Ölkəmizin hərtərəfli inkişafı regionların timsalında da özünü yüksək səviyyədə ifadə edir

“Azərbaycanda yüksək vətəndaş məmnunluğu yaradan dəyərlər formalaşıb. Belə ki, Prezident İlham Əliyev həmişə qəti mövqe və siyasi iradə ortaya qoyaraq komandasının diqqətini, dövlətin resurslarını ən ümdə məsələlərə yönəldir. Bu məsələlər sırasında sosial sfera, vətəndaşlara qayğı prioritet təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır.
“Ölkəmizin hərtərəfli inkişafı regionların timsalında da özünü yüksək səviyyədə ifadə edir. İnkişaf nəticəsində Azərbaycanın regionları bu gün dünyanın turizm məkanlarına çevrilməkdədir. Onun sözlərinə görə, hər il minlərlə, on minlərlə xarici turist Azərbaycanın bölgələrinə, son dərəcədə müasir və beynəlxalq standartlara cavab verən istirahət, turizm məkanlarına axın etməkdədirlər. Ümumiyyətlə, 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən regionlarin sosial-iqtisadi inkişafı Dövlət proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynadı. Keçən 15 il ərzində üç Dövlət Proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə artaraq dünya miqyasında rekord göstəriciyə imza atdı. İxracın 4,7 dəfə, valyuta ehtiyatlarımızın isə 24 dəfə artması və paralel olaraq iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması nəticəsində Azərbaycan güclü və regional iqtisadiyyat qurmağa nail oldu.
Ölkənin dayanıqlı və inklüziv inkişafına nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən uğurlu işlərin davam etdirilməsi üçün qəbul edilən yeni 4-cü Dövlət Proqramı da regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilməsi və əhalinin rifah halının daha da yaxşılaşması yönümündə hazırlanmış mühüm Dövlət proqramıdır”-deyə, T.Süleymanov vurğulayıb.

yap.org.az