Hicran Hüseynova: Dünyada Azərbaycan qədər qadınların hüquqlarının müdafiəsini təmin edən güclü qanunvericilik bazasına malik çox az ölkə var

Dünyada Azərbaycan qədər qadınların hüquqlarının müdafiəsini təmin edən güclü qanunvericilik bazasına malik çox az ölkə var.

Bunu Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media" adlı konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, Azərbaycanın müsəlman dünyasında qadınlara səsvermə hüquqlarının verildiyi ilk ölkə olduğu unudulmamalıdır:
"Azərbaycan gender bərabərliyinin təmini yolunu seçib və bu günə qədər qadınların hüquqlarının müdafiəsini davam etdirir. Cəmiyyət qadınların hüquqlarına diqqət yetirməlidir, çünki cəmiyyət inkişaf edə bilməz. Bu gün Azərbaycanda çox güclü balanslaşdırılmış gender siyasəti həyata keçirilir".
H.Hüseynova qeyd edib ki, Azərbaycanda ilk dəfə keçirilən bələdiyyə seçkilərində qadınların təmsilçilik göstəricisi 4 faiz idi: "Biz araşdırdıq və gördük ki, bunun əsas səbəbi qadınların özlərinə inamsızlığı idi. Bu gün aparılan tədbirlər sayəsində bələdiyyə orqanlarında qadınların təmsilçilik faizi 35-ə yüksəlib. Amma bu göstərici də bizi qane etmir. Biz istəyirik ki, hər seçkidə qadınların sayı daha da artsın".
Komitə sədri əlavə edib ki, hazırda Azərbaycanda qadın hüquqları üzrə fəaliyyət göstərən təşkilatların sayı 200-dən çoxdur. Bu da qadınların özlərinə inamının artması ilə izah oluna bilər.

yap.org.az