Ermənistan hakimiyyətində qütbləşmə və acından ölən xalq reallığı

Gevork Petrosyan: ““Kimlərin hakimiyyətdə olması və həyatdan həzz alması 70 faizi aclıqla mübarizə aparan xalq üçün əhəmiyyətli deyil”

Ermənistan parlamentinin “Çiçkələnən Ermənistan” partiyasından olan fraksiya üzvü Gevork Petrosyan Facebook səhifəsində yazıb ki, iqtisadi inqilabın gecikməsi siyasi inqilabı mənasız edir. SİA-nın məlumatına görə, erməni deputat nəticədə hakimiyyət dəyişkiliyinin də heç bir rol oynamadığına işarə vuraraq qeyd edib ki, belə vəziyyətlərdə soyuqqanlı və obyektiv olmaq lazımdır: “Kimlərin hakimiyyətdə olması və həyatdan həzz alması 70 faizi aclıqla mübarizə aparan xalq üçün əhəmiyyətli deyil – istər bu və ya digəri olsun. Əvvəl-axır bu ölkədə kimsə üzə çıxıb deməlidir ki, sadəlöhv xalq hələ nə qədər gözləməlidir?”, deyə Gevork Petrosyan yazıb.
Əks qütblər əsasən parlamentin spikeri Ararat Mirzoyan və baş nazirin mətbuat katibi Vladimir Karapetyandır
Bu arada, ölkənin “Past” qəzeti yazır ki, Ermənistanda bir il öncə baş vermiş siyasi inqilab xalqa heç nə verməyib və bu istiqamətdə boş vədlər irəli sürülür. Lakin digər tərəfdən, hakimiyyətin daxilində qarşıdurma və ziddiyyətlər yaşanır.Paşinyan hakimiyyətində qütbləşmə baş verdiyini yazan erməni nəşrinə görə, artıq hakimiyyət daxilində bir neçə qanadlar var və Paşinyan nə qədər bəyan etsə də ki, həmin qanadlar onu qorumaq üçündür, bu iddia məntiqsiz görünür.Qəzet hakimiyyətdaxili qütbləşmədə konkret adlara da toxunub. Əks qütblər əsasən parlamentin spikeri Ararat Mirzoyan və baş nazirin mətbuat katibi Vladimir Karapetyandır.“Yeri gəlmişkən, hələ hakimiyyətə gəlməmişdən qabaq bu iki şəxs arasında kəskin ziddiyyətlər olub və bu da onların teledebatları vaxtı üzə çıxan fikir ayrılıqlarından başlayıb”, “Past” yazır.
Erməni KİV-lərində “İnqilab N2 gəlir” ifadəsi
Ümumiyyətlə, Ermənistanda hakimiyyət daxilindəki qütbləşmələr bununla da sona çatmır. Ermənistan KİV-ləri güc strukturları arasında da kəskin qarşıdurmaların yaşanması barədə məlumatlar verirlər. Polis, Milli Təhlükəsizlik Xisməti, prokurorluq və s. strukturlar arasında bir sıra həll olunmayan məsələlər var ki, ümumilikdə bütün bunlar xalqın ac və səfalət olması reallığını arxa plana keçirir. Daha dəqiq desək, Ermənistandakı mövcud hakimiyyətin inqilab eyforiyası bitib və verilən vədlərin heç biri reallaşdırılmayıb. Bu isə ölkədə yeni və daha kütləvi inqilabın baş verməsi anonsunu önə sürür. Əbəs deyil ki, artıq erməni KİV-lərində “İnqilab N2 gəlir” timsalında ifadə səslənməyə başlayıb.

sia.az