Yalnız yüksək amallara xidmət edən cahanşümul bir ideya, qloballaşan dünyada gedən proseslərin obyektiv dərkinə əsaslanan hərtərəfli işlənib hazırlanmış elmi konsepsiya bu gün haqqında hər birimizin böyük qürur hissi ilə danışdığımız müstəqil, dinamik inkişaf edən Azərbaycan reallığını ərsəyə gətirə bilərdi. Yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə, millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab oluna bilər. 15 iyun Milli Qurtuluş Gününün yaranma fəlsəfəsi də məhz yuxarıda qeyd etdiyimiz ali və uca missiyaya xidmət edən bir ideologiya ilə silahlanmış qüdrətli rəhbərin düşüncə və fəaliyyəti prizmasında dəyərləndirilməlidir.

Ümummilli Lider Heydər Əliyevin vaxtilə söylədiyi «Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm» deyimini bu gün də həyacansız xatırlamaq mümkün deyil. Ona görə ki, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı, lakin əsl milli dəyər mahiyyətini bugünkü uğurlarımızda daha real dərk etdiyi müstəqillik idealında cəmiyyətimizin qarşılaşdığı məşəqqət, faciəli anlar ağrılı günlər öz izini qoymuşdur. Ulu Öndərin bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, çünki bu optimizmdə onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapmışdır. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir.
Ulu Öndər özünün bütün siyasi karyerası boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir. O, istər dərin məzmunlu çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaratmışdır. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdətini görürük. Məhz bu məqamda, istər sovet imperiyasının ağır repressiya maşının tam gücü ilə işlədiyi dövrdə, istərsə nisbi sabitlik və sülhün hakim olduğu vaxtlarda və nəhayət yeni ictimai-siyasi, iqtisadi epoxa ilə şərtlənən mürəkkəb müstəqillik illərində doğma xalqına xidmətin ən müxtəlif forma və metodlarını müəyyənləşdirən, tapıb üzə çıxaran Heydər Əliyev özünün zamana qalib gələn qüdrətli şəxsiyyəti ilə tarix səhnəsində olduqca əzəmətli görünür.
Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz dörd illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. O, Vətəndaş, Şəxsiyyət, Lider kimi bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.
Məlum olduğu kimi,insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. Insan hüquqları ciddi elmi araşdırmaların predimetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkərin Konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur. Bununla yanaşı, insan hüquqları ideyasının həyata keçirilməsi hələ də bir çox anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili və beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır.
Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Ən əsası isə Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan, müstəqil Azərbaycanın ideoloji-iqtisadi əsaslarını (Azərbaycançılıq ideologiyası və “Əsrin müqaviləsi”) möhkəmləndirdikdən az sonra müəllifi olduğu 1995-ci il Konstitusiyasında insan hüquq və azadlıqlarını təsbit etdi və hüquqi təminat altına aldı. Beləliklə, olduqca qısa zaman kəsiyində müdrik rəhbərimizin dəmir məntiqi, silinməz dəsti xəttinin, zəngin həya təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan, dünyn standarlarının tələblərinə tam dolğunluğu ilə cavab verən konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu. Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi- referendum yolu ilə qəbul olundu. Bu gün Əsas qanunu iftixar hissi ilə xalqımız haqlı olaraq “Heydər Əliyev konstitusiyası” adlandırır, eyni zamanda onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir. Bu, xalqın rəhbərinə olan sonsuz və ülvi məhəbbətin ifadəsi, konstitusiyanın hazırlanmasında, müzakirəsində və qəbul edilməsində yorulmaz fəaliyyətinə verdiyi halal qiymətdir.
Siyasi sistem özündə müxtəlif profilli komponentləri cəmləşdirən çoxfunksiyalı strukturdur və bu sistemin hər bir komponenti özünün xüsusi strukturuna və ifadə xüsusiyyətlərinə malikdir. Belə çox funksiyalı strukturu təşkili edən ayrı-ayrı komponentlərin (institusional, funksional, requlyativ, kommunikativ, ideoloji profilli kompanentlər) formalaşmasında Heydər Əliyev fenomeninin rolunu bir məqalə çərçivəsində şərh etmək çox çətindir. Lakin danılmaz həqiqətdir ki,Azərbaycanda siyasi sistemin təşəkkül tapmasında məhz onun müstəsna xidməti vardır. Belə ki,onun 30 ildən artıq bir müdəttdə Azərbaycanda siyasi hakimiyyətin başında olması faktının özü çağdaş Azərbaycanın siyasi sisteminin formalaşmasında Heydər Əliyev fenomeninin hansı rolu malik olmasını aydın şəkildə göstərir. Çünki məhz siyasi hakimiyyət siyasi sistemin elementlərinin təmərküzləşməsi və formalaşması baxımından ən vacib amildir. Siyasi sistemdə cəmiyyətin həyatının bütün yönləri – cəmiyyətin mövcudluğunun iqtisadi şərtləri, cəmiyyətin sosial və milli strukturu, ictimai şüurun vəziyyəti və səviyyəsi, mədəniyyət və s. -- öz əksini tapır. Məhz siyasi sistem vasitəsilə cəmiyyətin əsas maraqları, sosial prioritetlər müəyyənləşdirilir ki, sonralar onlar siyasətdə möhkəmlənir.
XXI əsr tarixə sivilizasiyanı keyfiyyətcə yeni bir mərhələyə yüksəldən qloballaşma əsri kimi daxil olmuşdur. İnkişaf səviyyələrində, din və mədəniyyətlərində, tarixi ənənələrində mövcud olan fərqlərə baxmayaraq, qlobal proseslər dünya ölkələrinin və xalqlarının bir-birindən qarşılıqlı asılılığını getdikcə artırır. Bu proseslər xalqların və bütövlükdə sivilizasiyanın taleyini həlledici dərəcədə müəyyən etməyə başlamışdır. Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət bu günkü qlobal reallığın və fundamental tendensiyaların mükəmməl dərkinə əsaslanır və hazırki planetar miqyaslı konyuktur dəyişikliklərə tamamilə cavab verir.
Müasir dövrdə ictimai həyatın bütün sahələri kimi, mədəniyyətlər də getdikcə qloballaşmaya məruz qalır, fərqli sivilizasiyaların Hantinqtonun deyimi ilə sadəcə “qarşıdurması” deyil, həm də inteqrasiyası baş verir. Bu prosesdən təcrid olunmaq, öz milli məhdudluğuna qapanıb qalmaq qeyri-mümkündür. Qloballaşmanın gedişi, təbii ki, sivilizasiyaların taleyindən yan keçə bilməz. Belə ki, qloballaşan sosio-mədəni məkanda ölkələrin və sivilizasiyaların qarşılıqlı asılılığı daha da artır, miqrasiya prosesinin genişlənməsi ilə onların bir-birinə yaxınlaşması daha da intensiv səciyyə daşımağa başlayır, digər tərəfdən isə xalqların sivilizasion özünüdərki prosesi geniş vüsət alır, milli və dini zəmində ziddiyyətlər ortaya çıxır. Təbii ki, belə bir ortamda hər bir sivil dövlət qloballaşmanın ortaya çıxardığı ziddiyyətlərdən və fəsadlardan qaçaraq, bu axını xalqların iqtisadi, mədəni həyatının inkişafı üçün bir üstünlüyə çevirməlidir. Məhz bu amili nəzərə alaraq Ulu Öndər Heydər Əliyev uzaqgörənliklə demişdir ki, “Dünyanın inkişafının indiki mərhələsinin başlıca meyli qloballaşmadır. Bu mürəkkəb, heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşündürür. Bu zəruri axın dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir”. Beləliklə Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin təməlinə yerləşdirdiyi azərbaycançılıq ideologiyasının birləşdirici və ehtivaedici xarakterinin aktuallığı günümüzdə daha artıq önəm və əhəmiyyət qazanır.
Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur. Bu baxımdan əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizmin Azərbaycan modeli sınanmış və optimal variant kimi qarşımıza çıxır.
Ulu Öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq" deyən Ulu Öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.
Azərbaycanın ən yeni tarixi şəxsiyyətin və liderin ictimai-dövlət həyatındakı rolunun əsrlər dəyişdikcə nəinki azalmadığı, hətta effektiv çalarlar qazanaraq praqmatik məzmun və mahiyyət kəsb etdiyini bir daha təsdiqləyir.Təbii ki, politoloji anlamda lider dediyimiz şəxs tarixi inkişafın obyektiv qanunauyğunluqlarını dərindən dərk edən, cəmiyyətin dinamik güclərini vahid ideya ətrafında səfərbər edərək, addım-addım hədəfə çatmağa bacaran, strateji və proqressiv düşüncə tərzinə malik rəhbər modelini ehtiva edir. Belə rəhbərin fəaliyyəti möhkəm sosial-iqtisadi və ideoliji bazaya, elektoratın sonsuz inamına söykənən bir sistemə malikdirsə və bütün bu komponentlərin məcmusu yeni və qüdrətli liderə transfarmasiya edirsə, daha əzəmətli və uzunömürlü olur. Ümummilli liderimiz heydər Əliyevin layiqli varisi, möhtrəm Prezidentimiz İlham Əliyevin timsalında xalqımız öz taleyində məhz belə uğurlu fenomenə şahidlik etməkdədir.
Əsrimizin ilk prezident seçkilərində xalqımızın iradəsinə arxalanan, siyasətini milli maraqlarımızın tam tamın olunması üzərində quran, Ümummilli liderimiz heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını rəhbər tutan və regionda çoxböyük nüfuza malik olan İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə köklü dəyişiklərlə, xalqın rifah halının daim yaxşılaşdırılması Azərbaycanın dünyadakı rolunun yüksəlmsəi ilə müşaiyət olunan bu mərhələl daxili və xarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadliq və quruculuq işləri və dünyada bənzəri olmayan siçrayişli iqtisadi inkişafla tariximizə qızıl hərflərlə yazılmaqdadır.

Siyavuş Novruzov,
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,
Yeni Azərbaycan Partiyası Icra katibinin müavini

yap.org.az