Əli Həsənov: "Sivilizasiyalar arasında dialoq dövlətin yürütdüyü ali siyasi kursdur"

"Dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin istiqamətlərindən biridir. Azərbaycanın müstəqillik tarixinin son 25 ilində ölkə daxilində davamlı olaraq bu istiqamətdə dialoq dövlətin yürütdüyü ali siyasi kursdur. Lakin Azərbaycan bu dialoqu ölkə daxilində reallaşdırmaqla kifayətlənmir, eyni zamanda, qarşılıqlı hörmət və rəğbətə söykənən bu dəyərləri dövlətlərarası münasibətlərin əsas prinsiplərindən biri hesab edir. Dövlətlərarası müstəvidə bu, özünü müxtəlif sivilizasiyalar arasında əlaqələrin intensivləşməsində tapır". Bunu Azərbaycan nümayəndə heyətinin Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşündə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirib ki, Azərbaycan dövlətinin başçısı müxtəlif xüsusiyyətlərə malik sivilizasiyalar arasında dialoq, əməkdaşlıq və tərəfdaşlığı alternativi olmayan bir istiqamət hesab edir və dünya ölkələrinin bu siyasi xəttə əməl etməsi arzuolunandır: "Bütün dinləri və sivilizasiyaları təmsil edən nümayəndələrin, dövlət və hökumət rəsmilərinin iştirak edəcəkləri tədbirdə dinlərarası və sivilizasiyalararası əməkdaşlığa çağırış edən bəyannamənin qəbul olunacağı da gözlənilir. Konfransda müzakirəyə çıxarılacaq mövzular, ediləcək çağırışlar, onun təmsil etdiyi dəyərlər həm Azərbaycanın, həm Avstriyanın, həm də bütövlükdə Avropa İttifaqının kursuna tam uyğundur".Qeyd edək ki, iyunun 19-da Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda keçiriləcək beynəlxalq konfransda dünyanın 30-dan çox ölkəsini təmsil edən 300-ə yaxın dövlət, ictimaiyyət, elm və din xadimlərinin, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərlərinin, o cümlədən BMT Baş katibinin müavinləri - M.Moratinos və R.Xalikovun, Avstriya Federal Hökumətinin və parlamentinin nümayəndələrinin, habelə Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların, dini konfessiyaların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

sia.az