Siyasət

  • 3 925

Daxili çəkişmələr müxalifət partiyalarını çökdürüb

image

AXCP və Müsavatdan növbəti qopmaların olacağı gözlənilir

Dağınıq və pərakəndə halda olan müxalifət partiyaları, liderlərinin yarıtmaz siyasəti ilə, daha böyük və acınacaqlı vəziyyətlə üzləşməkdədir. Fəaliyyətlərini ancaq sosial şəbəkələrdə xalqını sevən, dövlətinə bağlı olan insanları söymək və təhqir etmək üzərində qurmaqla mövcud ağır durumlarını daha da ağırlaşdırırlar. Yenilikdən, müasir dövrün dəyişikliklərindən uzaq olan müxalifət hələ də meydan təfəkkürü ilə yaşamaqda və fəaliyyət göstərməkdədir. Bu da, təbii olaraq, müxalifətin siyasi proseslərdə uğursuzluğa düçar olmasını şərtləndirən amillərdəndir. Düzdür, mövcud ağır vəziyyəti dəyişmək üçün müxalif partiyaların rəhbərliyinə yeni simalar və yeni qüvvələr gəlir. Bir növ şəxsləri bəxtlərini, yəni şanslarını yoxlamağa cəhd göstərənlər adlandırmaq olar. Amma nə yazıqlar ki, əksər hallarda o şəxslər şanssız olurlar, nəinki cəmiyyətdə, ümumilikdə, baş vurduqları siyasət aləmində hörmət və izzət sahibi ola bilmədiklərindən uğursuzluğa düçür olub, kor-peşman əski mövqelərinə qayıdırlar. Meydana siyasi reallıqları düzgün dərk edən və xaricdən asılılığı olmayan yeni gənc liderlər çıxmalıdır. Lakin bugünkü reallıqda müxalifət düşərgəsində görmək və ya "yeni simaları" cəmiyyətə təqdim etmək mümkün deyil. Çünki siyasi arenaya çıxan yeni simalar indiki korlanmış müxalifət funksionerlərinin cərgəsində əriyərək, sıradan çıxır və ya elə onların bir tayı olurlar.

Müxalif partiyalar zibil qutusuna atılır

Mövcud faktlara istinadən, demək olar ki, müxalifət düşərgəsində bir-birinin ardınca yaradılan blok və qurumların niyə qısa ömürlü olmasını araşdırmağa da ehtiyac yoxdur. Ən azı, ona görə ki, düşərgə təmsilçilərinin dağıdıcı xarakterə, böyük iddialara malik olmalarını bilənlər blok və qurumların az müddət sonra dağılmasının heç də təsadüfi olmadığını başa düşürlər. Dağıdıcı müxalifətin növbəti birlik formatı olan "Milli Şura"nın gələcəyi ilə bağlı hələ bir neçə ay əvvəl verilmiş proqnozlar tam mənası ilə özünü təsdiqlədi. 129 nəfərin təsisçiliyi ilə yaradılan "Milli Şura" qısa müddət sonra cəmi 16 əski təsisçisi ilə qalmaq zorunda qaldı. Qurumdaxili çəkişmələr, o dərəcədə kritik xarakter alıb ki, əksər təhlilçilər "Milli Şura"nı rəqiblərin bir-birinin paxırını açıb tökmək və bir-birini, hansı xarici dairələrə işləmələrini qeyd edən "razborka" meydanına bənzədirlər. Burada söz və kompromat savaşı, çəkişmələr və didişmələr hər gün yeni mərhələyə qədəm qoyur.Proseslərə əsasən, demək olar ki, hazırkı məqamda ən təlatümlü və narahat partiyalar AXCP, ADP, KAXCP və Müsavat partiyalarıdır. Müsavatda cərəyan edən hadisələr maraqlı nüansları ortaya çıxarır. Arif Hacılının başqanılığa gətirilməsindən sonra partiya daxilində qarşıdurmalar günbəgün artmaqdadır. Partiya başqanı A.Hacılının idarəçiliyindən narazı olan qruplar açıq müstəvidə mübarizəyə başlayaraq, situasiyanı öz xeyirlərinə dəyişdirməyə çalışırlar. Bundan istifadə edən AXCP sədri Ə.Kərimli, yaranmış vəziyyətdən səmərəli istifadə etməyə çalışır. Nəzərə almaq lazımdır ki, bu iki partiya arasında əzəli düşmənçilik mövcuddur. Hər iki partiya funksioneri bir-birini sıradan çıxarmaq üçün məqam gözləyirlər. Müsavatda baş verənlər Ə.Kərimlinin işinə yaradığından, o, bütün qüvvəsi ilə Müsavatı tamamilə sıradan çıxarmağa çalışır. Müxalifət düşərgəsində hazırda iki qütbə bölünən partiya funksionerləri arasında qarşılıqlı ittihamlar güclənməkdədir. Amma Müsavat funksionerləri AXCP-nin həmlələri qarşısından geri çəkilmək fikrində deyillər. Bu, faktdır ki, son illər bir neçə yeni müxalifət partiyasının yarandığı barədə bəyanat səslənib. Hətta gizlincə, qapalı yerlərdə qurultay keçirib və bir qədər sonra filankəsin yeni partiyanın sədri olaması barədə Mətbuat Şurasının reket elan etdiyi saytlarda və ya qəzetlərdə məlumat yayılıb. Sonradan məlum olub ki, qurultay-filan olmayıb. Sadəcə, partiya sədri elan olunan şəxsin bağ evində məclis qurulub və sağlıqlardan və pafoslu tostlardan sonra təşkilatın yaradıldığı barədə qərar verilib. Eyni zamanda, məclisin yüksək xərc hesabına başa gəldiyi nəzərə alınaraq, xərc çəkən sədr elan olunub. Amma bu, bir faktdır ki, "sədr" siyasətin nə olduğunu belə anlamır. İctimai-siyasi proseslərə məişət məsələləri kimi yanaşıb, elə o tərzdə də münasibət bildirir. Elə ilk müsahibəsində və ya açıqlamasında özünü ifşa etməklə, adını siyasətdə uğursuzluğa düçar olanların siyahısına yazır.

Partiya sədrləri siyasətə gəlir mənbəyi kimi baxırlar

Bugünkü reallıq ondan ibarətdir ki, AXCP, Müsavat və ADP kimi partiya rəhbərliyində təmsil olunan şəxslər siyasətə gəlir mənbəyi kimi baxırlar. Sədrlik kreslosunu da, məhz buna görə tərk etmək istəmirlər. AXCP və Müsavat kimi partiya sədrləri xarici qüvvələrlə iş birliyinə getməklə, xarici qüvvələrdən və ya fondlardan maliyyə yardımları alıblar. Ancaq siyasətdə uğur qazana bilməyiblər. Çünki müxalifət başbilənlərindən birinin, bir zaman dediyi kimi, "pul qoyub, pul götürmək olar, amma pul qoyub, siyasətdə uğur əldə etmək olmaz". Belələri haqqında çoxsaylı faktlar-sübutlar göstərmək olar. AXCP sədri Ə.Kərimlinin, Müsavat başqanı A.Hacılının, Müsavatın keçmiş başqanı İ.Qəmbərin siyasi fəaliyyətlərinə nəzər yetirdikdə, hər şeyin məlum olduğunu görmək olar. Bu məxluqlar az qala yaşlarının yarısını siyasətə qurban versələr də, qazandıqları ancaq xalqın ittihamı, tənqid və iradları olub. Ağa qara demək, xalqın sevincinə, hakimiyyətin apardığı uğurlu siyasətə qərəzli yanaşmaq onların həyat tərzidir. Belələrinin yenilənməsinə ehtiyac var ki, bunun da reallaşmasına siyasi gəlir mənbəyi kimi baxan məxluqlar heç cür imkan vermədilər. Yalnız rayon təşkilatlarının qətiyyətinə və prinsipiallığına ehtiyac var ki, yəqin bu gözləntilər də yaxın vaxtlarda həyata keçəcək. Daha doğrusu, artıq Müsavat və AXCP-nin rayon təşkilatlarından rəhbərliyin yarıtmaz siyasətinə etiraz bildirilən açıqlanalar səslənməkdədir. Bu isə, o deməkdir ki, yaxın vaxtlarda bu partiyalardan qopmalar baş verəcək.

İ.ƏLİYEV

Digər xəbərlər