İsveçrəli deputat: məcburi köçkünlərin həyatı çətindir, onlar daha çox əziyyət çəkirlər

Düşünürəm ki, məcburi köçkünlərin həyatı çətindir, onlar daha çox əziyyət çəkirlər. Münaqişə olan ölkələrdə məcburi köçkün problemi də mövcuddur. Biz bu problemin beynəlxalq həllini tapmağa çalışırıq. Ancaq AŞPA-da dinləmələr zamanı bu məsələni siyasiləşdirməyə cəhd edildi. Avropa Şurası insan hüquqlarını, hüquqi dövləti və demokratiyanı təşviq edir. Çalışırıq çətin vəziyyətdə olan məcburi köçkünlərə yardım edək, bu problemə humanitar mövqedən yanaşaq.

Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt komitəsinin “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” məruzəsinə hazırlıq çərçivəsində təşkil olunmuş dinləmələrdən sonra moderator, isveçrəli deputat Doris Fiala söyləyib.
Deputat bildirib ki, dinləmələr zamanı o, sülh mövqeyi tutaraq vəziyyəti sakitləşdirməyə çalışıb.
Xatırladaq ki, münaqişələrdə məcburi köçkün və itkin düşmüş insanlarla bağlı təşkil olunmuş dinləmələrdə azərbaycanlı məcburi köçkünlərdən danışılanda erməni deputat məlumatları saxtalaşdırmağa, diqqəti əsas məsələdən yayındırmağa çalışsa da, moderator Doris Fiala onu susdurub və çıxışının yersiz olduğunu bildirib. “Şərh verməyin, sualınız varsa verin. Əsəbi olmaq lazım deyil, sakitləşin”, - deyə o, erməni deputatı susmağa məcbur edib.

yap.org.az