Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ekoloji mahiyyət kəsb edən bir çox layihələr həyata keçirib

“Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ekoloji mahiyyət kəsb edən bir çox layihələr həyata keçirib”. Bu fikri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu gün Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda yay məktəbinin bağlanış mərasimində deyib.

YAP tərəfindən hər il ağacəkmə aksiyalarının keçirildiyini deyən S.Novruzovun sözlərinə görə, ölkəmizdə yaşıllıqların salınması prosesində YAP üzvləri fəal şəkildə iştirak ediblər. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının ekoloji mahiyyət kəsb edən layihələrinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər zaman dəstək verir. “Biz bu istiqamətdəki layihələrimizi birgə əməkdaşlıq şəraitində həyata keçirmişik”, - deyən YAP İcra katibinin müavini buna nümunə olaraq partiya tərəfindən “700 min ağac əkək” layihəsini xatırladıb. Onun sözlərinə görə, bu layihə çərçivəsində Bakı şəhərində böyük yaşıllaşdırma işləri həyata keçirildi. Eyni zamanda, YAP-ın yerli strukturları bölgələrdə ağacəkmə aksiyaları reallaşdırıblar. S.Novruzov deyib ki, partiya tərəfindən yaşıllaşdırma aksiyaları təkcə Bakını deyil, bütün bölgələri əhatə edir.

yap.org.az