“Onlar yaxşı bilirlər ki, seçkilərdə iştirak etsələr heç bir uğur qazana bilməyəcəklər” MÜNASİBƏT

“Bir var konstruktiv müxalifət, bir də var qaragüruhçu, dağıdıcı müxalifət - Azərbaycanın milli dövlətçiliyinə, ölkənin milli maraqlarına daban-dabana zidd olan müxalifət. Təəssüf ki, bu gün fəallaşan müxalifət məhz belə bir müxalifətdir”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Aydın Hüseynov radikal müxalifətin hər seçkilər ərəfəsində boykot və s. kimi bəhanələrlə çıxış etmələrinə münasibətini açıqlayarkən qeyd edib.On un sözlərinə görə, Azərbaycan xalqı özünün inkişaf yolunu müəyyən edib: “Xalqımız Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında, strategiyası ətrafında birləşərək, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Bu gün reallaşdırılan siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarını təmin etməkdən ibarətdir. Hər bir Azərbaycan vətəndaşı həyatında, fəaliyyətində ölkə iqtidarının vətəndaşa verdiyi dəyəri görür”.“Radikal müxalifət isə başlarında 92-ci, 93-cü illərin havasını əsdirir”, deyən millət vəkili əlavə edib ki, bu cür siyasət Azərbaycan dövlətçiliyinə ziddir: “Belə bir qaragüruhçu siyasi toplumu xalqımız tanımır, tanımayıb, tanımayacaq da.Onlar illərdir ki, seçkilərdə nailiyyət qazanmayıblar. Çünki onların heç bir sosial bazaları, sosial dayaqları yoxdur. Ona görə də hər seçkilər ərəfəsində boykot və s. bu kimi lüzumsuz taktikaları işə salırlar. Onlar yaxşı bilirlər ki, seçkilərdə iştirak etsələr belə, heç bir uğur qazana bilməyəcəklər”.Aydın Hüseynov həmçinin qeyd edib ki, Azərbaycan cəmiyyəti demokratik cəmiyyətdir, ölkə ictimaiyyəti demokratik prinsiplərə söykənir və cəmiyyət bütün seçkilərdə öz iradəsini ortaya qoyur, seçimini edir, öz dövlətinin əsaslarını təşkil edən institutlarını formalaşdırır: “Ona görə də, bütün keçirilən seçkilər demokratik və şəffaf prinsiplər əsasında nəticəsini tapır. Ümumiyyətlə hər bir seçkilər Azərbaycan vətəndaşlarının öz fikirlərini azad şəkildə ifadə etməsinin təntənəsi olubdur”.

sia.az