YAP nümayəndə heyətinin Çinə səfəri uğurla davam edir

Çin Xalq Respublikasının Kommunist Partiyası (ÇXR KP) ilə Yeni Azərbaycan Partiyası (YAP) arasında partiyalararası əlaqələrin qurulmasının 20 illiyi münasibəti ilə keçirilən görüşlər uğurla davam edir. SİA-nın verdiyi məlumata görə, ÇXR KP və YAP arasında dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi əsasında "Xalq üçün xoşbəxtlik qurmaq" mövzusunda konfrans keçirilib.Konfransa Çin KP MK-nin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Van Yansyun sədrlik edib. Proqram əsasında çıxışlar olub. Çin KP MK tərəfindən - Sun Tao və YAP nümayəndə heyəti adından millət vəkili Hadi Rəcəbli çıxış edərək, konfransın əhəmiyyətindən və əlaqələrin daha da möhkəmləndirilməsindən bəhs ediblər.Çin KP MK-nin Ali Partiya Məktəbinin partiya quruculuğu şöbəsinin direktoru, professor Çju Lintszyün, YAP İdarə Heyətinin üzvü, millət vəkili Musa Quliyev, Çin KP MK-nın İu şəhəri üzrə daimi komitəsinin üzvü Çjetszyan, şəhərin vitse-meri Tsyunfu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitə sədrinin müavini, millət vəkili Sahibə Qafarova və Milli Məclisin deputatı Tahir Mirkişili "Partiya üzvlərini necə tərbiyə etməli", "Praktikada xalqın həyat səviyyəsini necə yaxşılaşdırmaq və inkişaf etdirmək", "Xalqı narahat edən problemləri necə aradan qaldırmaq" və s. mövzularda çıxışlar ediblər.Konfrans mühüm müzakirələrlə öz işinə yekun vurub.

sia.az