Siyasət

  • 3 486

Azərbaycan dövləti regionların inkişafına böyük önəm verir

image

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı və İsmayıllı rayonlarında səfərdə olub

Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı və İsmayıllı rayonlarında səfərdə olub. Ölkənin bütün regionları kimi Şamaxı rayonunda da abadlıq, quruculuq və yenidənqurma işləri uğurla davam edir. Rayonda bir-birinin ardınca mühüm əhəmiyyətli iqtisadi və sosial obyektlər istifadəyə verilir. Onlardan biri də Şamaxının Məlikçobanlı kəndində yeni tikilmiş Gülağa Ağayev adına tam orta məktəbin binasıdır. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva məktəbin açılışında iştirak ediblər. Birinci vitse-prezident Mehriban Əliyeva məktəbdə yaradılan şəraitlə tanış oldu.

Mehriban Əliyeva: Məlikçobanlı kəndində bir məktəb var?

Direktor Səftər Heydərov: Bəli, bir məktəb var.

Mehriban Əliyeva: Neçə şagird yerlik?

Səftər Heydərov: 360 şagird yerlik. 1976-cı ildə tikilmiş məktəb idi. İstismara tam yararsız idi.

Mehriban Əliyeva: Zəlzələ nəticəsində bir az da yararsız vəziyyətə düşdü.

Səftər Heydərov: Bəli.

Mehriban Əliyeva: Sakinlər tərəfindən müraciət olundu.

Səftər Heydərov: Çox sağ olun, Sizə müraciət etdik. Sizin tapşırığınız əsasında 3 mərtəbədən ibarət 460 şagird yerlik bina tikilib, bütün inventar və avadanlıqlarla təchiz edilib. Ərazi yaşıllaşdırılıb.

Mehriban Əliyeva: Yəqin şagirdlərin sayı da artıb.

Səftər Heydərov: Bəli. Başqa məktəbdə oxuyan şagirdlərimiz var idi. Yeni vəziyyəti görüb çoxu qayıdıb gəlib.

Mehriban Əliyeva: Yeni tədris ilinin başlanması və əlbəttə, yeni gözəl məktəbin açılması münasibətilə valideynləri və şagirdləri mənim adımdan təbrik edin. Mənim böyük hörmətimi və salamlarımı onlara çatdırın.

Səftər Heydərov: Çox sağ olun.

Qeyd edək ki, Heydər Əliyev Fondu təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələrini həyata keçirir. Bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasətinin həyata keçirilməsinə dəstək göstərməkdir. Hazırda respublikada 4447 məktəb fəaliyyət göstərir. Bu il ümumilikdə ölkə üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. Bu müasir təhsil müəssisəsinin istifadəyə verilməsi yeni dərs ili ərəfəsində Məlikçobanlı kəndinin sakinlərinə ən gözəl hədiyyədir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva sentyabrın 14-də Şamaxı Cümə məscidini ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, məscidin imamı Mərhəmət Mustafayev ziyarətə gələnlərin bu müqəddəs ocağın yenidən bərpa olunmasını minnətdarlıqla xatırladıqlarını bildirdi.

Mehriban Əliyeva: Buraya xaricdən turistlər çox gəlir?

Mərhəmət Mustafayev: Çox gəlirlər, gündə təxminən 500 nəfər.

Mehriban Əliyeva: Hansı ölkələrdən?

Mərhəmət Mustafayev: Bütün Avropadan, Səudiyyə Ərəbistanından, Amerikadan gələnlər var. Allah cənab Prezidentdən razı olsun.

Tarixin müxtəlif dövrlərində, təbii fəlakətlərə, repressiyalara və dağıntılara məruz qalmış Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir edilib. Prezident İlham Əliyev Fondun bu təşəbbüsünə dəstək olub, Azərbaycan - Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş edib, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə verib. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Prezident İlham Əliyev məscidin açılışında iştirak edib. Beləliklə, bu məscid təkcə Şamaxı sakinlərinin deyil, ölkəmizə gələn qonaqların da ziyarət etdiyi müqəddəs məkanlardan biridir.

Mehriban Əliyevaya müqəddəs Qurani-Kərim hədiyyə edən məscidin imamı Mərhəmət Mustafayev dedi:

-Sizi Azərbaycanın, Şamaxının bu qədim məscidində salamlamaqdan çox böyük şərəf duyuram. Allah sizlərdən razı olsun. Burada sizlərin çox böyük zəhməti var. Allah cənab Prezidentdən razı olsun. Allahın kitabını, İnşallah, Sizə hədiyyə edirəm. Allah Sizi hifz eləsin.

Mehriban Əliyeva: Çox sağ olun. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxıya səfəri çərçivəsində şəhərin Şirvanşah İbrahim küçəsi 26 ünvanında yaşayan Hicran İsmayılovaya məxsus, bu il fevralın 5-də və 6-da baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində Heydər Əliyev Fondu tərəfindən inşa edilən evdə yaradılan şəraitlə tanış olub.

Mehriban Əliyeva: Sizi görməyə çox şadam.

Hicran İsmayılova: Çox sağ olun, Allah razı olsun.

Mehriban Əliyeva: Sağ olun, bir daha xoş gördük.

Hicran İsmayılova: Allah Sizdən razı olsun.

Mehriban Əliyeva: Bu ev Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.

Hicran İsmayılova: Bəli. Siz bizi evlə təmin etmisiniz.

Mehriban Əliyeva: Qısa zamanda inşa edildi.

Anar Ələkbərov: Mehriban xanım, biz bu evi Sizin tapşırığınızla iki ay ərzində tikib təhvil vermişik.

Hicran İsmayılova: Çox sağ olun Mehriban xanım.

Qeyd edək ki, həmin zəlzələ zamanı Şamaxı ilə yanaşı, İsmayıllı və Ağsu rayonlarında da fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən zəlzələnin fəsadlarının dərhal aradan qaldırılmasına başlanıldı. Bu məqsədlə dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncamla Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. Prezident İlham Əliyevin sentyabrın 12-də və 13-də imzaladığı sərəncamlara əsasən isə Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəyən ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə bu rayonların hər birinə 2 milyon manat vəsait ayrıldı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva sentyabrın 14-də ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar. AZƏRTAC xəbər verir ki, burada rayon sakinləri ilə görüşən Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

-Salam, xoş gördük. Şamaxı rayonunda olmaqdan, sizi görməkdən çox şadam.

Birinci vitse-prezident Şamaxıya bu dəfə Prezident İlham Əliyevin tapşırığı ilə səfər etdiyini vurğulayaraq bildirdi:

- Bilirsiniz ki, cənab Prezident zəlzələdən dərhal sonra - fevralın 7-də Şamaxıya səfər etdi, vəziyyətlə tanış oldu, lazımi göstərişlər verdi və maliyyə vəsaiti ayrıldı. Mən indi görürəm ki, işlər yaxşı gedir. Üç rayon üzrə təxminən 547 fərdi ev tam yararsız vəziyyətdə idi. Onların yarısından çoxu artıq inşa olunub və insanların istifadəsinə verilib. Bərpa işləri gedir. Ümidvaram ki, dövlət bu təbii fəlakətin nəticələrini qısa zamanda tamamilə aradan qaldıracaq. Heydər Əliyev Fondu da bu işlərdə iştirak edir. Hər üç rayonda - Şamaxı, Ağsu və İsmayıllıda əhalinin xahişi nəzərə alınaraq yeni məktəblər tikilib, tibb məntəqələrində təmir işləri aparılıb. Mən sizinlə görüşməyə çox şadam.

Sakinlər: Çox gözəl. Biz də Sizin gəlişinizə çox şadıq.

Mehriban Əliyeva: Sizi salamlayıram və cənab Prezidentin də böyük salamlarını sizə çatdırıram.

Sakinlər: Çox sağ olsun. Bizim də salamlarımızı cənab Prezidentə çatdırın.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən bəri respublikamızın regionlarının inkişafı üçün kompleks tədbirlərin həyata keçirildiyini və Şamaxı rayonunda da bu istiqamətdə silsilə tədbirlərin uğurla reallaşdırıldığını vurğuladı. O, Azərbaycanda dövlət siyasətinin sosialyönümlü olduğunu və bu çərçivədə abadlıq işlərinin aparılmasının, təhsil müəssislərinin, uşaq bağçalarının və səhiyyə obyektlərinin inşası və yenidən qurulmasının da başlıca hədəflərdən biri olduğunu bildirdi. Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı rayonunun da inkişafının daim diqqət mərkəzində saxlanacağını dedi və rayon sakinlərinə uğurlar arzuladı.

Şamaxılılar ümumi amallar naminə bundan sonra da səylərini əsirgəməyəcəklərini vurğuladılar, Prezident İlham Əliyevə xüsusi salamlarının çatdırılmasını xahiş etdilər.

Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı rayonunun Muğanlı kənd sakini Zamiq Səfərova məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa olunan evə baxıb.

Mehriban Əliyeva: Xoş gördük, sizi salamlamağa çox şadam. Bu balacalar sizin nəvələrinizdir? Nə gözəl qızlardır.

Zamiq Səfərovun xanımı: Xoş gəlmisiniz. Allah Sizə cansağlığı versin.

Mehriban Əliyeva: Fevralın 5-də zəlzələ oldu, 7-də Şamaxıya Prezident gəldi və vəziyyətlə tanış oldu. Dərhal göstərişlər verdi, maliyyə vəsaiti ayrıldı. Mən çox şadam ki, yararsız, yəni, qəzalı binaların demək olar, yarısı artıq yenidən tikilərək istifadəyə verilib.

Səfərovlar ailəsi ən çətin anlarda onların yanında olmalarına və zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması üçün göstərdikləri köməyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirdi. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonuna səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib. Bu ilin fevralında baş verən zəlzələ İsmayıllı rayonuna da ziyan vurub. Dövlətimizin başçısı bu rayonda da zəlzələnin ziyan vurduğu evlərin bərpası ilə bağlı tapşırıqlarını vermişdi.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfəri çərçivəsində Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən yeni evə gəldi, burada yaradılan şəraitlə tanış oldu.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sizi yeni evinizdə xoş gördük.

Sədiqə Orucova: Xoş gəlmisiniz. Çox sağ olun.

Mehriban Əliyeva: Zəlzələ evinizi tam yararsız vəziyyətə salmışdı?

Sədiqə Orucova: Bəli. Çox sağ olun. Nə yaxşı ki, Siz gəldiniz. Minnətdarıq.

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin salamlarını çatdıraraq, gələcəkdə yeni evdə ancaq xoş hadisələrin qeyd olunmasını arzuladı.

Mehriban Əliyeva dedi:

-Mən cənab Prezidentin tapşırığı ilə Şamaxı və İsmayıllı rayonlarına gəlmişəm. Çox şadam ki, bizim vətəndaşlar belə qısa bir zamanda yeni, tam rahat, hər bir şəraitlə təmin olunmuş evdə yaşayırlar. Bir çox evlər demək olar ki, yenidən tikilir, 2 minə yaxın evdə bərpa işləri aparılır. Mən çox şadam ki, işlərin demək olar yarısı tamamlanıb. Soydaşlarımız artıq yeni, daha rahat, daha geniş evlərdə yaşayırlar. Bu işlərdə Heydər Əliyev Fondu da çox fəaldır. Heydər Əliyev Fondunun dəstəyi ilə 3 rayonda 87 fərdi ev sakinlər üçün tikilir, hər bir rayonun kəndində yeni məktəb tikilib istifadəyə verilir, tibb məntəqələrində bərpa işləri aparılır, eyni zamanda, Şamaxıda çoxmərtəbəli 170 mənzillik 3 yeni bina inşa olunur. Yəni, bu, dövlətin öz vətəndaşına göstərdiyi qayğının təzahürüdür. Azərbaycan dövlətinin siyasəti hər zaman sosialyönümlü olub və bu addımlar davam edəcək. Həm cənab Prezident, həm də hökumət tərəfindən atılan addımların əsas məqsədi Azərbaycan xalqının, Azərbaycanda yaşayan hər bir vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılmasıdır. Uzun illərdir ki, bu istiqamətdə ardıcıl işlər aparılır.

Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə görülən işlərdən danışarkən, regionların sosial-iqtisadi inkişafı proqramının əhəmiyyətini vurğuladı, bu gün bütün rayonlarımızın abadlaşdığını, yeni infrastrukturla təmin edildiyini, yeni iş yerlərinin yaradıldığını qeyd etdi.

Mehriban Əliyeva: 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı proqramı həyata keçirilir. Biz keçmişə nəzər salsaq görərik ki, bütün ölkə üzrə, bütün rayonlarımız, regionlarımız, qəsəbələrimiz, kəndlərimiz nə qədər abadlaşıb. Yeni infrastruktur yaradılıb, yeni yollar salınıb, 640 yeni müasir xəstəxana tikilib, ölkədə mövcud olan 5 min məktəbdən 4 minə yaxını ya bərpa olunub, ya da yenidən inşa edilib. Yəni, bu, bütün istiqamətlərdə aparılan işlərdir. Regionlarda həm sənaye parkları, həm də aqroparklar salınır. Bu, öz növbəsində, yeni iş yerlərinin açılmasıdır, əhalinin məşğulluğudur. Ona görə, hesab edirəm ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən atılan addımlar və proqramlar davam edəcək. Əlbəttə, bu işlər Azərbaycanın gələcək inkişafına, Azərbaycan xalqının yaşayış şəraitinin daha da yaxşılaşmasına xidmət edəcək.

Zəlzələdən əvvəl evin sahəsi 70 kvadratmetr idisə, yeni ev 100 kvadratmetrdir. 11 sot həyətyanı sahəsi olan evin otaqları tam təmir edilib.

Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva İsmayıllı şəhərinin Vahab Osmanov küçəsində inşa olunan yeni uşaq bağçasının açılışında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bağçada yaradılan şəraitlə tanış oldu.

İsmayıllı şəhərində məktəbəqədər yaşlı uşaqların sayı 2300 nəfərdir ki, onlardan 195 nəfəri məktəbəqədər təhsilə cəlb olunub. Məsələnin həlli məqsədilə Prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı Sərəncamla İsmayıllı şəhəri ərazisində yeni 100 yerlik uşaq bağçası binasının tikintisinə Prezidentin Ehtiyat Fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılmışdı. Üçmərtəbəli uşaq bağçasının binasında 5 qrupun fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb, bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Bağçanın həyətində yaşıllaşdırma işləri görülüb. Sonda xatirə şəkli çəkdirildi.

Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar. AZƏRTAC xəbər verir ki, burada ictimaiyyətin nümayəndələri ilə görüşən Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

-Salam, Xoş gördük. Sizi görməyə çox şadam.

-Sakinlər: Xoş gəlmisiniz.

-Mehriban Əliyeva: İsmayıllı rayonunda olmaqdan, sizi görməkdən çox şadam. İlk növbədə, cənab Prezidentin salamlarını sizə çatdırıram. Görürəm ki, rayonda tam inkişaf prosesləri gedir, infrastruktur yaradılır, yollar abadlaşdırılır. Yeni bağçanın açılışında olduq. Yeni məktəb, tibb məntəqəsi tikilib. Episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan 5-6 fevral zəlzələsindən sonra, ayın 7-də cənab Prezident Şamaxı rayonuna gəldi və ətraf rayonlarda bu təbii fəlakətin fəsadları ilə tanış oldu və dərhal bütün lazımi göstərişləri verdi. Bu istiqamətdə işlər aparılır, fərdi evlər, sosial və infrastruktur obyektləri bərpa olunur. 547 fərdi evdən yarısı artıq tikilib, insanların istifadəsinə verilib. İndi yeni tikilən həmin evlərin birində olduq, çay süfrəsi arxasında söhbət etdik.

Mən çox şadam ki, İsmayıllı rayonunda da Azərbaycanın bütün regionlarında gedən proseslər çox yaxşı, sürətlə gedir. Bütün bunlardan məqsəd Azərbaycan xalqının, Azərbaycanın hər bir vətəndaşının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, ölkəmizin gələcək inkişafı və daha da möhkəm, qüdrətli müstəqil Azərbaycanın olmasıdır.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Sentyabrın 14-də İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva açılışda iştirak ediblər. İvanovkalılar Mehriban Əliyevanı duz-çörəklə qarşıladılar.

Mehriban Əliyeva: Sizin İvanovka kəndində olmağıma çox şadam. Sizin yanınıza həmişə böyük məmnuniyyətlə gəlirəm.

Nikitin adına kollektiv təsərrüfatın Müşahidə Şurasının sədri Olqa Jabina: Salam. Xoş gəlmisiniz.

Mehriban Əliyeva: Sağ olun.

Milli geyimli qızlar: Bizim çörəyimizin dadına baxın.

Mehriban Əliyeva: Məmnuniyyətlə.

Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva çörəyin dadına baxdılar.

Mehriban Əliyeva: Sizin yeməkləriniz həmişə ləzizdir.

Birinci vitse-prezident Mədəniyyət Sarayında yaradılan şəraitlə tanış oldu.

Mədəniyyət müəssisəsinin musiqi kollektivi ilə görüşən Mehriban Əliyeva dedi: Salam. Sizi Mədəniyyət Sarayının istifadəyə verilməsi münasibətilə təbrik edirəm. Sizin yanınıza qonaq gələndə həmişə xoşbəxt oluram.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət Sarayının musiqi kollektivinin ifalarını dinlədi.

Olqa Jabina: Bu, bizə gözəl hədiyyədir. İndi bizim nəinki çörəyimiz, bu mahnılarımız da var. Çox sağ olun.

Mehriban Əliyeva: Sizin konsertlərinizi dinləməyə gələcəyik.

Olqa Jabina: Həmişə şadıq.

Mehriban Əliyeva: Çox sağ olun. Sizə uğurlar arzulayırıq.

Digər xəbərlər