"Bu, Azərbaycanın milli maraqlarının yad mərkəzlərə təslim edilməsi deməkdir" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə, bu adamların kariyerası siyasətlə sıx bağlıdır. Məsələ ondadır ki, Azərbaycan xalqının mandat verdiyi leqitim siyasi qruplara yox, Azərbaycan xalqının mandat vermədiyi, səs vermədiyi, Azərbaycan cəmiyyətinin leqitim saymadığı siyasi qrupların üzvüdürlər. Bax, belə bir problem vardır". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bəzi şəxslərin "Press Klub" adı altında siyasi qurum yaradanlara münasibət bildirərkən deyib:M.Ələsgərli bildirib ki, onların indiyə qədərki fəaliyyətləri göstərir ki, jurnalistika bunlara bir peşəkar mühit olaraq yox, sadəcə özlərinin siyasi ambisiyalarını, siyasi maraqlarını realizə etmək üçün bir vasitə kimi lazımdır: "Amma qanunlara və etik kodeksə görə jurnalistika vasitə olmamalıdır. Özünü media adamı hesab edən bir şəxsin gəlib jurnalistikanı vasitə, alət olaraq seçməsi yolverilməzdir. Gərək, bunlar olmasın. Problem nədir? Ən pis odur ki bunlar bu cür taktikanı zaman-zaman (1990-cı illərdə və 90-cı illərin əvvələrində, sonlarında, 2000-ci illərin əvvələrində) tətbiq ediblər. Təbii ki, Azərbaycan cəmiyyəti bundan çox ziyan çəkir. O dövrdə Azərbaycan jurnalistikasını siyasiləşmiş jurnalistikaya çeviriblər.Bildiyiniz kimi jurnalistika 3 hissəyə bölünürdü. Hakimiyyətyönlü, müxalifətyönlü media və s. Əslində bu olmamalıdır və bu yolverilməz bir haldır. Bəs kim o vəziyyəti yaratmışdı? Onlar jurnalistikanı siyasiləşdirmişdilər və ən pisi burada ikinci müstəvidə bir oyun gedirdi. Məsələ ondadır ki, zahirən daxili siyasi qruplaşmalara uyğunlaşdıraraq gedib xaricdə olan güc mərkəzlərinə bağlanırsan. Bax, problemin kökü ondandır. Bu nə deməkdir? Bu sonucda Azərbaycanın dövlət, millət maraqlarının yad mərkəzlərə təslim edilməsi deməkdir. Ona görə də Azərbaycan cəmiyyəti, auditoriyası, eyni zamanda Azərbaycan jurnalistikası ayıq olmalıdır. Onlar bu insanların kariyerasına baxmalıdır, o kariyeraları vərəqləməlidir, bunların zaman-zaman yol verdikləri səhvləri görməlidir. Ondan sonra isə bunlara etimad göstərilib-göstərilməməsi məsələsi müzakirə edilməlidir. O insanlar da əgər Azərbaycan cəmiyyətində, Azərbaycan xalqı arasında, media camiəsində yer tutmaq istəyirlərsə zəhmət çəkib özlərinin keçmiş fəaliyyətləri barədə bir hesabat verməlidirlər və özlərinin keçmiş yanlışlıqlarına aydınlıq gətirməlidirlər. Bundan sonra isə şəffaf, təmiz yenidən fəaliyyətə başlamaqla çıxmalıdırlar”.

sia.az