Siyasət

  • 3 386

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

image

Bu gün Azərbaycan Milli Elmllər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər. SİA-nın verdiyi məlumata görə, anım mərasimində çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva bildirib ki, Aida İmanquliyeva həm ictimai fəaliyyət, həm şəxsi keyfiyyətləri baxımından başqalarından fərqlənən, parlaq bir şəxsiyyət olub.Aida İmanquliyevanın Azərbaycan Şərqşünaslıq elminin inkişafında silinməz iz qoyan alim olduğunu söyləyən G.Baxşəliyeva əlavə edib ki, 3 sanballı monoqrafiya, 100-dən çox elmi və elmi populyar məqalələrin müəllifi olan, elmi fəaliyyətini ərəb ədəbiyyatının tədqiqinə həsr edən Aida İmanquliyeva ilk dəfə sistemli şəkildə ərəb-Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini öyrənib.İnstitut direktorunun sözlərinə görə, məhz onun tədqiqatları nəticəsində müəyyən olunub ki, yeni ərəb ədəbiyyatı Qərb ədəbiyyatının, o cümlədən ingilis romantiklərinin, rus tənqidi realizminin nümayəndələrinin çox güclü təsirinə məruz qalıb və onlardan bəhrələnib: “Aida İmanquliyeva çox böyük ruhla məhcər - ərəb ədəbiyyatını araşdırırdı. Bu araşdırmanı aparmaq çətin idi. Onu etmək üçün bir necə dil bilmək lazım idi. Adətən, ərəbşünaslar elə tədqiqat mövzuları götürürlər ki, onlara ərəb dili lazım olur. Amma Aida xanımın tədqiqatlarını aparmaq üçün ərəb dili ilə yanaşı, Qərb dillərini də bilmək lazım idi. Aida xanım bu işlərin öhdəsindən çox uğurla gəldi. Aida xanım əsərlər yazarkən həm Qərb ədəbiyyatından – ingilis və fransız, həm də rusdilli ədəbiyyatdan geniş istifadə edirdi. Aida İmanquliyeva rus tənqidi realizminin nümayəndələrinin - A.P.Çexovun, F.M.Dostoyevskinin, L.N.Tolstoyun, N.V.Qoqolun çox gözəl bilicisi idi. O, Belinskini demək olar ki, sətir-sətir öyrənmişdi. Belinskinin ərəb ədəbiyyatına, xüsusilə Mixail Nuamə adlı Livan yazıçısının yaradıcılığına təsirini ilk dəfə Aida xanım öyrənmişdi”.G.Baxşəliyeva qeyd edib ki, Aida İmanquliyeva ədəbi əlaqələr sahəsində böyük tədqiqatlar aparıb: "Sovet dövründə Şərq-Qərb ədəbiyyatının təsiri o qədər də geniş araşdırılmırdı. Sovet dövründə başqa ideologiya hökm sürürdü. Aida xanım sübit etdi ki, mədəniyyət sahəsində də Şərq-Qərb əməkdaşlığı mümkündür. Ancaq bu şərtlə ki, bu əməkdaşlıq yaradıcı olsun və milli ənənə zəminində baş versin”.Alimin Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladan G.Baxşəliyeva əlavə edib ki, o, Azərbaycan elmini dünya səviyyəsində təmsil edə biləcək gözəl alim idi: “O, bir çox ölkələrdə Azərbaycan elmini böyük ləyaqətlə təmsil edib, böyük uğurla elmi məruzələr edib. Onun adı Qərb mətbuatında da öz əksini tapmışdı”.Aida İmanquliyevanı gözəl insan kimi də xarakterizə edən G.Baxşəliyeva onun hamıya örnək ola bilən azərbaycanlı xanım olduğunu da vurğulayıb: “Aida xanım çox zəhmətkeş insan idi. O, həm də örnək ola bilən bir azərbaycanlı xanım idi. Aida xanım öz zəhməti sayəsində institutda kiçik elmi işçi vəzifəsindən direktor vəzifəsinə qədər yüksəlib. Təəssüflər olsun ki, 27 il əvvəl biz onu itirdik. Artıq 27 ildir ki, onun məzarı başına yığışırıq. Biz daim onu yad edirik. Onun itkisini biz bu gün də şəxsi itkimiz kimi qəbul edirik”.Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutunda uzun müddət rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsinin hazırkı müdiri, professor, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov, İnstitutun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev Aida İmanquliyevanın mənalı həyat yolundan, dünya şərqşünaslığı üçün qoyduğu zəngin elmi irsdən danışaraq onun Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinin yaradılmasındakı rolundan söz açıblar.

sia.az

Digər xəbərlər