Siyasət

  • 870

Azərbaycan-Bolqarıstan: etibarlı və sınanmış tərəfdaşlıq

image

Prezident İlham Əliyev: "Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək"

Regionda, beynəlxalq aləmdə Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla dünya dövlətlərinin əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur. Azərbaycanın xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə olan əlaqələr müstəsnadır. Dünyada etibarlı tərəfdaş imicini ölkəmizə qazandıran beynəlxalq layihələrdə göstərilən etimad, paytaxtımızda keçirilən möhtəşəm beynəlxalq tədbirlər, yarışlar, dövlətimizin beynəlxalq və regional layihələrdə əsas iştirakçı qismində çıxış etməsi bu əlaqələrin yüksək səviyyədə olmasına dəlalət edir. Azərbaycan-Bolqarıstan əlaqələri də dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Bolqarıstan ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Hər iki dövləti ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir. Dövlətlərarası yüksək səviyyədə siyasi dialoq mövcuddur. Bu təkcə Azərbaycan və Bolqarıstanın deyil, həmçinin Qafqaz və Qara dəniz hövzəsinin də iqtisadi firavanlığının təmin olunmasına yaxşı zəmin yaradır.

Son illərdə Azərbaycan və Bolqarıstan arasındakı əməkdaşlıq daha da genişlənir və inkişaf edir. İki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət və investisiya sahələrində əməkdaşlıq artmaqdadır. Həmçinin mədəni əlaqələr də vacib yer tutur. Müxtəlif sahələrdə əməkdaşlığı artırmaq məqsədilə mütəmadi şəkildə səfərlər təşkil olunur, görüşlər, forumlar, tədbirlər keçirilir.

STRATEJİ TƏRƏFDAŞLIĞIN GÜCLƏNDİRİLMƏSİ HAQQINDA BİRGƏ BƏYANNAMƏ

Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri qarşılıqlı əlaqələrin davamı olduğunun təzahürüdür. Səfər çərçivəsində ikitərəfli münasibətlər, mövcud vəziyyət, qarşıda duran çağırışlar müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə"ni imzalayıblar."Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Asarel Investment" arasında Anlaşma Memorandumu" və digər sənədlərin də imzalanması olub.

Vurğulamaq yerinə düşər ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin dərinləşməsində əhəmiyyətli rol oynayır. Səfərlər çərçivəsində Azərbaycan və Bolqarıstan arasında birgə Bəyannamə, Şəki və Qalerovo arasında qardaşlaşmış şəhər nümayəndəliyinin yaradılması haqqında birgə Bəyannamə, dövlətlərarası səhiyyə və tibb elmi sahəsində saziş və s. imzalanmışdı. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrarası əlaqələrin yüksək mərhələyə qalxmasına səbəb olub.

Azərbaycan və Bolqarıstanın mədəni və siyasi-iqtisadi sahədə əməkdaşlığı, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsinə və bölgədə mövqelərinin artmasına kömək edir. Mədəni əlaqələrin inkişafı hər iki ölkə üçün mühüm yer tutur. Bu baxımdan, bir sıra şəhərlərimiz qardaşlaşıb, hər iki ölkənin yumor şəhərləri olan Şəki-Qabrovo, Naxçıvan-Veliko-Tırnovo, Sumqayıt-Burqas, Gəncə-Plovdiv şəhərləri arasında əlaqələr genişlənib, həmçinin muzey və tarixi yerlərdə qarşılıqlı olaraq yenidənqurma və bərpa işləri görülüb. Heydər Əliyev Fondunun dəstəyi ilə Trapezitsa memarlıq muzey-qoruğu, Qərb divarının yenidən qurulmasına və Bolqarıstanda orta əsrlər dövrünə aid 3 kilsənin yenidən qurulmasına maliyyə yardımı göstərib.

"KEÇƏN İL 1 MİLYARD 250 MİLYON KUBMETR AZƏRBAYCAN QAZI BOLQARISTAN BAZARINA NƏQL EDİLMİŞDİR"

Onu da bildirək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bir çox ölkələri təbii qazla təmin edilməsinə imkan yaratmış olur. "Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır". Bu sözləri Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatında deyib.

"Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi", - deyə dövlətimizin başçısı əlavə edib.

Onu da qeyd edək ki, strateji layihə olan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox mühüm layihədir. Bu interkonnektor ilk dəfə olaraq, Bolqarıstanın Azərbaycandan təbii qaz almasına imkan verir. Avropanın enerji xəritəsini dəyişdirəcək bu layihə təkcə iki ölkə arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirməyə yeni imkanlar yaradıb.

Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. Cənab Prezident çıxışında onu da bildirib ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırmanın işlərin başlanması üçün gözəl zəmin olacağını vurğulayan dövlətimizin başçısı bildirib: "Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə eyni zamanda ilin sonunda COP29 konfransında da danışacağıq".

COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab oluna bilər. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyəcəkdir. Bildiyimiz kimi, yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetiləri sırasındadır.

COP28-in gündəliyinə böyük maraq var idi. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır. COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab oluna bilər. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərə olan sadiqliyinin daha bir ifadəsidir.

"AZƏRBAYCANIN SƏRMAYƏSİ SAYƏSİNDƏ BAKI-TBİLİSİ-QARS DƏMİR YOLUNUN MODERNLƏŞDİRİLMƏSİ BİR NEÇƏ GÜN BUNDAN ƏVVƏL TAM BAŞA ÇATIB"

"Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək", - deyən Prezident Azərbaycanın sərmayəsi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin bir neçə gün bundan əvvəl tam başa çatdığını diqqətə çəkib. Bu dəmir yolunun ötürmə qabiliyyətinin bir neçə dəfə artırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: "Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş bu layihə bu gün imkanları genişləndirilmiş şəkildə Orta Dəhlizin önəmli seqmenti kimi mühüm rol oynayacaq."

Əlbəttə ki, səfər çərçivəsində müxtəlif sahələr üzrə dövlətlərarası mübadilənin gücləndirilməsi də nəzərə alınıb. Bütün bu və ya digər məsələlər dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə yeni perspektivlər açacaqdır.

Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. Bolqarıstan ilə Azərbaycan arasında bütün sahələr üzrə səmərəli münasibətlər daha da inkişaf edəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər