Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir

İlham Əliyev: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

16 ildir ki, Azərbaycan hər ötən ili uğurla başa vuraraq, növbəti yeni ilə böyük inamla qədəm qoyur. “2020-ci ilə hansı uğurlarla qədəm qoyuruq” sualını cavablandırmaq üçün ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial, mədəni, demokratik islahatlar və xarici siyasət sahəsində qazandığı uğurları bir daha təhlil etmək zərurəti duyulur. 16 illik Prezidentliyi dövründə Ulu Öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalan, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirən, onu böyük iqtisadi uğurlara qovuşduran Prezident İlham Əliyevin 2018-ci ilin 11 aprel seçkilərindəki möhtəşəm zəfəri də obyektiv reallığa əsaslanmışdır. Xalqın böyük əksəriyyətinin etimadını yenidən qazanaraq, Prezident seçilən İlham Əliyev andiçmə mərasimində son on dörd ildə gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışaraq, ölkəmizin dünyada əsas güclərdən birinə çevrildiyini bildirərək, bundan sonra da uğurlu siyasətin davam etdiriləcəyini diqqətə çatdırmışdı.

Verilən vədlər, real nəticələr

16 il bundan əvvəl andiçmə mərasimində yeni seçilmiş Prezident İlham Əliyev xalqa söz vermişdi ki, ölkəmizin hərtərəfli inkişafı üçün fəal çalışacaq, bütün bilik və təcrübəsini, qüvvəsini xalqımızın rifahına həsr edəcəkdir. Bu yol isə ölkəmizin bugünü, sabahı və gələcəyi üçün alternativsiz siyasi kurs olan Ümummilli Liderimiz Heydər Əliyevin siyasətinin davam etdirilməsidir. Dövlətimizin başçısının hələ on il bundan əvvəl verdiyi vədlər həyatda öz təsdiqini tapdı. Dövlət başçısı Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini ilk gündən dəqiq müəyyənləşdirdi. Müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çıxış etdiyini, haqlı olaraq, ilk gündən önə çəkdi. Eyni zamanda, rayonlarla paytaxt arasındakı kəskin fərqi aradan qaldırmağa, yoxsulluq, işsizlik kimi problemlərin səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə nail oldu. İnsanların güzəranı, həyat səviyyəsi yaxşılaşdı, vətəndaşın dövlətinə və işıqlı gələcəyinə inamı artdı. Azərbaycan kəndinə şəhər siması gətirildi. Bölgələrdə yaşayan insanların dövlətə inamı daha da artdı.

İqtisadiyyatın yüksələn göstəricilərini təsdiqləyən faktlar

Dövlət başçısı iqtisadiyyatın yüksələn göstəricilərini açıqlayaraq bildirib ki, ən sevindirici göstərici qeyri-neft sənayesindədir: “İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır.”

Ölkə başçısı kənd təsərrüfatının inkişafını, eləcə də, ticarət dövriyyəsinin artdığını vurğulayaraq, bu sferalarda da yüksək göstəricilərin əldə edildiyini bildirib: “Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə, bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək.

Ticarət dövriyyəmiz də kifayət qədər artıb - 20 faizdən çox. Qeyri-neft ixracımız 15 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artmışdır. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür.”

Dövlət siyasətində xalq-dövlət birliyi

Ümumiyyətlə, ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 16 il müddətində daima xalqla birbaşa təmasda olub. İstər xarici siyasətlə bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söykənir: “Mən bütün azərbaycanlıların prezidentiyəm” şüarını gerçəyə çevirir.

Bütün bunlar, bir daha sübut edir ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır. Çünki Prezident İlham Əliyevin 16 illik Prezidentlik fəaliyyətində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub. Ancaq daha bir fakt budur ki, tale hər bir xalqa bu cür mühüm xarizmalara sahib ola biləcək lider bəxş etmir. Və nə xoşdur ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev dühasının tarixi Liderliyini qəbul etməklə, yaşatmaqla bərabər, hazırda Onun layiqli davamçısı İlham Əliyev Liderliyi dövrünü yaşayır! Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib.

Bəli, bu, həqiqətən də, belədir! Bu gün Azərbaycan xalqı, ilk olaraq, öz Liderinə arxalanır, xalqımız isə, məhz öz sevimli Prezidenti ətrafında daha da sıx biləşərək, ölkənin inkişaf və tərəqqisinə doğru inamla irəliləyir. Çünki bütün bunlar hamısı, məhz İlham Əliyev Cənablarının, hər zaman olduğu kimi, sözü ilə əməlinin tam üst-üstə düşməsinin reallığıdır. Və ölkə Parezidenti İlham Əliyev Cənablarının dediyi kimi: “Hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər”.

RƏFİQƏ KAMALQIZI