"Radikal müxalifətin yeni birlik cəhdi iflasa uğrayacaq" MÖVQE - ÖZƏL

"Radikal müxalifətin bir neçə "rəhbər" şəxsinin bu günlərdə toplaşması və cəmiyyətə müəyyən mesajlar vermək, yeni inteqrasiya qurumu yaratmaq iddiasında olması cəmiyyətə heç bir təsir göstərə bilmədi. Cəmiyyət bu toplantını sanballı siyasi hadisə kimi qəbul etməməklə yanaşı, ona hər hansı dəstək jesti göstərmədi". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.Onun sözlərinə görə, məsələ burasındadır ki, cəmiyyət bu toplantını təşkil edənlərin gücsüz olduğunu bilir, onların bir-birinə qeyri-səmimi olduqlarından xəbərdardır: "Bir vaxtlar Əli İnsanovla İsa Qəmbərin, Əli Kərimli isə İsa Qəmbərin bir-birinə düşmən kimi yanaşdıqları yaxın tariximizin hələ unudulmamış gerçəkliyidir. Məğlubların, uduzanların, uğursuzların yeni birlik yaratmaq cəhdi də uğursuz olacaq".A. Quliyev söyləyib ki, bu insanların saysız-hesabsız birliklər yaradaraq sonda heç bir nəticəyə çata bilməməkləri cəmiyyətin gözündə gülünc doğuran bir assosiyasiya yaradır: "İnsanlar radikal müxalifət liderlərinin son 26 ildə yaratdıqları birliklərin sayını unudub və onları xatırlamır. Çünki uğursuz birliklər tarixdə də, insanların yaddaşında da yaşamır".Siyasi ekspert vurğulayıb ki, cəmiyyətdə məsələ ilə bağlı kəskin suallar var: "İsa Qəmbəri təhqir etmiş Əli İnsanov burada necə həzm olunacaq, AXCP və Müsavat rəhbərliyinin arasındakı dərin intriqaları kim həll edəcək, bu adamlar korrupsiyada ittiham olunan Əli İnsanovla müttəfiqliyə necə izah verəcək və sair. Göründüyü kimi yeni birlik yaratmaq cəhdi çoxlu ifşaedici suallar doğurub. Yeni birlik cəhdləri növbəti iflasdan başqa bir şey olmayacaq".

sia.az