Vüqar Rəhimzadə: Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan-Rusiya münasibətlərinin inkişafına böyük töhfə verir

Azərbaycan ilə Rusiya arasındakı münasibətlər qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Çünki Rusiya ilə Azərbaycanı qədim tarixi köklər bağlayır, xalqlarımız iki əsrə yaxın müddətdə bir dövlətin tərkibində yaşayıb. Bu gün isə iki müstəqil dövlət kimi Azərbaycan və Rusiya münasibətləri Prezidentlər İlham Əliyevin və Vladimir Putinin rəhbərliyi ilə inkişafının yeni mərhələsinə qədəm qoyub. Əlbəttə ki, bu əlaqələrə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da səmərəli fəaliyyəti ilə böyük töhfələr verir.

Bun sözləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Vladimir Putin, Hökumətinin sədri Dmitri Medvedev və Federal Məclisin Federasiya Şurasının sədri xanım Valentina Matviyenko ilə görüşməsi, “Dostluq” ordeni ilə təltif olunması, Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılışında, X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etməsi əlamətdar hadisələr oldu.
Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin qurulmasında Mehriban Əliyevanın xüsusi rolunun olduğunu deyən baş redaktor vurğulayıb : “Onu da qeyd edim ki, postsovet məkanında ilk Rus Kitabı Evi məhz Bakıda açılıb. Burada bakılılar və şəhərimizin qonaqları Rusiyanın aparıcı nəşriyyatlarının geniş çeşiddə kitab məhsulları ilə tanış olmaq üçün gözəl imkana malikdirlər. 2007-ci ildə Azərbaycan Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalına uğurla ev sahibliyi edib, görkəmli musiqiçiləri və məşhur kollektivləri bir səhnəyə toplayıb. Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri - Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılıb, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Səməd Vurğun adına Rus Dram Teatrı çox populyardır. Rusiyanın bir sıra informasiya agentliklərinin Azərbaycanda müxbir məntəqələri var. Rus dilində 50-dən çox qəzet və jurnal nəşr edilir, külli miqdarda Rusiya dövri nəşrləri yayılır. Eyni zamanda, “Bakinski raboçi” qəzetinə əlavə kimi Rusiya mətbuatının “Vesti iz Rossii2” daycesti buraxılır. Rus Pravoslav Kilsəsi Rus İcmasının mədəni və mənəvi irsinin, adət və ənənələrinin qorunub-saxlanılmasında mühüm rol oynayır. Respublikada bu kilsəyə dərin hörmətlə yanaşırlar. Keçən il Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsinin ərazisində Azərbaycan hökumətinin köməyi ilə tikilmiş Pravoslav Dini-Mədəni Mərkəzinin açılması buna əyani sübutdur”.
“Azərbaycan Rusiya Federasiyasının müxtəlif subyektlərində ayrı-ayrı layihələr reallaşdırır. Buna misal olaraq, Heydər Əliyev Fondunun fəaliyyətini göstərə bilərik”, – deyən Vüqar Rəhimzadə əlavə edib ki, məhz Heydər Əliyev Fondu tərəfindən Rusiyanın müxtəlif regionlarında bir sıra layihələr uğurla həyata keçirilib. Belə ki, Həştərxanda 11 nömrəli orta məktəbin yenidən qurulması işləri aparılıb, ulu öndər Heydər Əliyevə abidə ucaldılıb, Onun adını daşıyan park açılıb, “Meçta” Uşaq-Əyləncə Şəhərciyi yaradılıb, Azərbaycan-Rusiya dostluğunun rəmzi olan piyada körpüsü istifadəyə verilib, eyni zamanda, müqəddəs mələksima Knyaz Vladimirə abidə ucaldılıb. Hazırda Heydər Əliyev adına Məktəbin yaxınlığında uşaq bağçası inşa edilir. Əlbəttə ki, həştərxanlılar da bakılılara öz hədiyyələrini veriblər - Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin Azərbaycana səfəri zamanı “Bakı-Həştərxan” Parkının açılışı olub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəhrəman şəhər Volqoqradda daha bir layihə həyata keçirilib - “Volqoqrad-Bakı” Dostluq Parkı salınıb. Bu park qısa müddətdə şəhər sakinlərinin sevimli istirahət yerlərindən birinə çevrilib. Parkda ümummilli lider Heydər Əliyevin barelyefi, habelə xatirə abidələri qoyulub. Bu abidələrin üzərində Stalinqrad döyüşünün qəhrəmanlarının, o cümlədən Azərbaycanın görkəmli oğulları - iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun və Sovet İttifaqı Qəhrəmanı mayor Xıdır Mustafayevin adları əbədiləşdirilib.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən layihələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çox böyük rol oynayıb. O, Rusiyanın Azərbaycan diasporunun nümayəndələrini cəlb etməklə, xalqlarımız arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsi üzrə böyük iş aparır.
Hazırda Azərbaycan ilə Rusiya arasında münasibətlərin bütün sahələr üzrə uğurla inkişaf etdiyini diqqətə çatdıran Vüqar Rəhimzadə deyib: “Hər iki ölkənin rəsmilərinin verdiyi bəyanatlardan da anlaşılır ki, qarşıdakı illər üçün çox maraqlı ideyalar və layihələr mövcuddur. Bu mənada, Azərbaycan və Rusiya müxtəlif sahələrdə imkanlarından və potensialından istifadə etməklə regional səviyyədə əməkdaşlığı bundan sonra da fəal inkişaf etdirəcək”.

yap.org.az