Siyasət

  • 3 538

Sona Əliyeva: Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir

image

“Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə bütün dövlərdə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə fəxr edib. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. Bu gün xalqımız böyük öndərimiz Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla anır”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərib. Onun fikrincə, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir: “Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı bundan sonra da bu böyük məktəbdən, Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, Azərbaycan Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyərək yeni zirvələr fəth edəcək. Yəni əminliklə söyləmək olar ki, Heydər Əliyev irsi gələcək nəsillər üçün də zəngin xəzinədir”.

Millət vəkilinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Özü bir tarix, salnamə yaradan, zamanın axarını nizamlamaq qüdrətinə sahib olan şəxsiyyətdir: “Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Öz xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən proseslərdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. 1993-cü ilin yayında Azərbaycan olduqca mürəkkəb şəraitdə olduğu zaman xalqın təkidlə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi heç də təsadüfi deyildi. Həmin il iyunun 15-də müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan tarixinin yeni, əzəmətli mərhələsinə qədəm qoydu. Bu qayıdış ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu Öndər Heydər Əliyev tarixə müasir müstəqil Azərbaycanın memarı olaraq düşdü. Ümummilli Liderin hakimiyyətə gəlişi ölkəmizi yalnız iqtisadi cəhətdən irəli aparmadı, eyni zamanda, Azərbaycan xalqının mənəvi aləmində, psixoloji durumunda, milli şüurunda böyük təkamülün, dəyişikliyin yaranmasına gətirib çıxardı. Yəni Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin iqtisadi, siyasi, sosial, mənəvi, psixoloji, ideoloji əhəmiyyəti var idi. Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev Özünün gərgin əməyi, uğurlu daxili və xarici siyasət strategiyası ilə ölkəmizin iqtisadi inkişafının, daxili siyasi sabitliyin və əmin-amanlığın, milli-mənəvi dəyərlərə qayıdışın, bu dəyərlərin qorunması və təbliğ edilməsinin rəhninə çevrildi”.
S.Əliyeva söyləyib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan dinamik inkişaf edir, bütün sahələr üzrə böyük nailiyyətlər qazanır. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Heydər Əliyev yolu ilə Azərbaycanı daha böyük zəfərlərə doğru aparır.

yap.org.az

Digər xəbərlər