Azərbaycan tarixində hər zaman xatırlanan və yaşadığımız illərin sorağı ilə salnamələri vərəqləməyə vadar edə biləcək əhəmiyyətli hadisələr kifayət qədərdir və bu reallıqları əks etdirən tarix xalqın ictimai-siyasi və mədəni həyatında xüsusi mahiyyət kəsb edir. Sözsüz ki, xalqın ictimai, siyasi, mədəni həyata inteqrasiya olunması birbaşa onun maarifləndirilməsi ilə əlaqədar olduğundan, milli mətbuatın, informasiya vasitələrinin bu istiqamətdə rolu danılmazdır. Elə Azərbaycan radiosunun 1926-cı ilin 6 noyabr tarixi xalqın ictimai-fikir tarixində yeni bir gün, əvəzsiz zamandır. Həmin tarix hər zaman xatırlanır, paytaxtının küçə və meydanlarında qurulmuş reproduktorlardan yayımlanan verilişlər Azərbaycan xalqının həyatına böyük yenilik gətirdiyi üçün yazılı tariximizdə - salnamələrdə yer alıb. Azərbaycanda XX əsrin ən möhtəşəm kəşflərindən olan və hər gün insanlarla ünsiyyət yaradan, cəmiyyət həyatında əvəzsiz yer tutan radio bir əsrə yaxın bir məsafədə informasiya liderliyini qoruyub-saxlaya bilib. Dünya dəyişir, yenilənir, amma xalqın maarifləndirilməsi, əxlaqi-estetik tərbiyəsi, məlumatlandırılması kimi təməl prinsiplərini fəaliyyət məqsədinə çevirən radio istənilən məkanda dinləyicilərin dostu olaraq, hər nəslin müasirinə çevrilir. İstənilən bir yeniliyi, informasiyanı, dünya panoramasını bir neçə dəqiqə ərzində cəmiyyətə ötürərək, onun informasiyaya olan tələbatını ödəyir.
Bu gün radionun bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir. Müxtəlif məzmunlu proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə, ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır.
Geniş dinləyici auditoriyası toplayan Azərbaycan radiosu Azərbaycan qanunvericiliyinə əsaslanaraq informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyünü əsas tutur. Yeni dolğun xəbərlərlə xalqımızı məlumatlandırır, hər hansı hadisəyə qərəzli, öz şəxsi mənafeyi baxımından yanaşmır.
Tarixi dövrü vərəqlədikcə "Satira atəşiylə", "Ədəbiyyatın vəzifələri", "Radio saatı" kimi verilişlərin səsləndirilməsi ilə ilk, kövrək addımlarını atan radio qısa bir zamanda zəngin verilişlərin yaradıcısına çevrilir. Təbii ki, radioda yeni verilişlərin hazırlanması və yeniliklər yeni, istedadlı kadrların cəlb olunmasını tələb edirdi. Radionun ilk azərbaycanlı diktorları Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov və Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olurlar. Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişirlər. Radioya peşəkar mütəxəssilərin yol açması Azərbaycan radiosunun gündəlik verilişlərinin həcminin artmasına gətirib çıxarır. İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdilər. Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov kimi Azərbaycan mədəniyyətində yeri və çəkisi olan sənətkarlar olur. Qısa məsafədə radionun dinləyici auditoriyası da genişlənir və Bakıda 35 kilovat gücündə yeni radio stansiyasının işə salınması ilə Azərbaycan radiosunun verilişləri Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidilir. 1940-cı ilin sonunda ölkə ərazisində radio nöqtələrinin sayı 51 minə çatır. 32 rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başlayır.
AZƏRBAYCAN RADİOSUNDA TEATR TAMAŞALARI
1931-ci ilini dekabrında H.Cavidin "Şeyx Sənan" pyesi ilk dəfə radioda səsləndirildi. Daha sonra A.S.Puşkinin "Boris Qodunov", C.Məmmədquluzadənin "Ölülər", C.Cabbarlının "Aydın", "1905-ci ildə", "Yaşar", "Sevil", V.Şekspirin "Hamlet", M.F.Axundovun "Hacı Qara", Ə.Haqverdiyevin "Dağılan tifaq" pyesləri dinləyicilərə təqdim edildi. İlk radio tamaşaları birbaşa efirə çıxarılırdı. Mənbələrdə göstərilir ki, 1953-cü ildə istehsalat işində maqnit lentinin tətbiqi radio teatrının inkişafında yeni mərhələ açdı. Bu dövrdə C.Cabbarlının "Almaz" və "1905-ci ildə", N.Nərimanovun "Bahadır və Sona", S.Rəhimovun "Mehman", M.Ordubadinin "Qılınc və qələm", N.Qoqolun "Müfəttiş", A.Qriboyedovun "Ağıldan bəla", A.Puşkinin "Yevgeni Onegin", I.Şillerin "Vilhelm Tell", C.Bayronun "Abidos gəlini" kimi əsərləri Azərbaycan radiosunun repertuarını zənginləşdirdi. Ü.Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarının, N.Hikmətin "Kəllə" əsərinin tamaşaya qoyulması da cəmiyyətdə müsbət əks-səda doğurdu. 1958-ci ildə isə Mehdi Məmmədov bu tamaşanı radionun tələblərinə uyğunlaşdırdı. Radio tamaşaları yaradan bir sıra rejissor Əliheydər Ələkbərov, Tofiq Kazımov, Tofiq İsmayılov, Həsən Əbluc, Azərpaşa Nemətov, Rövşən Abdullayev, Nazim Yüzbaşov və başqaları yetişdi.
KEŞMƏKEŞLİ GÜNLƏRİN, XOŞ SORAQLARIN TARİXİNİ ƏBƏDİLƏŞDİRƏN RADİOMUZ
Xalqın bir əsrə yaxın tarixi ilə birgə yol gələn Azərbaycan radiosu keşməkşli günlərin də, xoş soraqların da tarixini əbədiləşdirib. Bu gün arxiv materilalları bizə yaşanılan illəri təqdim edir. Azərbaycan radiosu ilə dinc və təmiz səma altında yaşayan insanlara Böyük Vətən müharibəsinin elan olunmasını - gərgin, fövqəladə, acınaxaqlı bir xəbəri ictimaiyyətə çatdırmaq nə qədər çətin olsa da, bu gerçəkliyi hamıya bəyan etdi. 1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verir. Həmin zamandan 5 il müddətində Azərbaycan radiosunun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirirlər. Müharibə dövrünün tələblərinə uyğun olaraq radio buraxılışları çox qısa müddətdə hazırlanır, verilişlər gecə-gündüz ara vermədən yazılır və montaj edilirdi. Həmin dövrdə xəbər buraxılışlarının sayı artır və radionun gündəlik verilişlərinin həcmi 5 saata qədər artır. Ağır müharibə dövrünün ən çox dinlənilən verilişi "Azərbaycan - cəbhə üçün"ü hər kəs böyük həyəcanla gözləyirdi. Əsas ağırlıq isə, təbii ki, "Son xəbərlər" redaksiyasının üzərinə düşürdü. Hər gün dinləyiciyə mühüm məlumatlar, dövlət qərarları 30 dəqiqə ərzində tərcümə edilərək, Azərbaycan dilində çatdırılırdı. Müharibə zonasında Azərbaycan əsgərləri ilə tez-tez görüşlər keçirən S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, M.İbrahimov, M.Hüseyn, Ə.Vəliyev, M.C.Paşayev və digər yazıçı və şairlər radioda çıxış edir, vətənpərvərlik mövzularında yazılmış pyeslər, tematik yazılar dinləyicilərin diqqətinə çatdırılırdı. Elə qələbə sorağını da Azərbaycan dinləyicisi radio vasitəsi eşidir. Həmin dövrdə SSRİ rəhbərliyi radionun ictimai-siyasi, mədəni həyatda və faşizmə qarşı mübarizədə oynadığı böyük rolu nəzərə alaraq, 1945-ci il mayın 2-də xüsusi qərarla mayın 7-sini Radio Günü elan edir. Bu tarixi gün uzun illər boyu Azərbaycanda da bayram edilir. Amma tarixi ədalət qələbə çalır. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan radiosunun yaranma günü - noyabrın 6-sı "Azərbaycan Televiziya və Radio işçilərinin peşə bayramı" elan olundu.
Müharibədən sonra radio verilişlərinin forma və məzmununda müəyyən dəyişikliklər baş verdi. 1951-ci ildə yaradılan II proqram respublika radiosunun fəaliyyət dairəsini genişləndirdi. 1956-cı ildə Azərbaycan radiosunun yaranmasının 30 illiyi qeyd olundu. Radioda ictimai-siyasi, ədəbiyyat, musiqi, sənaye, kənd təsərrüfatı, uşaq və gənclər proqramlarının hazırlanmasına üstünlük verilirdi. Efirdə hər gün 12-15 konsert proqramı səsləndirilirdi. 1956-cı ildən televiziyanın fəaliyyətə başlaması radionu öz işini rəqabət şəraitində qurmağa məcbur etdi. Şərqdə ilk dəfə yaradılan və milyonların seyrçisi olduğu Azərbaycan Televiziyası radiodan düz 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başladı. İlk veriliş günü ekranda Azərbaycanın tanınmış sənətkarı, gənc aktrisa Nəcibə Məlikova görünüb. Radio başlanan zaman "Danışır Bakı" deyildiyi kimi, Nəcibə xanım da "Göstərir Bakı!" kəlməsi ilə tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib.
Televiziya fəaliyyətə başladıqdan sonra da radio öz dinləyicilərini ətrafında saxlaya bildi. 1964-cü il oktyabrın 15-də Azərbaycan radiosunun "Araz" xəbərlər və musiqi proqramı ilk dəfə efirə çıxdı. "Araz" əvvəlki dövrdə dinləyicilərə 12 saatlıq veriliş təqdim edirdi. Müəyyən müddətdən sonra isə radionun I proqramı ilə yayımlanan bəzi verilişlər "Araz" vasitəsilə təkrar olundu. 1968-ci ildə isə radionun xəbərlər redaksiyası hər gün birinci proqramla və "Araz" proqramı ilə 24 dəfə efirə çıxırdı.
BAKININ SƏSİ DÜNYA EFİRİNDƏ
1941-ci ildə SSRİ hökuməti radio təbliğatını Türkiyə və Iranda yaymağı məqsədəuyğun hesab edir. Həmin ilin iyulunda Azərbaycan radiosu türk və fars dillərində verilişlər hazırlayan iki redaksiya yaradır. 1941-ci il iyulun 20-də "Burası Bakı", "İnco Baku" ifadələri ilk dəfə Azərbaycan radiosu ilə verilən sınaq verilişlərində səsləndirilir. Həmin verilişlər 1941-ci il avqustun 18-dən, müntəzəm olaraq "Bakının səsi" çağırışı altında dünya efirinə çıxır. O dövrdə xaricə yayımlanan radio təbliğatına Məmməd Səid Ordubadi, Mikayıl Rəfili, Cəfər Xəndan, Qulam Məmmədli, Adil Əfəndiyev, Lətif Kərimov, Mübariz Əlizadə, Ələsgər Məmmədov, Abbas Gülməmmədov, Cəfər Hacıyev, Hüseyn Məcnunbəyov, Cabbar Cabbarov, Fazil Babayev, Mina Bayramova, Şərif Vəliyev və digər tanınmış yazıçılar, jurnalistlər, şərqşünaslar öz töhfələrini verirdilər. Verilişlərdə sovet məlumat bürosunun xəbərləri, ziyalıların radio ilə çağırışları İran və Türkiyə əhalisinə çatdırılırdı. 1950-ci ildə türk və fars redaksiyalarının əsasında Xarici Verilişlər Baş Redaksiyası yaradıldı. 1951-ci ildən xaricdə yaşayan soydaşlarımız üçün hər gün azərbaycanca 1 saatlıq veriliş yayımlanan redaksiya da bu quruma daxil edildi. 1959-cu ildə Azərbaycan radiosunda ərəb dilində verilişlərin yayımı başlandı. Qısa müddət ərzində bu redaksiya bir sıra ərəb ölkələrində əks-səda doğurdu və bu ölkələrdən təqdir məktubları gəlməyə başladı. 1976-cı il yanvarın 1-dən redaksiyaların statusu yüksəldi və onlar ayrı-ayrılıqda baş redaksiyaya çevrildi. İrana verilişlər baş redaksiyasının tərkibindəki azərbaycanca verilişlər hazırlayan şöbə 1980-ci il martın 1-dən ayrıca baş redaksiyaya çevrildi. 80-ci illərdə Azərbaycanın xarici ölkələrə veriliş yayan qurumu efirdə hər gün farsca 2 saat 15 dəqiqə, türkcə 2 saat, ərəbcə 1 saat, xaricdəki soydaşlarımız üçün Azərbaycan dilində 1 saat fəaliyyət göstərirdi. 1986-cı ildə farsca verilişlərin həcmi 1 saata endirildi, Azərbaycan dilində yayılan verilişlərin həcmi isə 2 saat 45 dəqiqəyədək artırıldı. "Ana dili", "Körpü", Ovqat, "Elin sazı, elin sözü" verilişləri azərbaycanlı həmvətənlərimiz arasında şöhrət qazandı.
ULU ÖNDƏRİN XEYİR-DUASI İLƏ FƏALİYYƏTƏ BAŞLAYAN "BULAQ"
90 ilə yaxın yaradıcılıq ömrü yaşayan Azərbaycan radiosunun böyük bir dövrü Ulu Öndər Heydər Əliyevin ideyalarından bəhrələnib, cəmiyyətin ən müxtəlif təbəqələrinin arzu və maraqlarını əks etdirib. Bir çox nəzəriyyəçilərin və təcrübəli jurnalistlərin gəldiyi qənaətə görə, Dahi Öndər Heydər Əliyev teleradio ilə təbliğatın, əsasən, tarixi-siyasi, milli əxlaqi, elm-maarifçilik istiqamətlərinə öz çıxış və məruzələrində ideyalar verirdi.
Ötən əsri 70-ci illəri Azərbaycan radiosu üçün, xüsusilə əlamətdar olmuşdur. "Sabahınız xeyir", "Axşam görüşləri", "Bulaq", "Natəvan" qızlar klubu, "Lirika dəftərindən", "Muğam saatı", "Arzu" musiqi poçtu, "Yazıçı və zaman", "Mahnı şəhəri gəzir", "Teatr mikrofon qarşısında" kimi verilişlər radionun nufuzunu daha da yüksəldir. Bu verilişlərdə xalqın ruhu, onun folklor irsi, tarixi mədəniyyəti kimi dəyərlər öz əksini tapır. Milli maraq və düşüncədən qaynaqlanan bu verilişlərin hazırlanması Ulu Öndər Heydər Əliyevin radioya ayırdığı diqqətdən irəli gəlirdi. Heydər Əliyev radionun böyük təbliğat mexanizmi olaraq aşıladığı dəyərlərin mahiyyətini müdrikcəsinə anlayırdı. 34 ildən artıq fəaliyyət göstərən və hər bir ailənin sevilən verilişi olan "Bulaq" belə milli verilişlərin ilk qaranquşu oldu. Ulu Öndərin xeyir-duası ilə fəaliyyətə başlayan bu radiotoplu ilk dəfə Azərbaycan efirinə şifahi nitqin ən koloritli, milli, etnoqrafik, xalq düşüncə tərzi ilə cilalanmış nəfəsini gətirdi. Respublikanın ən ucqar nöqtələrinə nüfuz edib xalq düşüncəsini müasir dünyamızın tələbləri baxımından üzə çıxaran bu proqramın beynəlxalq poçtu yarandı. Belə ki, radio dalğaları ilə Şərqə yayımlanan "Bulaq" xaricdəki soydaşlarımızın arzu və istəklərini vahid dil, düşüncə, ortaq Vətən duyğularını ifadə edən məktubları efirdə səsləndirdi. Ulu Öndərin göstəriş və məsləhəti əsasında daha sonra "Ozan" teletoplusu yaradıldı və tezliklə ümumxalq məhəbbəti qazandı. Ümummilli Lider Heydər Əliyev radioda, ekranda elmin, mədəniyyətin nailiyyətlərinin təbliğinə, çox böyük əhəmiyyət verirdi. O, Azərbaycan teleradiosu ilə xalqa çatdırılan informasiyanın miqyasını və təsirliliyini yüksək qiymətləndirirdi.
"AZRƏBAYCAN RADİOSUNUN XARİCƏ YAYIM REDAKSİYASI 20 YANVAR FACİƏSİNİN BAŞ VERMƏSİNİ BÜTÜN TƏFƏRRÜATI İLƏ DÜNYAYA ÇATDIRA BİLDİ"
Radionun yaxın keçmişinə yazılan tarixi də Onun prinsipial mövqedən çıxış etdiyini bir daha göstərir. 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yanvarında özünü daha da qabarıq şəkildə göstərdi. Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan radiosunu susdurmağa cəhd edir. Mənbələrdə yazılır:" ...Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, radionun əməkdaşları da efirdən uzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Matəm içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq, iftira dolu məlumatlar ötürülürdü. Lakin həmin faciəli günlərdə Azrəbaycan radiosunun xaricə yayım redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdıra bildi".
Dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdirdi. Radioda cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meyilərini gücləndirən proqramlara üstünlük verildi. Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün Müdafiə Nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə vətənpərvər hissləri gücləndirən "Açıq-aşkar", "Xudafərin", "Sözün düzü", "Baxış bucağı", "Dünya", "Pillə", "Çevrə", "Radio-atmaca", "Molla Nəsrəddin", "Yol", "Yuva", "Vaxt", "Dan yeri" kimi verilişlər hazırlanır, hərbi marşlar səsləndirilirdi. Azərbaycanın işğal olunmuş torpaqları, torpağın bölünməzliyi uğrunda canını sipər edən vətən oğullarının mübarizliyi və s. kimi fikirləri daim bizlərə çatdıran radiomuz bir gün qələbə sorağını da, Şuşada, Qarabağda yaşayacağımız zəfər sevincini də bizə çatdıracaq. Necə ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını çatdırdı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" sazişinin imzalanması mərasimi radio ilə bütün dünyaya yayıldı.
MÜASİR AZƏRBAYCAN RADİOSU
İnformasiya texnologiyalarının sürətlə inkişaf etməsi istənilən sahədə, o cümlədən, Azərbaycan radiosunda da texnoloji, istehsalat və yaradıcılıq dəyişikliklərinin həyata keçirilməsini labüd edir. 1991-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi şirkətə çevrildi. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu gün radio vasitəsilə yayımlanan verilişlərin miqyası geniş, auditoriyası çoxdur. Hal-hazırda Azərbaycan Dövlət Teleradio Şirkətinin tərkibinə daxil olan Azərbaycan Dövlət Radiosu müxtəlif məzmunlu proqramlarla dinləyicilərini görüşünə gəlir. İctimai-siyasi proqramlar, ədəbiyyat və incəsənət, baş proqramlar direksiyası, musiqi verilişləri, təhsil və elmi-kütləvi proqramlar, xalq yaradıcılığı, gənclik və idman, uşaq verilişləri və s.
Müstəqillik dövründə yayımlanan özəl radio kanalları, onların FM dalğasında fəaliyyətə başlaması Azərbaycan radiosu ənənələrindən bəhrələniblər. Özəl radio kanalları çeviklik, proqram rəngarəngliyi nümayiş etdirsələr də Azərbaycan radiosu kimi ədəbi dilimizin qorunmasına və saflığına xidmət etməsinə diqqət ayıra bilmirlər.
Bizim yol yoldaşımız olan Azərbaycan radiosunun "Qızıl Fond"unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub- saxlanılır. 1968-ci ildə radionun fonotekasında 24 minə qədər, 1980-ci ildə 40 mindən çox musiqi və digər sənət incilərinin lent yazısı var idi. Hazırda onların sayı 100 minə çatıb. Fonotekada Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Cəfər Cabbarlı, Səməd Vurğun, Cabbar Qaryağdıoğlu, Seyid və Xan Şuşalılar, Niyazi, Əlövsət Sadıqov, Hüseynağa Hacıbababəyov, Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Gülağa Məmmədov, Tükəzban Ismayılova, Zeynəb Xanlarova, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev, İslam Rzayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və digərlərinin lent yazıları saxlanılır. Azərbaycanın görkəmli sənət ustalarının radionun "Qızıl Fondu"nda saxlanılan çıxışları ədəbi dilimizin mükəmməlliyini nümayiş etdirməkdədir.
Cəmiyyətin idarə olunmasında ən sərfəli vasitə kimi qəbul olunan "kağızsız və məsafəsiz qəzet" - teleradio bu gün həyatımızın bir parçasına çevrilib. Bu gün öz sözünü deyə bilən, öz fərqli dəsti -xətti ilə seçilən, ən güclü təbliğat sisteminə çevrilən radiomuz 90 ildir Azərbaycan dinləyicisi ilə yol gəlir. Bu yol hələ neçə-neçə onillikləri əhatə edəcək, xalqın milli tarixi, gələcəyi, Azərbaycanın dinamik inkişafı, uğurları, beynəlxalq mövqeyi ilə bağlı bizə çox xəbərləri çatdıracaq 90 YAŞLI RADİOMUZ!
Nəzakət ƏLƏDDİNQIZI