Azərbaycan xalqının müasir tarixində taleyüklü hadisələr sırasında xüsusi yer tutan 15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biridir. Bu əlamətdar gün müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın xaos və anarxiyadan xilas olaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoymasının rəmzidir. 1993-cü ilin iyun ayında ölkədə hökm sürən dərin siyasi böhran, hakimiyyət uğrunda çəkişmələr, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycan dövlətçiliyini ciddi sınaq qarşısında qoymuşdu. Belə bir məqamda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi və ölkənin gələcək inkişafının möhkəm təməlini yaratdı. İyunun 15-də Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi ilə Azərbaycanın taleyində yeni mərhələ başlandı. Məhz buna görə də bu tarix xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu gün-yalnız bir siyasi hadisənin deyil, milli dövlətçilik ideyasının xilası və xalqın öz gələcəyini müəyyənləşdirmək iradəsinin təntənəsidir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir.” Bu müdrik fikir həmin dövrün reallıqlarını və qarşıda duran vəzifələri aydın şəkildə əks etdirirdi. Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və beynəlxalq aləmdə layiqli yer tutması məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün oldu. Qurtuluşdan sonra ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları formalaşdırıldı, qanunun aliliyi bərqərar olundu və iqtisadi islahatların əsası qoyuldu. Azərbaycanın enerji strategiyası müəyyən edildi, xarici investisiyaların cəlb olunması üçün əlverişli şərait yaradıldı və ölkəmizin beynəlxalq nüfuzu sürətlə artmağa başladı.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “1993-cü ilin iyun ayında Azərbaycan faktiki olaraq öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı böyük bəlalardan xilas etdi.” Bu fikir Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini tam dolğunluğu ilə ifadə edir.
Məhz Ulu Öndər siyasətinin məntiqi nəticəsi kimi, tarixi ədaləti bərpa etdik. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin ətrafında birləşərək Xalq-Ordu birliyinin sayəsində əzəli torpaqlarımızda suverenliyimiz bərqərar edildi.
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı