PDF Oxu

Sosial

  • 506

Vətən, torpaq sevgisi...

image

Tariximizin şərəfli səhifəsi olan 44 günlük haqq savaşımızda qazanılan parlaq qələbəmiz minlərlə qeyrətli, mətin ər oğlumuzun qanı bahasına oldu. Məhz 26 noyabr 1990-ci ildə Biləsuvar rayonunun Amankənd kəndində dünyaya göz açan Vüqar Fikrət oğlu Sarıyevi odun-alovun içinə aparan Vətən, torpaq sevgisi idi. Vüqar müqəddəs bir yolda şəhid olduğu üçün ölümü qəhrəmanlıq məktəbi kimi tarixə yazıldı. Nəticədə təkcə ailəsinin yox, bütün Azərbaycanın fəxri, qəhrəman övladı oldu. O, cismən aramızdan getdi, ulduzlarla qoşalaşıb yeni bir həyat yaşamaqla əbədiyyət qazandı. Fəqət, zaman-zaman gələn nəsillər Vüqarın şərəfli ömür yolunu özlərinə örnək bilməklə igidliyi, cəsarəti ondan öyrənərlər. Eləcə də ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, “İgidliyə görə”, Suqovuşanın, Laçının azadlığı uğrunda medalları ağır müharibə meydanında onun göstərdiyi şücaətinə bir nümunə olacaqdır.
İndi adı qələbəmizin qəhrəmanlıq simvolu kimi çəkilən Vüqar Fikrət oğlu hər qarışına ürəkdən bağlandığı doğma Azərbaycana sevgi, torpağına dadanmış yağıya nifrət hiss ilə böyüyə-böyüyə orta məktəbi bitirib, eyni zamanda peşə təhsilini də alıb. Müstəqil həyata qədəm qoyanda xoşbəxtliyini yurduna, torpağına sevgidə, insanlarla xoş ülfətdə görüb. Vətənpərvərlik, milli ləyaqət bütün əməllərində özünü göstərib. Tərbiyəsi, əxlaqı ona yalnız hörmət qazandırıb. Lap gənc yaşlarında örnək olan adamlar arasında özünə xüsusi yer edib.
Canından artıq sevdiyi Vətənin bir parçası yağı tapdağında olduğuna görə hərbiçi peşəsini seçməyi ən müqəddəs iş sayıb. Həm də hələ məktəbdə oxuduğu zaman qəlbi Qarabağımızın azadlığı uğrunda döyüşçü olmaq arzusu ilə döyünüb. Son dərəcə mərd, cəsur, ağıllı bir gənc olan Vüqarın əsgərliyi cəbhə bölgəsinə düşüb, o, bununla özünə qürur duyub. Tezliklə erməni işğalına son qoyulacaq günə inanan əsgər Vətəni göz-bəbəyi kimi qorumaqla vacib təlimlərə də həvəslə qatılıb, həmişə döyüş igidliyinə görə fərqlənib. Bununla da sübut edib ki, həqiqətən vətəndaşı olduğu Azərbaycanı canından artıq sevir. Əsgərlər, zabitlər Vüqarın bu mərdliyinə, qeyrətinə sözün həqiqi mənasında heyran kəsiliblər. Üzüağ, başıuca əsgərliyi başa vurduqdan sonra, yəni 2016-cı ildə müddətdən artıq hərbi qulluqçu olaraq Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə, bir müddətdən sonra isə Murovdağ yüksəkliyində Vətənə xidmət edib. Həmçinin döyüş meydanında yağıya diz çökdürmək üçün hərbin sirlərinə mükəmməl yiyələnib.
Azərbaycanın tarixində yeni bir səhifə açan 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan kimi əlinə silah alıb qorxmadan düşmənin üstünə gedib. Hər qarış torpaq naminə böyük inamla vuruşa-vuruşa, yağıya diz çökdürə-çökdürə qələbəyə doğru addımlayıb. Endirdiyi sarsıdıcı zərbələri nəticəsində dığalar xeyli canlı qüvvə, döyüş texnikasını itirib. Murovdağ, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən ölüm-dirim savaşında göstərdiyi igidlik dillərdən düşməyib . 10 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Özü dünyadan vaxtsız getsə də, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə canı və qanı bahasına möhtəşəm bir tarix yazıb. Bu tarixlə Vüqar milyonların qəlbində sonsuzadək yaşayacaq.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər